"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 14-cü turunda qarşılaşacaqları "Zirə" ilə oyunöncəsi müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Sabah sizi "Zirə" ilə çempionatda ilin son oyunu gözləyir. Hava şəraiti bu oyuna hazırlaşmağınıza mane olmur?
- Xeyr. Hava düzəlir. Heç kimi oyunu ləğv etməyəcək. Odur ki, hazırlaşmalıyıq. Kubok matçından sonra fasilə oldu, daha sonra hazırlığa başladıq. Süni örtükdə hazırlaşmağa alışmışıq. Təbii ot örtüyündə oynadıqdan sonra bir qədər yorğunluq var idi. İndi bərpa olmalıyıq.
- "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra çətin olmadı?
- Bunu unutmağa çalışırıq. Komandanın üzərinə çox getmək olmaz. Əks halda bu, "Zirə" ilə oyunun hazırlığına təsir göstərə bilər. Xoşagəlməz hesabdır. Amma bu soyuq duş komandaya müsbət təsir də göstərə bilər.
- Sizə elə gəlmir ki, həddən artıq soyuq duş oldu?
- Hər bir klubun başına belə iş gələ bilər. "Qarabağ" da "Fiorentina"ya 1:5 hesabıyla uduzmuşdu. Demirəm ki, bundan sonra belə nəticələrimiz olmayacaq. Səviyyə baxımından problem var.
- Belə demək olar ki, "Qarabağ" sizdən altı dəfə güclüdür?
- Mən hətta 10 dəfə güclü olduğunu deyərdim. Bu, reallıqdır, bundan qaçmaq olmaz.
- Adətən belə məğlubiyyətlərdən sonra özünüzü başqa cür aparırdınız. Amma bu dəfə çox sakit görünürsünüz...
- Oyundan sonra paltardəyişmə otağına gedəndə dişimi dişimə tutdum ki, sakit olacağam. Başa düşürəm ki, mövsümün ilk yarısını dördüncü pillədə başa vura bilərik. Belə bir vacib oyun öncəsi sakit olmağımız lazımdır. Psixoloji baxımdan bizim üçün çox vacib oyundur.
- "Zirə" artıq ötən mövsümkü komanda deyil...
- İndi biz də yaxşı vəziyyətdə deyilik. Amma özümüzü yaxşı tərəfdən göstərmək və qələbə qazanmaq istəyirik.
- Komandanın ustalıq problemini qışda necə həll etməyi düşünürsünüz?
- Heyətə əl gəzdirəcəyik. Daha çox dəyişiklik etmək istəyərdik. Amma bu, o qədər də asan deyil. Çünki maliyyə imkanımız o qədər də yaxşı deyil.
- Vaqif Cavadovun "Sumqayıt"da liderə çevrilməsi gözlənilsə də, alınmadı. Niyə?
- Zədə onun əvvəlki formasını bərpa etməsinə mane olur. Həm də problem təkcə onun özündə deyil. (Azerisport.az)