Ağdamın “Qarabağ” klubunun öz tarixinin rekordunu təkrarlaya bilər.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu bunun üçün Avropa Liqasının qrup mərhələsinin son oyununda məğlub olmamalıdı.
Dekabrın 8-də İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək Qurban Qurbanovun yetirmələri uduzmasa, ev oyunlarındakı məğlubiyyətsizlik seriyasını 6-ya çatdıracaq. Bu isə klub tarixinin ən yüksək göstəricisinin təkrarıdı.
“Qarabağ” avrokuboklardakı çıxışları ərzində 3 dəfə altı oyunluq ev məğlubiyyətsizliyi yaşayıb. Bunlar 2009-10, 2011-13 və 2014-15-ci illərə təsadüf edib.
Ağdamlılar sonuncu dəfə ötən mövsüm qrup mərhələsinin “Tottenhem”lə Bakıdakı matçında uduzmuşdu – 0:1. Cari mövsüm isə Çempionlar Liqasında “Düdelanj” (2:0) və “Viktoriya” (1:1), Avropa Liqasında isə “Höteborq” (3:0), “Slovan” (2:2) və PAOK-a (2:0) yenilməyən “ağ-göylər” məğlubiyyətsizliyi 5 oyuna çatdırıb.
Qeyd edək ki, Azərbaycan klublarının mütləq rekordu “Neftçi”yə məxsusdu. Bakılılar 2000-2012-ci illərdə ardıcıl 14 ev qarşılaşmasında yenilməyib.(Apasport.az)