Əvvəlki yazımızda futbolla yanaşı idmanın müxtəlif növləri ilə məşğul olan uşaqlarda rast gəlinən Oskud-Şlyatter xəstəliyindən, onun yaranma səbəblərindən, müalicəsindən yazmışdıq. Mövzunu davam etdiririk. Bu dəfə Şeyerman-Mau və Haqlund-Şints xəstəliklərindən bəhs edəcəyik. Hər iki xəstəlik Oskud-Şlyatter xəstəliyi kimi uşaqlarda tez-tez müşahidə olunur və vaxtında müalicə olunmazsa...
Şeyerman-Mau xəstəliyi
Şeyreman-Mau xəstəliyi uşaqların sürətli inkişaf dövründə rast gəlinən onurğa sütunu xəstəliyidir. İlk dəfə 1920-ci ildə danimarkalı həkim Holger Verfel Şeyerman tərəfindən öyrənilmişdir. Xəstəlik daha çox idmanla məşğul olan 8-14 yaşlı uşaqlarda, daha dəqiq, həm oğlan, həm də qızlarda rast gəlinir. 14 yaşından yuxarı uşaq və gənclər nadir hallarda bu xəstəliklə üzləşirlər. Statistik məlumatlara görə, 1 faiz halda.
İnsanın onurğasında normalda bir neçə fizioloji əyrilik olur. Onurğanın döş nayihəsində əyilmə dərcəsi 20-40 faiz arası təşkil edir. Şeyerman-Mau xəstəliyi zamanı əyilmə 45 faizdən yuxarı olur ki, bu da döş boşluğundakı orqanların, o cümlədən ağciyər və ürəyin funksiyasının pozulmasına gətirib çıxara bilər. Bundan başqa onurğa sütununun əyilmə bucağı çoxaldıqca onurğa beyninin zədələnməsi ehtimalı da artır. Patoloji faktorlardan savayı xəstədə fizioloji problem də ortaya çıxır. Yəni, qozbellik yaranır. Xəstəlik adətən cinsi inkişaf dövrünə təsadüf edir. Xəstəliyin ilkin mərhələsində xəstə hansısa narahatlıq keçirmir. Ancaq xəstəlik inkişaf etdikcə bel nayihəsində ağrılar yaranır. Bundan başqa onurğa sütununun əyilməsi açıq-aydın hiss olunur, getdikcə deformasiyaya uğrayaraq “C" şəklini alır.
Müasir dövrümüzdə bu xəstəlik idmanla məşğul olan uşaqlarda tez-tez rast gəlinir ki, bu da orqanizmin düzgün fiziki yüklənməməsi nəticəsində ortaya çıxır. İdmanla məşğul olan uşaqlarda xəstəliyin yaranması ehtimalı daha yüksəkdir. Əlbəttə, əgər fiziki yükləmələr normadan artıq olarsa. Belədə onurğa sütunu üzərinə düşən yükü qarşılaya bilmir, inkişaf sürəti ilə yükləmə bərabər olmur. Onurğa sütununun əyilməsi əsasən 7-9-cu döş fəqərələrində müşahidə olunur. 10-cu döş və 1-ci bel fəqərəsi arasında da əyilmə ola bilər. Bu zaman əyilmə dərəcəsi 75 faizə qədər arta bilir. İdmanla məşğul olan 10-14 yaşlı uşaqların haradasa, 30 faizində bu patologiyaya rast gəlinir.
Şeyerman-Mau xəstəliyinin 3 dərəcəsi var. Erkən yaş dövrlərindəki latent dərəcə hesab olunur. Latent dərəcədə xəstəlik müalicə olunmazsa, növbəti 2-ci dərəcəyə keçir. 2-ci mərhələ 15-19 yaşlı uşaq və gənclərdə olur. 3-cü dərəcə 20 yaşından yuxarı insanlarda rast gəlinir və sonuncu mərhələ hesab edilir. Bu dərəcədə döş qəfəsinin həcmi 2 dəfəyə kimi azalır ki, bu da bayaq qeyd etdiyimiz kimi ağciyər və ürəyin funksiyasını pozmaqla yanaşı, həzm orqanlarına da mənfi təsir göstərir.
Şeyerman-Mau xəstəliyinin yaranmasının bir neçə səbəbi göstərilir - irsi faktor, qan-damar, sinir sistemində olan patalogiyalar, onurğa sütunun zədələnməsi və s. Tibbi terminlərlə sizi yormaq istəmirəm. Ən çox idmanla məşğul olan uşaqlarda Şeyerman-Mau xəstəliyi müşahidə olunur və uşaq futbolunda daha tez-tez rast gəlinən patologiyalardandır. Təsəvvür edin ki, hər 10 uşaqdan 3-də bu xəstəlik müxtəlif dərəcələrdə özünü göstərir. Qorxulu göstəricidir.
Bəs, Şeyerman-Mau xəstəliyinin müalicəsi mümündür? Müxtəlif müalicəvi üsullardan istifadə etməklə xəstəliyi aradan qaldırmaq olar. Xəstəlik latent dərəcədə müalicəyə daha yatımlıdır. Müalicə metodları xəstəyə uyğun olaraq müxtəlifdir. Onlardan biri hamımızın yaxşı tanış olduğu masajdır. Masaj zamanı onurğa sütunu ətrafında əzələlərdə qan dövranı yaxşılaşdırılır, əzələlər möhkəmləndirilir. Bu da onurğaya düşən yükü azaldır. Bundan başqa manual terapiya, müalicəvi idman, o cümlədən üzgüçülük, velosiped sürmək də xeyirlidir. Bu hallarda da onurğaətrafı əzələlər möhkəmlənir. Amma belə xəstələrə qaçmaq, tullanmaq qəti surətdə qadağan olunur. Fizioterapiya üsulu ağrıları azaldır. Ümumiyyətlə, müalicə üsulları çoxdur. Əksəriyyəti 2-3-cü dərəcələrdə tətbiq edilir. Ən son müraciət olunan üsul cərrahi müdaxilədir. Xəstəliyin formasından, xəstənin orqanizmindən və müalicənin düzgün aparılmasından asılı olaraq müalicə müddəti müxtəlifdir, bir neçə ay davam edir.
Haqlund-Şints xəstəliyi
Tibbi dildə bu xəstəlik daban sümüyünün osteoxondrapatiyası adlanır. İlk dəfə 1907-ci ildə isveçli cərrah-ortoped P.S.E.Haqlund tərəfindən göstərilib. Az sonra osteoxondrapatiyanın bu növünü amerikalı ortoped H.R.Şints daha dərindən öyrənib və xəstəlik də daha çox onun adı ilə tanınıb. Haqlund-Şints xəstəliyi idmanla məşğul olan uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəlik loru dildə desək, Osqud-Şlyatter xəstəliyinin daban formasıdır. Yaranma səbəbləri elmə tam bəlli deyil. Həkimlər müxtəlif versiyalar irəli sürürlər. Onların arasında ən çox fiziki yükləmələr, zədələr, daban nayihəsində qan dövranının, sümükləşmə prosesinin, sinir sisteminin pozulması və s. hallanır. Adətən 7-15 yaşlı oğlanlarda, 8-11 yaşlı qızlarda müşahidə olunur. Amma daha yaşlı insanlarda bu xəstəlikdən sığorta olunmayıblar.
Xəstəlik özünü əvvəlcə ağrılarla göstərir. Fiziki hərəkətlərdən və idmandan sonra dabanda ağrılar baş qaldırır. Xəstəliyi adi gözlə də təyin etmək mümkündür. Dabanın arxa hissəsində qızartı olur, şiş əmələ gəlir və eynən Osqud-Şlyatterdə olduğu kimi sümük çıxıntısı yaranır ki, bu da ağrıdan başqa insanda narahatlıq yaradır. Xəstəlik orqanizmə görə özünü müxtəlif cür göstərir. Bir qisim insanlarda ağır yükləmələrdən sonra belə yüngül, digərlərində isə adi hərəkətlər zamanı dözülməz ağrılar olur. Xəstəliyin diaqnostikası rentgen, MRT və digər yollarla aparılır.
Ümumiyyətlə, Haqlund-Şints xəstəliyindən qorxmaq lazım deyil və müalicə olunandır. Müalicə üsulları da asandır. İlk növbədə dabana düşən yükü azaltmaq, ayağa rahatlıq vermək lazımdır. İdmanla məşğul olmağı müəyyən müddətə təxirə salmaq lazımdır. Bəzi fizioprosedurlardan sonra dabanda qan dövranını yaxşılaşdırmaq xəstəliyin müalicəsi üçün vacibdir. Son zamanlar fizioterapiyadan başqa dalğaterapiyasından da geniş istifadə olunur. Bundan başqa həkimlər xəstəyə tərkibində B6 və B12 vitaminləri olan preparatlar da tövsiyyə edə bilər. Bəzi hallarda Haqlund-Şints xəstəliyi zamanı ayaq gipsə qoyulur. Bu, xəstəliyin ağır və dözülməz ağrılar olan formasında lazım olur. Nadir hallarda isə cərrahiyə əməliyyatına ehtiyac yaranır. Müalicə prosesi zamanı xəstələrə dikdaban ayaqqabı geyinmək məsləhətdir ki, dabana düşən yük minimal olsun. Xəstəliyin tam sağalma müddəti dərəcəsindən asılı olaraq bir neçə aydan 1-2 ilə kimi çəkə bilər.
Həm Şeyerman-Mau, həm də Şints xəstəliyi vaxtında aşkar olunmazsa, uşağı idmançı karyerasını dayandırmaq məcburiyyətində qoya bilər. Bunun qarşısını almaq üçün xəstəliyi ilkin mərhələdə müəyyən etmək vacibdir. Deməli, valideynlərlə yanaşı məşqçilər də həmişə diqqətli olmalıdırlar. Vaxtında müəyyən edilən xəstəlik müalicəyə daha yatımlı olur və fəsadların yaranmasına, ən əsası uşağın idmandan uzaq düşməsinə nədən olmur.
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti
P.S. Yazının hazırlanmasında göstərdiyi göməyə görə U-19 yığmamızın həkimi Natiq Süleymanova minnətdarlığımızı bildiririk.