Xəyal Zeynalov: "Bizim dövrlə bu gün arasında böyük fərq var"

22:50 16 Dekabr 2016

"Dünya futbolunda nələr cərəyan edirsə, bizdə ona uyğun davranırıq. Müasir futbolda qapıçının vəzifələri nədirsə, bizdə uşaqlara onları öyrədirik. Məşq planlarımızı elə qururuq ki, uşaqlar yaxşı inkişaf etsinlər və irəliləyişləri sürətli olsun."

Bu sözləri sportarena.az saytına açıqlamasında "Vətən" futbol məktəbinin qapıçılarla işləyən məşqçisi Xəyal Zeynalov deyib. Futbol karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olan Zeynalov 4 ildir bu peşə ilə məşğul olduğunu deyib. Zeynalov keçmişlə bu günü müqayisə edərək, indiki inkişafdan danışıb.

"Bizim dövrlə bu gün arasında böyük fərq var. Bizim zamanda qapıçılarla işləyən məşqçi yox idi, belə şərait yox idi. Bu səbəblərdən çox əziyyət çəkirdik. Amma indi futbol öyrənmək, inkişaf etmək üçün hər cür şərait var. Həvəsi və bacarığı olan uşaqlar yaxşı futbolçu ola bilər."

Zeynalov "Vətən" futbol məktəbindəki fəaliyyətindən də danışıb:

"Bütün yaş qruplarında komandalarımız var. Ancaq mən U- 14, U- 15, U- 16 yaş qruplarında qapıçılarla işləyirəm. Bundan başqa "Vətən" futbol məktəbinin nəzdində "Gənc qapıçılar klubu" yaratmışıq. Həftədə iki dəfə də onlarla məşğul oluram. Azərbaycanda qapıçılarla işləyən klub yoxdur. Bu şəraiti yaratdığı üçün Təhsil Nazirliyinə və "Vətən" futbol məktəbinə təşəkkürümü bildirirəm. Və fürsətdən istifadə edib bütün gəncləri  "Gənc qapıçılar klubu"muza dəvət edirəm."


Digər xəbərlər

Xəbər xətti