Azərbaycan cüdoçuları ilin sonunda da beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
Sportarena.az xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa "Qızıl Liqa" yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın "Sagaredjo FF Superstars" klubunun heyətində "Qızıl liqa"nın qalibi olub. Rusiyanın Qroznı şəhərində keçirilən yarışda qonşularımız öncə "Sportinq"i (Portuqaliya) 3:2, sonra "Abensberq"i (Almaniya) 5:0 məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə "Yavara Neva"nı (Rusiya) üstələyib – 3:2.
Millimizin olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın "Sportinq" klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda portuqaliyalılar "Edelveys" (Qroznı) və "Nalçik" (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib. Yarışların bağlanış mərasimində Nicat Şıxəlizadəyə Avropa "Qızıl Liqa"sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.