Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qəbələ" - AZAL matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.
- Komanda fasilədən sonra yaxşı təsir bağışladı. Hər halda 3-5-2 sisteminə keçməyiniz öz sözünü dedi. Növbəti oyunlarda da bu sistemdən istifadə edəcəksiz?
- Deməzdim ki, bu sistemlə oynamağa çıxdıq. Sadəcə, müdafiəçilərə bəzi tapşırıqlar verdik ki, bu da kənardan belə göründü. Bu sistemlə çox oynamışam. Məğlub da olmuşam.
- Fasilədə futbolçulara nə dediz ki, ikinci hissədə daha fərqli oyun nümayiş etdirdilər?
- Dəyişməli olan çox şey yox idi. Sadəcə, hücuma atılmağı tapşırdım. Nəticədə xeyli qol imkanlarımız oldu. Bu, bir tərəfdən yaxşıdı. Amma digər tərəfdən bunları reallaşdırmaq da lazımdı.
- Məhəmməd Mirzəbəyov mövsümün əvvəlində əsas heyətin əvəzedilməz futbolçusu olsa da, indi onu görmürük. Problem futbolçunun özündədi, yoxsa başqa səbəbi var?
- Zədəyə yaxın problemi var. Buna görə də risk etmək istəmirik. Çünki durumu ciddiləşə bilər.
- Qarşıdan qış fasiləsi gəlir. İndidən kimin gedəcəyini, kimin gələcəyini müəyyənləşdirmisiz?
- Bunu planlaşdırmaq çətindi. Belə cəhdlər olacaq. Qış transfer dönəmində futbolçu tapmaq çətindi. Buna görə də komandanı gücləndirmək çətinləşir. İyun-iyul ayında yeni komanda yaratdıq. Amma bu, hər zaman baş verməyə bilər. Sistemli oynadıq və Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədik. Bu, möcüzə idi. Gərək sistemli şəkildə çıxış edəsən.(futbol11.az)