Vladislav Lemiş: "Hər yerdə bakılı olduğumu deyirəm"

12:33 18 Dekabr 2016

DÜNYA ÇEMPİONUMUZ 26 il ƏVVƏL AZƏRBAYCANI NİYƏ TƏRK EDİB?


Azərbaycan futbolu tarixi ərzində onlarla istedadlı futbolçular yetişdirib. Onlardan ən məşhurları Anatoli Banişevski və Ələkbər Məmmədovdur. Hər ikisi müxtəlif vaxtlarda SSRİ yığmasının heyətində çıxış etsələr də, hansısa titul qazanmayıblar. Amma bu 2 dahidən daha az tanınan futbolçularımız var ki, dünya çempionu olublar. Onların sayı 3-dür - Arif Əsədov, Vladislav Qədirov və Vladislav Lemiş. 1987-ci ildə Kanadada 17 yaşlı futbolçular arasında keçirilən dünya çempionatında Azərbaycan futbolunun yetişdirdiyi bu “3-lük" SSRİ yığmasının heyətində birinciliyin qızıl medallarına sahib çıxıblar. Yaxın bir neçə ildə bu uğuru təkrarlamaq demək olar ki, mümkün deyil.

 

Dünya çempionlarımızdan Arif Əsədovla Vladislav Qədirov hazırda Bakıda yaşayır. Vladislav Lemiş isə 20 Yanvar hadisələrindən sonra Rusiyaya köçüb. O vaxtdan vətənə dönməyən Lemiş həm də Avropa klublarına transfer olunan ilk futbolçumuz kimi də tarixə düşüb. Bir müddət əvvəl Vladislav Lemişin həyatından bəhs edən yazı hazırlamış və ondan axır vaxtlar xəbər-ətər olmadığını bildirmişdik. Hətta bir ara Lemişin vəfat etdiyi barədə xəbərlər də yayılmışdı. Lemiş sağ-salamatdır. Hazırda Krasnodarda yaşayır. Onu tapmaq o qədər də çətin olmadı. Uşaqlıq dostu, bir vaxtlar komanda yoldaşı olan Vladislav Qədirov bu işdə bizə yardımçı oldu. Bakıdan zəng etdiyimizi biləndə çox sevindi. Sevindi ki, onu hələ unutmamışıq. O, necə, bizləri unudubmu?

 

- Vladislav Yuryeviç, necəsiniz?
- Təşəkkür edirəm. Zənginizə çox sevindim. Deməli, hələ yaddan çıxmamışam.

 

- Yaşlı nəslin yadındasınız. Amma gənclər Sizi yaxşı tanımırlar...
- O halda bir qədər özüm haqqında məlumat verim. 1970-ci il avqustun 20-də Bakıda anadan olmuşam. 17 yaşında SSRİ yığmasının heyətində dünya çempionu olmuşam. Həmin ərəfədə “Neftçi"yə cəlb edilmişəm. 1990-cı ildə müəyyən səbəblər üzündən ailəmlə Rusiyaya köçmüşəm. Rusiyanın müxtəlif komandalarının, həmçinin, İspaniyanın “Espanyol" komandasının futbolçusu olmuşam. SSRİ-nin U-17 yığma komandasından başqa həm Rusiya, həm də Azərbaycan yığmasında oynamışam. Hərəsində 1 oyun olsa belə...

 

- Bəlkə bir qədər uşaqlığınızdan, ailənizdən, futbola gəlişinizdən danışaq?
- Bakının mərkəzində yaşayırdıq. Atam Yuri Alekseyeviç həndbolçu idi, Azərbaycan yığmasının üzvüydü. Anam Lyubov Nikolayevna da həndbolçu olub. Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda idman müəllimi işləyirdi. Ailənin tək, özü də çempion övladıyam (gülür). 7 yaşımda 6 saylı məktəbin 1-ci sinfinə getmişəm. Sonradan Əhmədliyə köçdük. Ona görə məktəbimi dəyişməyə məcbur oldum, 260 saylı məktəbə keçdim. Futbolla 7 yaşından məşğul olmağa başlamışam. İndiki Tofiq Bəhramov adına Respublika Stadionunun yerləşdiyi yerdə Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin balansında olan uşaq futbol məktəbi fəaliyyət göstərirdi. Məşqçi Ələkbər Cəfərov idi. “Neftçi"yə düşənə kimi Ələkbər müəllimin rəhbərliyi altında məşq keçmişəm.

 

- Bakı yadınızda necə qalıb?
- Bakını çox yaxşı xatırlayıram. Gəzdiyim yerlər indi də gözlərim önündədir. Əhmədlini heç unutmaram. Orada sevimli yerlərimiz çox idi. Hətta metro stansiyalarının adlarını əzbərdən deyə bilərəm. Bizim vaxtla müqayisədə Bakının çox dəyişdiyindən, şəhərin böyüdüyündən xəbərdaram. Yeni metro stansiyaları var, yeni bulvar salınıb, binalar tikilib... Bakını unutmaq mümkün deyil. Axı, ora mənim doğma şəhərimdir.

 

- Sovetlər dönəmində Azərbaycandan hansısa futbolçunun SSRİ yığmasına düşməsi müşkül məsələ idi. Necə oldu ki, gənclər yığmasının diqqətini cəlb edə bildiniz?
- SSRİ yığmasından əvvəl Azərbaycanın 14 yaşlı futbolçulardan təşkil olunmuş yığmasına düşmüşdüm. Ümumittifaq səviyyəli turnirlərdə tez-tez iştirak edirdik. Gənclər yığmasının məşqçisi Peskaryov mən, Arif Əsədov və Vladislav Qədirovun oyununu bəyəndi və bizi komandaya dəvət elədi. Yəqin ki, yaxşı oynayırdıq deyə, yığmaya çağırdı. Azərbaycan yığması bizim üçün tramplin rolunu oynadı.

 

- Dünya çempionluğu “Neftçi"yə yolunuzu açdı...
- “Neftçi"nin məşqçiləri şəhər birinciliyində oynayan komandaların oyunlarını həmişə izləyirdilər. Azərbaycan yığmasında oynayırdıq deyə, bizə ikiqat diqqət yetirilirdi. SSRİ-nin gənclər yığmasına dşməyimiz və dünya çempionu olmağımız “Neftçi"yə çağırılmağımıza əsas verirdi. Belə də oldu. Əvvəlcə komandanın əvəzedici, daha sonra əsas heyətində oynadıq.

 

- “Neftçi"də ilk oyununuz və qolunuz yadınızdadır?
- Hansı komandaya qarşı oynadığım dəqiq yadımda deyil. İlk oyunuma əvəzedici heyətdə çıxmışam. Amma ilk qolumu yaxşı xatırlayıram. Federasiyalar Kubokunda Tiflisdə “Dinamo"ya qarşı oynayırdıq (“Dinamo" T - “Neftçi" 2:3. 29 may 1988-ci il. - İ.T.). Rəqibin qapısını məşhur Otar Qabeliya qoruyurdu. Həmin oyunda sevimli “Neftçi"nin forması ilə fərqlənmişdim. Qabeliya kimi qapıçıya qol vurduğuma görə daha çox sevinirdim.

 

- Bəs, “Ararat"la oyunlar necə?
- Atam futbol azarkeşi idi. Mən uşaq olanda özü ilə tez-tez stadiona aparırdı. “Neftçi"yə azarkeşlik edirdi. Onun doğma komandaya olan sevgisi mənə də keçmişdi. “Ararat"la oyunlar onun yadında qalar. Mənə gəlincə, doğrudur, “Neftçi"də olduğum müddətdə “Ararat"a qarşı oynamışam. Amma digər oyunlarla müqayisədə hansısa fərqlilik hiss olunmayıb. Adi çempionat oyunu kimi yadımda qalıb.

 

- Azərbaycanı tərk etməyinizin səbəbi nə idi?
- Atam əslən bakılıdır. Anam isə Rusiyanın Krasnodar vilayətində doğulub. Rusiyaya köçməyimizin təşəbbüskarları valideynlərim olub. Ana nənəmin xəstə olması başlıca səbəb idi. Mən o vaxt məktəbi yeni bitirmişdim. Gənc idim, ailəmlə birlikdə Rusiyaya köçməli oldum. 1987-ci ildə “Neftçi"in əvəzedici komandasında oynayanda  əsas komandanın baş məşqçisi Yuri Aleksandroviç Sevidov idi. Sonradan “Neftçi"dən ayrılmışdı. Biz Rusiyaya köçəndə o, Volqoqradın “Rotor" komandasını çalışdırırdı. Məni komandaya dəvət elədi, beləcə, ailəmlə Rusiyada qalası oldum.

 

- Siz dünya çempionu adını qazanmış 3 futbolçumuzdan birisiniz. Kanadadakı çempionluğu necə xatırlayırsınız?
- Belə şeylər ölənə kimi yaddan çıxmaz. Bütün oyunlar yadımdadır. Qrup mərhələsində ilk oyunda Nigeriya ilə heç-heçə etmişdik - 1:1. 2-ci oyunda Meksikaya 7 top vurduq. Qrupda sonuncu oyun Boliviya ilə idi. Onları da 4:2 hesabı ilə məğlub edərək qrupda 1-ci yeri tutduq. Meksika ilə oyunda Vladislav Qədirov, Boliviya ilə qarşılaşmada isə Arif Əsədov qol vurmuşdu. 1/4 finalda Fransa ilə qarşılaşdıq. Çempionatda ən çətin oyunumuz onlara qarşı olsa da, 3:2 hesabı ilə qalib gəldik. Yarımfinaldakı rəqibimiz Fil Dişi Sahili idi. Onları asanlıqla məğlub edərək finala çıxdıq. Afrikalılarla oyunda səhv etmirəmsə, hesab 5:1 oldu. Finalda Nigeriya ilə 2-ci dəfə qarşılaşdıq. Oyun yenə də heç-heçə başa çatdı - 1:1. Penaltilər seriyasında biz daha dəqiq olduq və çempion adını qazandıq. 16-17 yaşlı uşaq üçün bu, çox böyük uğur idi. Çox xoşbəxt idik. Maraqlıdır ki, SSRİ-də bizdən başqa heç bir komanda bu yaşda dünya çempionu olmayıb. Yeri gəlmişkən, həmin çempionatda 2 oyunda - Meksika və Boliviya ilə oyunlarda iştirak etmişdim.

 

- Siz həm də “Spartak"ın tarixinə düşmüsünüz.
- Hə, Rusiya çempionatları tarixində “Spartak"ın qapısına ilk qolu mən vurmuşam. Rəqibin müdafiəçisinin ötürməsini ələ keçirib cərimə meydançasına kimi irəlilədim və zərbə vurdum. Qapıda məşhur qolkiper Stanislav Çerçesov dayanmışdı. Heç nə edə bilmədi. Həmin qolun videosunu internətdən izləmək mümkündür. Təəssüf ki, həmin oyunda sonradan 2 qol buraxaraq məğlub olduq.

 

- SSRİ, Rusiya və Azərbaycan yığmasında oynamış yeganə futbolçusunuz. Üstəlik, Rusiya və Azərbaycan yığmasında cəmi 1 oyunda iştirak etmisiniz. Davamiyyətin olmaması nə ilə bağlı idi?
- SSRİ-nin U-17 komandasında oynamışam. Olimpiya və əsas yığmada çıxış etmək qismət olmayıb. Rusiya millisində 1992-ci il avqustun 16-da Meksika ilə oyunda sonradan meydana çıxmışam və 2:0 hesabı ilə qalib gəlmişik. Həmin vaxt “Espanyol"la müqavilə imzalamışdım və İspaniyaya bilet almışdım. Meksika ilə oyundan sonra ora yollandım. “Espanyol" məni Sequndada çıxış edən “Palamos"a icarəyə verdi. Yəqin ki, bu amil yığmanın məşqçilərinin diqqətindən kənarda qalmağıma səbəb oldu. Azərbaycan yığmasına gəlincə, 1994-cü ildə Malta ilə oyunda iştirak etmişəm. Artıq, Rusiyaya qayıtmışdım və ÇSKA-da oynayırdım. Bakıdan mənimlə əlaqə saxladılar və Azərbaycanın adından oynamağı təklif etdilər. Onsuz da Rusiya yığmasına düşmək perspektivim az idi deyə, razılaşdım. Təəssüf ki, Malta ilə oyunda 0:5 hesabı ilə məğlub olduq. Bundan sonra məni bir daha yığmaya çağırmadılar. Səbəbini məşqçilər daha yaxşı bilər.

 

- Yeri gəlmişkən, İspaniya karyeranız o qədər də uğurlu alınmayıb.
 
- Bir qədər əvvəldən başlayım. Volqoqraddan sonra Krasnodara köçdük və yerli “Kuan"la müqavilə bağladım. 3 il bu komandanın şərəfini qorudum. SSRİ-nin sonuncu çempionatında 1-ci dəstədə çıxış edirdik. Komandanın vurduğu 40 qolun 21-i mənim aktivimdə idi. Yəni, pis formada deyildim. Bu göstərici yüksək dəstə komandalarının diqqətini çəkmişdi və eyni vaxtda Moskvanın bir neçə təmsilçisindən, o cümlədən “Lokomotiv", “Torpedo", “Dinamo"dan təklif aldım. “Kuban" məni buraxmaq istəmirdi, məni transfer etmək istəyən komandalardan böyük məbləğdə pul tələb edirdi. Mövsüm başlamamışdan əvvəl Moskvaya getdim və bir müddət “Torpedo"da məşq elədim. Amma “Torpedo" “Kuban" rəhbərliyinin tələb etdiyi pulu verə bilmədi və məcbür olub Krasnodara qayıtdım. Rusiyanın ilk çempionatı başlamışdı və “Kuban" Premyer Liqada oynayırdı. Həmin vaxt “Spartak" ölkənin ən güclü komandası idi. Qarşısına keçəni “əzirdi". 3-cü turda onlarla “Lujniki"də qarşılaşdıq və bayaq haqqında danışdığım qolu vurdum. Bundan sonra mənə qarşı diqqət daha da artdı. Özü də təkcə Rusiyadan deyil, xaricdən də. Az sonra “Espanyol"dan sərfəli təklif gəldi. Bir müddət də “Kuban"da oynadıqdan sonra İspaniyaya getdim. 2 il “Espanyol"un futbolçusu olsam da, icarə əsasında “Palamos"da oynadım. Oradakı vəziyyət məni tam qane edirdi. Təəssüf ki, şəxsi agentimin qərəzi üzündən orada qala bilmədim. Məsələ bunda idi ki, “Espanyol" mənə yeni müqavilə təklif edirdi. Lakin agentim ÇSKA ilə danışıqlar aparmışdı və transfer vərəqəm verilmədi. Məcbür olub ÇSKA-ya gəldim. Daha sonra zədələr başladı. Əvvəl meniskus, daha sonra çarpaz bağlarından əməliyyat olundum. Bərpa prosesi uzun çəkdi. Bu da karyerama mənfi mənada təsir göstərdi.

 

- Və karyeranızda eniş başladı.
- Demək olar. Əsasən 1-ci dəstə komandalarında oynadım. “İzumrud", “Drujba" (Moykop), “Dinamo" (Stavropol)... 1997-ci ildə “Baltika"nın heyətində yenidən Premyer Liqada çıxış etdim və daha sonra Belorusun “Slaviya"sına keçdim. “Slaviya" ilə Belarus çempionu oldum. 29 yaşım var idi. Zədələr bezdirmişdi. Normal oynamağa imkan vermirdi. Həm də ailəmə, uşaqlara daha yaxın olmaq istəyirdim. Krasnodara qayıtdım və bir müddət vilayət birinciliyində oynadım.

 

- Eşitdiyimə görə, futbolsuz qaldığınız müddətdə bir ara hansısa zavodda işləmisiniz.
 
- Yox, Heç vaxt zavodda, fabrikdə işləməmişəm. Həmişə futbolun içində olmuşam. Atam zavodda işləyib. O da Bakıda. Bəlkə onunla məni səhv salıblar.

 

- İndi nə işlə məşğulsunuz?
- Hazırda Kuban Aqrar Universitetində dərs deyirəm. Universitetin yığma komandasının məşqçisiyəm. Həmçinin, Krasnodar vilayətinin çimərlik futbolu üzrə yığma komandasını çalışdırıram. Futboldan uzaq düşməmişəm.

 

- Heç ailəniz haqqında məlumat vermədiniz.
- Evliyəm. Daha doğrusu, evli olmuşam. 2 övladım var. Oğlum Stanislavın 25 yaşı var, iqtisadçıdır. Qızım Yuliya isə 22 yaşındadır. 2 il əvvəl baba olmuşam. Qız nəvəm Yeva 2 yaşındadır. Valideynlərimlə birgə yaşayıram. Hər ikisi təqaüdçüdür. 

 

- Azərbaycanla, Bakı ilə maraqlanırsınız?

- Əlbəttə. Özümü bakılı hesab edirəm. Hər yerdə bakılı olduğumu deyirəm. Bakını, Azərbaycanı çox sevirəm. Bakıda təşkil olunan “Avroviziya" və Avropa Olimpiya Oyunlarına böyük maraqla baxdım. Ümumiyyətlə, internet vasitəsilə ölkədə baş verənləri daim izləyirəm. Bakı üçün çox darıxmışam. Yaxınlarda Azərbaycana getmək fikrim var.

 

- Bəs, Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Bacardıqca yaxından izləməyə çalışıram. Futbolunuzda son illərdəki inkişaf göz önündədir. Komandalar Avropa Liqasının qrupunda oynadılar. Yığma komandanın da oyunlarına baxıram. Təəssüf ki, Şimali İrlandiyaya məğlub oldular. Həvəsdən düşmək olmaz.

 

- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?
- 1994-cü ildə. Üstündən 22 il keçib. Malta ilə oyundan əvvəl idi. Moskvadan Bakıya uçdum. Köhnə dostlarla görüşdüm. Yenidən Bakıda olmaq xoş idi. Futbolçu olduğu dövrdə vaxt olmurdu deyə, Azərbaycana gedə bilmədim. Sonradan isə... Hər dəfə ortaya bir problem çıxdı. İndi Azərbaycana getmək üçün vaxt ayırmağa imkan var. Gələn ilin aprel-may ayında məzuniyyət götürəcəm və mütləq vətənimə gedəcəm.

 

- Bakıdakı uşaqlıq dostlarınızla, komanda yoldaşlarınızla əlaqə saxlayırsınız?
- Hamısı yadımdadır. Sinif yoldaşlarımla demək olar ki, hər gün əlaqə saxlayıram. Komanda yoldaşlarımdan bəziləri ilə də həmçinin. Bir müddət əvvəl Vladislav Qədirov və Arif Əsədovla tapışdıq. Arada zəngləşirik. Bakıya gedən kimi hamı ilə görüşəcəm.

 

- Maraqlıdır, Bakıya gəldikdə ilk baş çəkmək istədiyniz yer hara olacaq?
- Böyüdüyüm yerlər. Şəhərin mərkəzindəki məhəlləmizi görmək istəyirəm. Əlbəttə, əgər sökülməyibsə. Bir də Əhmədliyə mütləq gedəcəm. Uşaqlığım, gəncliyim orada keçib. Şəhəri doyunca gəzəcəm. Yeni tikilmiş stadionlarda olmaq, əsasən də Tofiq Bəhramov adına stadiona getmək istəyirəm. Gələnə kimi sizin vasitənizlə bir neçə nəfərə salam göndərmək olar?

 

- Əlbəttə.
- İlk növbədə mənə futbolu öyrədən Ələkbər Cəfərova salamlarımı çatdırın. Daha sonra “Neftçi"dəki komanda yoldaşlarıma, uşaqlıq dostlarıma... Bütün Bakı sakinlərinə salamım var.

 

Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti