"Neftçi"nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev azerisport.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Ötən futbol ilini siz necə qiymətləndirə bilərsiniz?
- Klub futbolu dağılmaqdadır. Mənim dövrümdə yeddi komanda çempionluğa oynadığı halda, indi Premyer Liqada cəmi səkkiz klub mübarizə aparır. Çempionluq uğrunda cəmi iki klub - "Qarabağ" və "Qəbələ" mübarizə aparır. İnkişafdan söhbət gedə bilməz.
- Axı beynəlxalq arenada hər şey o dərəcədə pis deyil...
- Razıyam. "Qarabağ"ın uğurları var, Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışı da qeyd oluna bilər. Belə bir çempionatımız olarkən yaxşı çıxış edirik. "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə daşımaqla Azərbaycan futbolunu yeni səviyyəyə çıxardım. Əlim yüngül oldu (gülür). "Qarabağ"a da yeni tarix yazmaq üçün azacıq nəsə çatmadı. Amma bu, Qurban Qurbanovun yox, klub rəhbərliyinin günahıdır. Onlar bunun üstündə düşünməlidirlər.
- Sizcə, ilin ən yaxşı məşqçisi kimdir?
- Birmənalı olaraq, Qurban Qurbanov.
- İlin futbolçusu?
- Yaxşı futbolçularımız var. İlk növbədə Qara Qarayevlə Maksim Medvedevi qeyd edərdim. Amma Qarayev mənə görə, daha yaxşıdır. Bu insan meydanda hamıdan çox çalışır. Əsl müasir futbol sərgiləyir. Mənim də "Neftçi"də elə oyunçum var idi - Erik Ramos. Qarayevlə Ramos kimi dayaq yarımmüdafiəçisi Azərbaycan futbolunda olmayıb.
- Sizi ən çox məyus edən kim oldu?
- "Neftçi". Burada şərh ediləsi də bir şey yoxdur.
- Bəs sizi nə vaxta kimi işsiz görəcəyik?
- AFFA Məşqçilər Komitəsindəyəm. Amma bu iş məni qane etmir. Məşqçi işləmək istəyirəm, buna hazıram. Mən vaxtilə Azərbaycanda çempion olanda yeddi komanda qızıl medallar uğrunda mübarizə aparırdı. İndi isə bu, daha da asandı.
- Sizə elə gəlmir ki, karyeranızı başa vurmaq zamanı gəlib?
- Yaxın müddətdə təklif almasam, bu barədə düşünəcəyəm. Mən peşəkar məşqçiyəm. Yaxşı göstəricilərim var. Bütün bunlara rəğmən işsiz qalmışamsa, deməi, bizim ölkədə futbolu anlamırlar.