“Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsi
- Yaşar müəllim, uzun illər Azərbaycan futbolunda təmsil olunursunuz. Fikriniz maraqlıdır: futbolumuzun bügünkü mənzərəsi ürəyaçandırmı?
- 2016-cı il futbolumuz üçün bir neçə əlamətdar hadisə ilə yadda qaldı. Birinci milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışını qeyd etmək olar. “Qarabağ” və “Qəbələ”nin Avroliqadakı çıxışları da qənaətbəxş idi. Əliyar Ağayevin Avroliqada mühüm oyunları idarə etməsini da vurğulamalıyıq. Budaq Nəsirovun Portuqaliyanın “Sportinq” klubuna keçidi də sevindirici haldır. Nəhayət, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədliyinin irəli sürülməsi. Bu hadisələr futbolumuz üçün əlamətdardır.
- Ancaq çempionatımızın səviyyəsi haqda bu cür nikbin danışmaq olmaz.
- Düzdür, çempionatımızda komandaların sayı azdır. Ancaq rəqabət var. Düşünürəm ki, qış fasiləsindən sonra çempionatın səviyyəsi bir qədər yüksələcək.
- “Qarabağ” və “Qəbələ”nin uğurlu çıxışından danışdınız. Sizcə, komadalarımızın daha irəli gedə bilməsi üçün nə çatmadı?
- Məncə, “Qarabağ” və “Qəbələ” daha güclü legionerlər transfer etməlidir. Heyətində Avroliqa təcrübəsi olan futbolçu çox olsa, komandalarımız irəli gedə bilərdi. Hər iki komandanın baş məşqçisi mətbuat konfransında bu haqda bildirdi. Onlar komandanın gücləndirilməli olduğunu qeyd etdi. Bəli, etiraf etməliyik ki, çempionatımızın istənilən səviyyədə olmaması da klublarımızın Avroliqadakı çıxışına təsir edir.
- Azərbaycanda ilin məşqçisi üzrə seçim aparılır. Sizin namizədiniz kimdir?
- Qurban Qurbanov və Robert Prosineçkinin nailiyyətlərini qeyd etməliyik. Ümumi götürsək, Prosineçkini ilin məşqçisi adlandırardım. Çünki milli komanda səviyyəsində qazanılan nəticələr Azərbaycan futbolçu üçün çox önəmlidir.
- “Bakı”nın akademiyasında vəziyyət necədir?
- Hazırda 2007, 2008 və 2009-cu il təvəllüdlü uşaqlarımız aşağı yaş qrupları üzrə liqalarda çıxış edir. Ancaq digər yas qrupları üzrə liqalarda futbolçularımız iştirak edə bilmir. Sözsüz ki, bu da maliyyə problemi ilə bağlıdır.
- “Bakı” həvəskarlar liqasında necə çıxış edir?
- Komandamız 2 oyun keçirib. Bir heç-heçə, bir qələbəmiz var. Komanda akademiyamızın gənc futbolçularından qurulub. Ümidimizi üzmürük. Hər halda biz sevdiyimiz sənətlə - futbolla məşğuluq. İnanırıq ki, hazırda akademiyamızda olan futbolçular da gələcəkdə milli komandalarımızda çıxış edəcək. Necə ki, hazırda çıxış edirlər.
- Ötən müsahibənizdə bildirmişdiniz ki, “Bakı”nın borclu olduğu futbolçularla danışıq aparmaq üçün bir il vaxtımız var. Həmin futbolçularla danışıqlar necə gedir? Yola gəlirlər?
- Şifahi olaraq müəyyən danışıqlar aparırıq. Bəli, müəyyən razılıqlar var. Onlar da kluba doğru addım atırlar. Ancaq razılaşdırılmış müəyyən məbləğlər var ki, onları alacağı təqdirdə öz şikayətlərini geri götürəcəklər.
- Bir neçə gün əvvəl klub prezidenti Hafiz Məmmədov yaxın vaxtlarda “Bakı”nın bərpa olunacağı açıqlamışdı. Ümidverici nəsə varmı?
- Bu məsələlərin nə vaxt həllini tapacağı haqda dəqiq söz deməyə çətinlik çəkirəm. (Qol.az)