Ramin Musayev: "Rauf Əliyev "Qarabağ"a qayıtsa, Azərbaycanda ən güclü hücumçu ola bilər"

15:51 19 Dekabr 2016

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Newsport.az saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Premyer Liqadakı mübarizədən razısınızmı?
- Komandaların sayına baxanda hə. 8 komandaya uyğun səviyyədə mübarizə gedir.

 

- Sizi müsbət və mənfi mənada təəccübləndirən klublar hansılardır?
- Heyətlərə baxsaq, heç biri. Hamı öz heyətinə uyğun yerdədir. Biri var adına layiq, biri də var heyətinə layiq futbol sərgiləmək. Bunlar başqa-başqa şeylərdir.

 

- Hakimlik size qane edir?
- Ümumi götürəndə pis deyil.

 

- “Qarabağ” – “Qəbələ” oyununa qədər Rəhim Həsənov bir neçə oyunda kobud səhvlərə yol vermişdi. Həmin görüşə Əliyar Ağayevi təyin etmək doğru olmazdı?
- Birincisi, cəmi 1 Əliyar Ağayevimiz var. Onu neçə yerə bölək? İkincisi, Rəhimin həmin görüşdəki səhvlərini mənə deyə bilərsiniz? Mən heç vaxt müdafiə mövqeyi tutmuram. Mən haqqın tərəfindəyəm. Bu yaxınlarda Rusiya və Türkiyə çempionatlarının hakim idarəçiliyini analiz etdik. Sizə tam səmimi deyirəm. Bizdəki idarəçilik onların hakimliyindən qat-qat artıqdır. Açığı, həmin oyunda “Qəbələ”nin qalib gələcəyini düşünürdüm. Fikirləşirdim ki, Roman Qriqorçukun komandası öz oyununu oynasa, evə qələbəylə qayıdacaq. Bunu yaza da bilərsiniz, yazmaya da. Çempionatımızın maraqlı keçməsi üçün “Qəbələ”nin udması daha yaxşı olardı. Amma ümumi götürəndə kimin udub-uduzması bizi maraqlandırmır.Biz kiminsə tərəfində durmuruq.Avrokuboklardakı nəticələr göz qabağındadır. PFL yaranmamışdan əvvəl hansı komanda Avropa səhnəsinə çıxırdısa, uzağı 2-ci mərhələdən geri qayıdırdı. Ancaq şükürlər olsun ki, “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avroliqanın qrupunda oynadı. “Qəbələ” hətta bu il rekord vurdu. Çempionat düzgün keçməsəydi, başqa komanda yüksək yer tutardı və avrokuboklarda da mübarizəni erkən dayandırdı. Məsələn, “Qarabağ” bu il Avroliqadakı çıxışıyla sübut etdi ki, layiqli şəkildə çempion olub. “Qəbələ” də həmçinin.Bizim bir marağımız var. Klublarımız beynəlxalq arenada uğurlu çıxış etsin.


“Rəhim Həsənov karyerası ərzində ən gözəl oyununu idarə etdi”
 
-  Rəhimin həmin oyunda səhvlərə yol verdiyini qəbul edirsiniz?
- Elə bir oyun deyin ki, orada hakim səhvi olmasın. Əlbəttə, onun da səhvi var idi.

 

- Əliyardan fərqli, Türkiyədə Cüneyt Çakır bəzən 1 həftə ərzində üç oyun idarə edir. Əvvəlcə çempionatda, 3 gün sonra Çempionlar Liqasında, daha 3 gün sonra isə yenə Türkiyə çempionatında fit çalır.
- Axı biz Əliyarı hər dəfə eyni komandaların oyununa təyin edə bilmərik. Özü də mən sizə  deyim ki, Rəhim Həsənov karyerası ərzində ən gözəl oyununu idarə etdi. Rəhim bu mövsüm oyunlarda ən yüksək qiymət alan hakimdir.

 

- Hakimlər qışda ölkə xaricində təlim-məşq toplanışı keçəcək?
- Buna AFFA rəhbərliyi qərar verəcək. Mən də istərdim ki, xaricdə toplanış olsun. Qismət…
“Yığmalarımızda top qovan futbolçular yalnız “Bakı” və “Neftçi”nin yetirmələridir”
 
- “Qarabağ” və “Qəbələ”nin qrupda qalmasında çempionatımızın gərgin mübarizə şəraitində keçməməsinin rolu varmı?
- Mən belə düşünmürəm. Həmin klublar ehtiyat oyunçular skamyasına baxsınlar və sonra danışsınlar. Maksim Medvedev və Miçelin olmaması “Fiorentina”ya qalib gəlməyə imkan vermədi.Olmazdı ki, əvvəldən 2-ci Maksimi tapsınlar.Rəşad Sadıqov həmin matçda oynamasaydı nə olacaqdı?

 

- Axı legioner limitinə görə klublar çoxlu transfer edə bilmir? Çoxlu əcnəbi alıb ehtiyatda oturtmağın nə mənası var?
- Bəs limiti qaldırsaq, yerli oyunçuları hara göndərək? Bəs millini fikirləşməyək?Mən legioner limitinin klubların avrokuboklardakı çıxışına mənfi təsir göstərdiyini düşünmürəm. Problem yaranmaması üçün uşaq futboluna diqqət ayırmaq və güclü yerli oyunçular yetişdirmək lazımdır. Bu gün yığmalarımızda top qovan futbolçular yalnız “Bakı” və “Neftçi”nin yetirmələridir. Niyə ancaq bu klublar işləyir? O uşaqların da çoxsu mənim klubda işləyən vaxtlarımda yetişib. Heç bir klubun uşaq futboluna diqqətindən razı deyiləm.

 

- Bunda məşqçilərin də rolu var. Uşaq yetişdirmək əvəzinə hakimə təzyiq göstərirlər. “Məni uduzdurdular” deyirlər.
- Dəfələrlə o məşqçilərdən mənə zəng gəlib. Şikayət edir, deyirəm ki, hansı liqada məşqçilik edirsən, U-11 liqasında deyir.

 

- Mayda klublar arasında Qəbələdə keçiriləcək turnir haqqında nə deyə bilərsiniz?
- Bu yarışla bağlı hələ heç bir şey bəlli deyil.Hər şey sponsorun tapılmasından asılıdır.Bu turnir gözəl ideyadır.Bu yarış klublarımızı bir-birinə daha mehriban edər.Həyata keçirə bilsək, çox gözəl alınar.

 

- Ötən il “CBC Sport” teleyayım hüququna yiyələndiyi üçün hər klubun hesabına 70 min manat köçürülmüşdü. Ancaq bu mövsüm ödəniş olmayıb.Bunun səbəbi nədir?
- Maddi sıxıntılara görə ödəniş yubanıb. Telekanal pulu ödəməkdən imtina etməyib.Sadəcə, borc kimi qalıb.

 

- Yeri gəlmişkən, “CBC Sport”da maliyyə çatışmazlığına görə STS problem yaranıb. Ona görə də əvvəlki kimi tur ərzində bütün oyunları nümayiş etdirə bilmir.Bununla bağlı telekanal rəhbərliyi ilə söhbət etmisiniz?
- Bu günə qədər problem yaşamamışıq. Əksinə “CBC Sport” rəhbərliyinə təşəkkür edirəm.Vaxtilə belə bir söz işlətmişdim ki, “siz çempionatımızın zəif olduğunu deməyin, burda çəkilişdən çox şey asılıdır”.Bəzi insanlar deyirdi ki, Ramin Musayev özündən fokus çıxardır. “CBC Sport”un çəkilişindən sonra mən deyənə gəldilər. Hələ bu telekanalda yerli uşaqlar çalışır, təcrübələri bir qədər azdır.Əslində ölkə kubokuyla bağlı öhdəlikləri yoxdur.Amma bu turnirin də oyunlarını nümayiş etdirirlər.Onlardan bir narazılığım yoxdur.Mövsümün ikinci yarısında teleyayımla bağlı problemlə üzləşsək, oyunları fərqli günlərə salarıq ki, telekanal çəkib nümayiş etdirə bilsin.

 

“Müdafiəçimiz yoxdur, hücumçumuz yoxdur”
 
- Birinci diviziondakı danışılmış oyununlarla bağlı başladılan istintaq prosesi nə vaxt yekunlaşacaq?
- Bildiyiniz kimi bəzi oyunçuların günahsız olduğu sübuta yetirilib. Amma araşdırmanın nə vaxt yekunlaşacağını deyə bilmərəm. Çünki bu mənim səlahiyyətimə daxil deyil. Bir şəxsin cinayət törətdiyini sübut etməlisən ki, onu həbs edəsən.Mən futbolçunun alqı-satqıda iştirak etdiyini sübut edə bilmirəmsə, yalandan heç nə deyə bilmərəm.Şübhə başqa şeydir.Həmin olayla bağlı yaradılmış komissiyanın iclasında bir dəfə iştirak etdim.Futbolçu süni oyundan kənar vəziyyət yaratmaq istəyir, amma alınmır.Nəzərə alaq ki, bu birinci diviziondur.Süni ofsayd yarada bilsəydi, divizionda oynamazdı.Bu məsələdə nə AFFA-nı, nə də bir başqasını günahlandırıram.Bu UEFA-dan gələn məktubdur və bu quruma cavab getməlidir.UEFA elə bilir ki, bizim 1-ci divizion başqa ölkələrin analoji yarışıyla eynidir. Bizim divizionda oynayanların səviyyəsi o qədər yüksək deyil ki,  dediklərinizi eləyə bilsinlər.

 

- Minimum 3 klubun elitaya yüksələcəyini demisiniz. Kubok oyunlarında 2 çempionatın iştirakçıları arasında aşkar səviyyə fərqi göründü.Bu şəraitdə diviziondan hansısa komandanın elitaya yüksəlməsi nə dərəcədə düzgündür?
- Hansı klub lisenziya şərtlərini yerinə yetirsə, onu da elitaya buraxacağıq. Əlbəttə, sponsorların Premyer Liqada klub saxlamağa imkanı çatırsa.Məndən olsa, elitaya 5 klub buraxaram.Hətta 10 komandalı çempionat da azdır.2020-ci ildə Avropa çempionatının bəzi oyunları Bakıda keçiriləcək.Həmin yarışa yığmamızın qatılması üçün nə etməliyik?Premyer Liqanın səviyyəsi qalxmalıdır ki, baş məşqçini problemlə üz-üzə qoyaq. Nə problem? O adam oturub saatlarla fikirləşməlidir ki, mən hansı futbolçunu oynadım. Çalışdırıcı seçim qarşısında qalmalıdır.Bu gün bu problem yaratmamışıq. Biz necə baş məşqçidən tələb edə bilərik ki, sən filankəsi oynat?Yoxdur axı.Müdafiəçimiz yoxdur, hücumçumuz yoxdur, orta xəttimiz demək olar ki, yoxdur.Kimsə zədələndə qalırıq çıxılmaz vəziyyətdə.Götürək elə “Qarabağ”ı. Rəşad Sadıqov Çexiyada oynasaydı, “Slovan” matçdan ən azı 1 xalla qayıtmaq olardı.

 

“Uşaq futboluna elə adamları cavabdeh təyin edirlər ki…”
 
- Bizə Rəşad Sadıqov kimi futbolçular yetişdirməyə nə çatmır?
- Uşaq futbolu. Rəşad uşaq futbolumuzun yetirməsidir.

 

- Klubların uşaq futboluna cavabdeh olan şəxsləriylə bu problemlə bağlı söhbət etmisiniz?
- Uşaq futboluna elə adamları cavabdeh təyin edirlər ki, bəzilərinin heç futboldan başı çıxmır. Elə məşqçilər var ki, mən onların futbol oynadığını görməmişəm.

 

“Bu gün də “Neftçi”ni sevirəm”
 
- Bir çox ölkələrdə çempionatın sponsoru klubların hesabına pul köçürür. Bəs niyə “Topaz” bunu etmir?
- Siz dediyiniz ölkələrdə klublar çempionatda iştirak etmək üçün hər mövsüm üzvilik haqqı ödəyir. Bura legioner rüsumu daxil deyil.Amma bizdə üzvilik haqqı ödənmir.Ona görə çempionatımızı maliyyə məsələlərində başqalarıyla müqayisə etmək doğru deyil.

 

- Robert Prosineçki bu yaxınlarda deyib ki, “Neftçi” ilə oyunda “Qarabağ”ın müdafiəçiləri hətta oturub çay da içə bilərdi.Onun fikriylə razısınız?
- Bu, onun şəxsi fikridir. “Neftçi” mənim yaralı yerimdir.Çünki hamımızın sevdiyi klub olub. Bu gün də “Neftçi”ni sevirəm. Mən bunu danmıram.“Neftçi” Azərbaycan futbolunun tarixidir.Hətta 1-diviziona düşsə də, “Neftçi” futbolumuzun brendidir.Bu danılmaz faktdır. 5 il orda çalışmışam. Az-çox əziyyətim olub.Futbolda uğurları orada qazanmağa başlamışam.Düşünürəm ki, inşallah, növbəti mövsüm “Neftçi” özünə gələcək. Bu gün “Qarabağ”la indiki “Neftçi”ni müqayisə etmək düzgün deyil. Elə bil mən zədəliyəm, amma çıxıb səninlə güləşirəm.İndi “Neftçi” o durumdadır.Zədəsini sağaltması üçün zamana ehtiyacı var.

 

“Rauf Əliyev “Qarabağ”a qayıtsa, Azərbaycanda ən güclü hücumçu ola bilər”
 
- Bu klubun sabiq rəsmisi kimi “Neftçi”ni böhrandan çıxarmağın çıxış yolunu deyə bilərsiniz?
- Bunun üçün klub rəhbərliyi kiminlə çalışdığını və hansı futbolçuları dəvət etdiyini yaxşı bilməlidir. Hər oyunçu hər klubda oynaya bilməz.Əfran İsmayılov gördünüz.“Qarabağ”da sərgilədiyi parlaq futbolu başqa klublarda nümayiş etdirə bilmədi.Rauf Əliyev “Qarabağ”a qayıtsa, Azərbaycanda ən güclü hücumçu ola bilər. Çünki onun o klubda oyunu alıb.Söhbət Qurban Qurbanovdan yox, kollektivdən gedir. Futbolçu özünü harada rahat hiss edirsə, orada da yaxşı oynayır. Bu gün “Neftçi”yə Ronaldo və Messini gətirsən də bir faydası olmayacaq.Uğur üçün ilk növbədə klubun normal rəhbəri olmalıdır. O, işlədiyi meneceri, gətirdiyi futbolçuları yaxşı tanımalıdır. Ada baxıb oyunçu transfer etmək olmaz. Birincisi, atı almamış yəhər almazlar.İlk növbədə məşqçi tapılmalı və onun oyun sisteminə uyğun futbolçular alınmalıdır.Biz bu gün futbolçuları alıb, sonra məşqçi tapırıq ki, gəl bu oyunçularla işlə.Elə məşqçi var ki, hücum üslubuna üstünlük verir, eləsi də var ki, oyunu müdafiədən qurur.Buna uyğun da heyət formalaşdırılmalıdır. Həm də baş məşqçiyə ən azı 2-3 il vaxt verilməlidir. Altı aylıq müqavilə imzalanan çalışdırıcıdan nə gözləmək olar?

 

“Mənfi cəhətimi görüb yazmayana söyüş də söyə bilərəm”
 
- Çempionatımızda azarkeş problem davam edir. İndi mərkəzi oyuna 500-1000 nəfər gəlir. Halbuki siz klubda çalışarkən stadionlara xeyli adam gəlirdi. İndi hanı o azarkeş?Klublar onları geri qaytarmaq üçün nə etmək lazımdır?
- Azarkeş görmüşəm ki, 200 minlik maşına Quzanlıya oyun izləməyə gedib. Adını deməyəcəyəm. Azarkeş var ki, “Kəpəz”in hər ev oyununu izləmək üçün maşınıyla Bakıdan Gəncəyə yollanır.Özü də dövlət məmurudur.Bu məhəbbəti azarkeşdə yaratmaq lazımdır.Əksər azarkeşlər gənclərdir.Mən danmıram. Klubda işləyəndə tənbəl azarkeşləri götürürdüm, onların yeməyini-içməyini təmin edirdim. Özüm də onlarla oturub çörək yeyirdim. Səfərə çıxanda komandaya şərait yaratmaq üçün hamıdan əvvəl yollanırdım.Ancaq Bakıya geri dönəndə azarkeşlərlə qayıdırdım. O uşaqlarla bir qabdan çörək yemişəm. Halbuki yeri gələndə həm məni, həm də Qurbanı istefaya səsləyiblər. Bu onların şəxsi fikridir.Mən jurnalistlərlə mehribanam.Bu günə qədər eşitmisinizmi ki, hansısa jurnalistdən haqqımda mənfi şeylər yazmamasını xahiş edim?Hətta mənfi cəhətimi görüb yazmayana söyüş də söyə bilərəm.Bu dünya gör-götür dünyasıdır.İnsan görə-görə hər şeyi öyrənir. Bu gün azarkeşlərlə iş necədir? Azarkeşlərə avtobus ayrılır, vəssalam.Mən bilən yalnız “Qəbələ” nisbətən azarkeşlərinin qayğısına qalır.


“Elə klub var ki, onun azarkeşini polis şöbəsindən çıxarmaq üçün mən PFL prezidenti kimi oraya yollanmışam”
 
- Amma bu klubun da ev oyunlarında azarkeş çatışmazlığı olur?
- “Qəbələ” yeni yaranmış klubdur.Bilirsiniz necədir?Klubda çalışanlar ürəkdən həmin kluba bağlanmalıdır. Bax o zaman iş gedəcək. Yoxsa əsgər yatsın, xidmət getsin məntiqiylə heç nə çıxmayacaq.Bizdə yalnız legionerlərin ailəsi futbol izləməyə gedir.Yerlilərdə bunu müşahidə etmirik.Çünki ictimai qınaqdan çəkinirlər.Həm də komandada yaxşı futbolçular olanda azarkeş də gəlir.“Neftçi”də Mişura, Doraş, Miçoviç, Borets, Mahmud, Rəşad, Vidadi var idi. Nə qədər azarkeş onların oyununu izləməyə gəlirdi.Futbolçuların özündən çox şey asılıdır.Bir dəfə oyunçulardan birini çağırıb, niyə azarkeşə qarşı pis davrandığını soruşdum.Onu tənbeh elədim. Dedi ki, futbolçuları söyürlər. Bəs niyə Rəşad Sadıqovu söymürlər?Çünki o özünü adi həyatda da, futbolda da yaxşı aparır.Bax bu gün Rəşaddan sonra yığmada kapitan olmağa kimi namizəd görürsünüz?Qapıçımızı çox sevirəm.Kamran dəlisovdur, çılğındır.Amma bizə lider oyunçu lazımdır.Hansı ki başqa futbolçular onu sayır.Rəşad bu hörməti birdən-birə yox, uzun illər ərzində qazanıb.Mahir Şükürov yaxşı müdafiəçidir.Amma o da liderlik edə bilməz.Emin Quliyevin mövqeyində hələ onun kimi güclü yerli oyunçu görməmişəm.Ancaq ondan da kapitan olmazdı.Vidadi Rzayevdən də həmçinin.Mahmud Qurbanovda isə əsl kapitanlıq keyfiyyətləri var idi.Azarkeş ilk növbədə maraqlı oyun izləmək üçün stadiona gəlir.Amma o həm də diqqət tələb edir, hörmət görmək istəyir.Elə klub var ki, onun azarkeşini polis şöbəsindən çıxarmaq üçün mən PFL prezidenti kimi oraya yollanmışam.Niyə? Klub rəhbəri hardadır? Evində yatır. Gecə saat 2-də azarkeş mənə zəng edib ki, “Ramin müəllim bizə siz kömək edə bilərsiniz”. Bu azarkeş sabah oyuna gələrmi? Azarkeşi küsdürmək olmaz.Mən heç vaxt klubda işləyəndə mühafizəçi xidmətinə ehtiyac duymamışam.Hətta Tovuzda bunu təəccüblə qarşılamışdılar. O zaman müsahibəmdə “Turan” haqqında tənqidi fikirlər səsləndirmişdim. Bəs niyə mənə heç nə etmədilər?Çünki gördülər ki, mən fikrimi normal şəkildə çatdıra bilirəm.Heç vaxt “Neftçi” və “Xəzər Lənkəran” rəhbərliyi arasında dava düşməyib.Biz 90 dəqiqə ərzində savaşmışıq.Oyun başa çatdıqdan sonra Mais Mənsimovla da, Tuyqun Nadirovla da öpüşüb-görüşüb ayrılmışıq.Futbolda 90 dəqiqə rəqib olursan.Futbolçular da, məşqçilər də oyundan sonra bir-biriylə görüşür.Amma indi bəzi klub rəsmiləri komandası uduzan kimi qapını çırpıb gedir. Ayıbdır axı.


- Sizə elə gəlmir ki, azarkeş problemi “Xəzər Lənkəran”ın dağılmasıyla ortaya çıxdı? Çünki bu klub və azarkeşləri çempionatımıza rəng qatırdı.
- Bəli. İnşallah, bu klub Premyer Liqaya qayıdar.“Xəzər Lənkəran”ın yenidən elitada çıxış etməsi üçün Mübariz Mənsimova cansağlığı və biznes fəaliyyətində uğurlar arzu edirəm. Başqa nə edə bilərik?

 

“Qəbələ” ilin klubu seçilməlidir”
 
- 2016-cı ili başa vurmaq üzrəyik. Sizcə ilin məşqçisi və futbolçusu kimdir?
- Mənim rəyimi soruşdular, mən də Qurbanın adını dedim. Amma Roman Qriqorçuku, Tərlan Əhmədovu və Samir Abasovu da unutmaq olmaz. Onların da əziyyətini itirmək olmaz.Həmçinin Robert Prosineçkinin əməyini danmaq olmaz. O, yığma üçün daxildən yanan insandır. O ki qaldı futbolçuya, yaxşı oyunçularımız çoxdur.

 

Amma “1 nömrə” kimi Rəşad Sadıqovun adını çəkə bilərəm.

 

- Bu gün Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov çox tənqid olunur. Onu kiminlə əvəzləmək olar?
- Bu vəzifədə çalışmaq istəyən çoxdur. 8-9 ildi Xaqaniylə birgə çalışırıq.Quru divara heç vaxt palçıq yapışmır. Kim nə deyir, desin. Məmmədov həyatda necə insandı, o mənə maraqlı deyil. Onun gördüyü iş mənim üçün önəmlidir. Mən görürəm ki, o iş zamanı necə həyəcan keçirir. Bir oyunda hakim səhv edən kimi Xaqani sanki 2 il geriyə gedir. Çünki o bilir ki, buna görə mənə cavab verməlidir.Amma unutmayaq ki, o çətin və məsuliyyətli vəzifədə çalışır.Bu gün hər hansı Azərbaycan vətəndaşı hansısa hakim haqqında rüşvətdən danışa bilərmi?Bu kimin zəhmətinin bəhrəsidir?Başda Rövnəq Abdullayev olmaqla Xaqani Məmmədovun.Mənimlə Elxan Məmmədovun da rolu var.Bunun nəticəsi kimi “Qəbələ” rekord vurdu. Düzdür, bizim mətbuat bunu az işıqlandırdı. Belə gənc klubun qısa vaxtda rekorda imza atması böyük uğurdur.Başqa ölkədə bu baş versəydi, böyük səs-küy qopardı.“Qəbələ” ilin klubu seçilməlidir.Bütün komandalar bizimdir. Amma Avroliqanın rekorduna imza atması “Qəbələ”ni ilin komandası edir.

 

“Ona sözə baxan oyunçu ver, həmin futbolçunu inkişaf etdirəcək”
 
- Azarkeş amilini nəzərə alıb, elitaya diviziondan daha çox bölgə təmsilçilərini cəlb edəcəksiniz?
- Mənim ixtiyarımda olsa, bütün bölgə komandalarını Premyer Liqaya cəlb edərəm. Əsas maliyyədir. Məndən olsa, “Turan Tovuz”, “Şəmkir”, “Mil-Muğan”, “Zaqatala”və “Energetik”i elitaya buraxaram. Çünki bu klubların təmsil etdiyi bölgələrdə futbola maraq böyükdür.Ona görə də bölgələrdə futbol olmalıdır. Azarkeş olan yerdə futbolçu da özündə məsuliyyət hiss edərək yaxşı oynayır. Çünki pis oynayanda kənddə-kəsəkdə tənqidlə üzləşirlər (gülür).

 

- Mövsümün ikinci yarısından nə gözləyirsiniz?
- “İnter”in çempionluğa oynayacağını düşünmürəm.Çünki onlar qışda heyətini gücləndirə bilməyəcək. Ancaq “Qəbələ”nin buna imkanı çatır. 3 yaxşı transfer etsə, liderliyi ələ keçirə bilər. Qriqorçuka həm insan, həm də bir baş məşqçi kimi böyük hörmətim var. Heç kim “Qəbələ”nin “Lill”i keçəcəyini düşünmürdü. Amma mən inanırdım.Kəmaləddin müəllim də həmin vaxt məni dəstəklədi (gülür). Halbuki çoxları “Qəbələ”nin böyük hesabla uduzacağını düşünürdü. Amma təmsilçimiz 1:0 hesabıyla qalib gələrək mərhələ adladı.Qriqorçuk çox gözəl məşqçidir.Futbolçuları psixoloji cəhətdən əla hazırlayır.Futbolçular baş məşqçiyə hörmət etməli, yeri gələndə ondan qorxmalıdır.Bu qorxu o demək deyil ki, məni söyər-döyər.Yəni o insanı küsdürməkdən qorxursan.Aslanla mənim aramda da münasibət belədir.Ən böyük hörmət budur.Filip Ozobiçin Xorvatiya yığmasına çağırılması Qriqorçukun əməyidir.Ona sözə baxan oyunçu ver, həmin futbolçunu inkişaf etdirəcək.

 

- Sonda demək istədiyiniz nəsə varsa, buyurun.
- Kim nə desə də, biz ruhdan düşməyəcəyik. Öz işimizə davam edəcəyik.Nə qədər ki, bu rəhbərlik futboldadır, heç bir haqsızlığa yol verilə bilməz. Məndən soruşdular ki, hansı komandaya azarkeşlik edirsən, dedim “Neftçi”yə. Dedi ki, axı sən PFL prezidentisən. Dedim mən qəlbimdə bu kluba bağlıyam. “Neftçi” “Qəbələ”yə 0:8 hesabıyla uduzan oyunda klub rəhbərliyi ilə bir yerdə oturmuşdum. Hisslərimi büruzə vermədim.Demirəm ki, niyə “Qəbələ” uddu.Udmalıydı, çünki buna layiq futbol sərgilədi.Amma niyə “Neftçi” bu günə düşdü?Həmin gün yanıb-yaxıldım.Ancaq hakimə deyə bilmərəm ki, “Qəbələ”yə mane ol.Futbol aləmində heç nəyi gizlətmək mümkün deyil.Onsuz da nə söhbət olsa, ortalığa çıxır.Ona görə də size əmin edirəm ki, biz Premyer Liqada iştirak edən 8 klubun heç birinə haqsızlıq etmirik.


Digər xəbərlər

Xəbər xətti