Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatına qovuşub.
Sportarena.az xəbər verir ki, topladığı 47 səslə 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilən 44 yaşlı mütəxəssis tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov əvvəlcə ilin ən yaxşı məşqçisi adına layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb: “Bu nominasiyada məni qalib saydığınız üçün hər birinizə təşəkkür edirəm. İlin məşqçisi seçilmək, uğurlu nəticələr qazanmaq hər bir məşqçinin arzusudu”.
- Ötən illə müqayisədə bu dəfə rəqabət daha güclü idi. Milli komandamız DÇ-2018-in seçmə mərhələsində 7 xal topladı, “Qəbələ” ardıcıl ikinci dəfə Avropa Liqasının qrupuna vəsiqə qazandı. Bunun fonunda səsvermə zamanı böyük fərqlə qalib gəlməyiniz sizin üçün sürpriz olmadı?
- Açığı, sürpriz oldu. Mən də Robert Prosineçkini bu ada layiq görürdüm. Məni seçdiyiniz üçün bir daha təşəkkür edirəm. Amma Prosineçkinin də burda olmasının tərəfdarı olardım.
- Hər məğlubiyyətdən sonra deyirsiniz ki, bundan nəsə öyrənirəm. Bəs Avroliqada bu dəfə qrupda qalmaqdan nə öyrəndiniz?
- Çox şey öyrəndim. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəm.
- Sizi məşqçi kimi, iki dəfə kövrələn görmüşük: bir dəfə çempion olanda, bir dəfə isə Rəşad Sadıqov “Slovan”la Bakıdakı qarşılaşmada bərabərlik qolunu vuranda. Bəs bizim görmədiyimiz elə bir an olubmu ki, sevincdən kövrəlmisiniz?
- Bəli, o qədər olub.
- Elə bir oyun varmı ki, “kaş o görüşdə səhvlərə yol verməzdik” deyirsiniz?
- Çox olub belə oyunlar. Təbii ki, bu haqda düşünmək, qərar qəbul etmək sonra gec olur. Amma hər bir məğlubiyyət böyük təcrübə qazandırır. Düşünürəm ki, bu səhvlərin sayı get-gedə azalır.
- Klub rəhbərliyi bildirmişdi ki, komandanın qrupdan çıxmasını gözləyirdik. Hər hansı bir irad, narazılıq oldumu?
- Yox, olmadı. Rəhbərliklə daim ünsiyyətdə oluruq, onlar hər şeyi çox gözəl başa düşürlər. Həmişə söhbət zamanı komandanın növbəti ildə daha güclü olması, uğur qazanması barədə fikir mübadiləsi aparmışıq, bunun yollarını müzakirə etmişik.
- Sizə görə, “Qarabağ”da ilin futbolçusu kimdi?
- Açığı, konkret deyə bilmərəm kimdi. Amma ümumi keçilən yolları düşünsək, mən Rəşad Sadıqovu seçərdim. Çünki o, həm milli komandada, həm də “Qarabağ”da çox böyük fədakarlıq göstərdi. Rəşadı bu ada layiq görürəm.(apasport.az)