Rahid Əmirquliyev: "Qərar vermək üçün düşünmək lazımdı"

18:30 20 Dekabr 2016

Azərbaycan milli komandasının vitse-kapitanı Rahid Əmirquliyevin  müsahibəsi

 

- Əsas millinin ilin ən yaxşı komandası seçiləcəyini gözləyirdizmi?

- Başqa komandaları da seçmək olardı. “Qəbələ” və “Qarabağ” da bu nominasiyanın qalibi ola bilərdi. Bu gün respondentlər millini seçiblərsə, deməli, buna layiqdi.

 

- Bəs siz sorğuda iştirak etsəydiniz, hansı komandaya səs verərdiz?

- Seçim çətin olacaqdı, qərar vermək üçün düşünmək lazımdı... Millini seçərdim.

 

- Cari seçmə mərhələdəki yüksələn qrafikli nəticəni 2017-ci ildə necə, gözləməyə dəyərmi?

- Şimali İrlandiyaya uduzduq, ancaq komandada inam var. Məncə, bundan da yaxşı nəticə qazana biləcəyik. Heyətimizdə gənc futbolçularımız çoxdu. İnam olan yerdə uğur qaçılmazdı. 7 xalın davamını gətirəcəyimizə şübhə etmirik.

 

- Amma millimiz 2017-ci ilə güclü Almaniya ilə oyunla başlayacaq. İlə necə başladınsa, elə də sona çatdıracaqsan, deyirlər…

- Almaniya tək qrupda deyil, dünyanın ən güclü 1-2 komandasından biridi. Onlara qarşı oynamaq, nəticə qazanmaq çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, uduzmayaq, xal qazanaq. Bunları deməklə əlimizi üzmürük, meydana uduzmaq üçün çıxmayacağıq. Nəticənin necə olacağı qismətdi.

 

- 7 xaldan sonra həm komanda, həm də azarkeşlər eyforiyaya qapılmışdı. Bu baxımdan, Şimali İrlandiya ilə oyunun nəticəsi milli üçün yaxşı bir “soyuq duş” oldumu?

- Komandada eyforiyanın olduğunu deməzdim. Ancaq azarkeşlərdə inam yaranmışdı. Artıq onlar bizdən daha artığını gözləyirdilər. Çünki çoxdandı milli belə nəticə əldə edə bilmirdi. Aydın məsələdi ki, onlar qələbə gözləyəcəklər. Belfastda çox səhvlər etdik. Bu qarşılaşmanı yaddan çıxarmaq lazımdı.

 

- Sabah ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. 6:0 hesablı qələbədən sonra cavab matçına çıxmasanız, nə itirəcəksiz?

- Rəqibə hörmətlə yanaşırıq. İlk oyunda qeydə alınan nəticə fikrimizi dəyişdirməyəcək. İşimiz budu, çıxıb, oynayacağıq.

 

- Legionerlərsiz çətin olmayacaq?

- Razıyam, legionerlərimiz heyətdə olsaydılar, daha rahat oynaya bilərdik. Amma heyətimizdə yerli futbolçular çoxdu, legionerlərsiz də oynamaq olar.

 

- 2016-cı ili uğurlu saymaq olarmı?

- Olar. “Qarabağ” Avropa Liqasının qrup oyunlarında 7 xal qazandı. Xal ehtiyatımızı artıra da bilərdik, təəssüf ki, bacarmadıq. Təcrübəmiz yoxdu.

 

- “Qarabağ” artıq 3 ildi qrup mərhələsində çıxış edir. Bu müddət yetərli deyil?

- Futbolda 3 il böyük vaxt deyil. Elə komandalar var 20-30 ildi bu cür yarışlarda iştirak edirlər. “Fiorentina” da onlardan biridi.

 

- İstirahətlə bağlı planlarınız necədi?

- Ailəmlə birgə dincələcəm. Harasa getməklə bağlı planımız yoxdu. Bu haqda hələ düşünməmişik. Baxacağıq, kubok oyunu qurtarsın.

 

- Ölkə xaricinə getmək haqda düşünməməyiniz maddi böhranla bağlıdı?

- Bununla bağlı deyil. Kubok oyunundan sonra düşünəcəm.

 

- Şaxta babadan nə istəyərdiz?

- Bütün komandalarımıza uğur gətirməsini istərdim. Yəni avrokuboklarda yarışacaq klublarımızın nəticələri sevindirici olsun, həmçinin millimiz azarkeşlərdə yaratdığı inamı doğrultsun və çətin günlərimiz arxada qalsın. Bu günlərin tezliklə arxada qalmasını, firavan günlərlə əvəzlənməsini, üzlərdə gülüşün əks olunmasını istərdim.(Apasport)


Digər xəbərlər

Xəbər xətti