Taekvandoçularımız beynəlxalq turniri bir qızıl medalla başa vurub

13:52 11 Dekabr 2016

Bakıda keçirilən taekvando üzrə Qran-pri yarışının final mərhələsinə dekabrın 10-da yekun vurulub.


Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə daha dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.


Azərbaycan yığma komandası iki gün davam edən Bakı Qran-prisində üç çəki dərəcəsində 5 taekvandoçu ilə təmsil olunub. Aktivinə bir qızıl medal yazdıran millimiz üçün turnirin birinci günü uğurlu olub. Taekvandoçumuz Milad Beigi Harçeqani (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək beynəlxalq yarışın qalibi olub.


Sonuncu gündə isə dayanq üzərinə çıxan taekvandoçularımız ilk döyüşlərini məğlubiyyətlə başa vurublar.


Əvvəlcə Olimpiya çempionumuz Radik İsayevin (+80 kq) yarışda debütü uğurlu alınmayıb. Öz çəki dərəcəsində lider olan R.İsayev gözlənilmədən Roman Kuznetsova 0:3 hesabı ilə uduzub.


Turnirdə ölkəmizi təmsil edən yeganə xanım taekvandoçumuz Yaprak Eriş (57 kq) səkkizdəbir finalda Hedaya Malakla (Misir) qarşılaşıb. Döyüş rəqibin üstünlüyü ilə keçib və idmançımız yarışdakı çıxışını erkən başa vurub.


Dünya reytinqində 12-ci yerdə qərarlaşan Ayxan Tağızadə (68 kq) isə Koreya Respublikasından olan idmançı Seok-Bae Kimlə görüşdə uduzaraq mübarizəni dayandırıb.


Beləliklə, Azərbaycan yığması 47 ölkədən 128 taekvandoçunun mübarizə apardığı Qran-pri turnirini bir qızıl medalla başa vurub.


Digər xəbərlər

Xəbər xətti