"Neftçi" Premyer Liqanın 14-cü turunda AZAL-a 0:1 hesabı ilə uduzub.
Sportarena.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunda yalnız biz hücum edirdik. Müdafiədə AZAL-a boşluq verdik, bundan istifadə edərək qol vurdu. Belə oyunlarda çox vaxt bu cür olur ki, bir komanda hücum edir, digəri sonda qol vuraraq qalib gəlir. Biz qol imkanlarımızdan istifadə edə bilmədik. Futbolun da yazılmayan qanunu var ki, vurmayana vurarlar.
- Səncə, AZAL-ın qalib gəlməsi ədalətsizdir?
- Rəqibin qələbəsinə kölgəsi salmağı əsla istəmirəm. AZAL da həvəslə oynadı. Ancaq bizdə qələbə istəyi daha çox idi.
- Sözlərindən belə çıxır ki, rəqib qələbəyə layiqli deyildi?
- Deməzdim. Belə şey söyləmək istəmirəm. Qalib gəldilərsə, deməli, buna layiq idilər.
- "Neftçi"də hələ də qeyri-sabitlik var. Kubokda "Zirə"yə səfərdə böyük hesabla qlaib gəlirsiniz, ancaq çempionatda evdə autsayderə uduzursunuz. Bunun səbəbini müəyyənləşdirə bilmisinizmi?
- Heç özümüz də bilmirik ki, nə olub, nə məsələdir. Əsas odur ki, baş məşqçinin və azarkeşlərin qarşısında məyus olduq. "Zirə" ilə kubokda yaxşı oynayarıq. Düzdür, məsələni 50 faiz həll etsək də, yenə heç olmasa qələbə olar və bugünkü məğlubiyyəti yaddan çıxardarıq.
- Azarkeşlər son pillənin sahibinə öz meydanınızda məğlubiyyəti sizə bağışlayarmı?
- Onlar bizə nəyi bağışlamayıblar ki, bunu da bağışlamasınlar. Azarkeşlərimiz komandanın yanında 1 günlük deyillər. Bundan da çətin günlərimiz olub, ancaq həmişə dəstək olublar.
- Yenə sonradan meydana çıxdın və öz oyununda da qeyri-sabitlik var. Bəs bu, nəylə bağlıdır?
- "Zirə" ilə kubok matçında zədəli olduğumdan kənarda qalmışdım. Çünki "Şərurspor"la kubok oyununda xəsarət almışdım. Bir oyun buraxandan sonra bu dəfə ikicni hissədə meydana çıxaraq oynadım. Sağ olun baş məşqçimiz Elxan Abdullayev, mənə çox inanır. Gələcək matçlarda, yanvarda təlim-məşq toplanışında özümü doğruldaram. İstəyərəm ki, mənə inamı itməsin. Bir də azarkeşlərimizdə üzümü tutub deyirəm ki, həmişə yanımızda olduqlarına görə sağ olsunlar.
- Hətta belə şaxtalı-qarlı havada, şəhərdən uzaqda olan stadiona da gəlib sizi dəstəklədilər...
- Bəli. Bunun haqqı heç vaxt ödənilməz. Neçə ildir burdayam, "Neftçi"nin azarkeşləri kimi sadiq azarkeşlər görməmişəm.
- Onlardan bu məğlubiyyətə görə üzrxahlıq etmək istəyərdinmi?
- O qədər üzrxahlıq etmişik ki...
- Yəni, bu artıq adiləşib...
- Yox, belə deməzdim. Sadəcə, üzrxahlıq etməyə artıq üz qalmayıb. Adam ən azından onlara görə pis olur, həm də baş məşqçimizə heyfi gəlir. Bu qədər gözəl mütəxəssis, gözəl insandır, ancaq heyf ki, istədikləri olmur.
- Bütün diqqəti artıq kuboka yönəldəcəksiniz? Ümumiyyətlə, bu çempionat "Neftçi"yə lazımdırmı?
- Deməzdim ki, kubok çempionatdan ön plana keçib. Dekabrdan sonra hər şey ola bilər. Qış fasiləsində çempionatın üçüncü dövrəsinə yaxşı hazırlaşacağıq. (Sportnet.az)