Elvin Məmmədov: "Adil müəllim bizə güvənərək bu sözləri deyib"

10:30 22 Dekabr 2016

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunlarında “Zirə” səfərdə “Neftçi”yə qalib gəlsə də, iki oyunun nəticəsinə əsasən mərhələ keçməyib.
Sportarena.az xəbər verir ki, oyundan sonra “qartallar”ın futbolçusu Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
-    “Zirə” kubokda mübarizəni dayandırdı. Ümumiyyətlə, ilk oyunda böyük hesabla məğlub oldunuz. Bu oyunda da qalib gəlsəniz də, mərhələ adlaya bilmədiniz. Bunun səbəbi nədi?
-    İlk oyunda bir çox qol epizodlarından yararlana bilmədik. Bəlkə də ilk oyunda biz böyük fərqlə qalib gələcəkdik, amma alınmadı. Futbolda belə hallar baş verir. Bu oyuna da qələbə üçün çıxmışdıq, qol da vurduq, amma qapımızdan tez top buraxdıq. Ümidimiz var idi, amma alınmadı. 
-    Cari mövsüm “Zirə”nin işləri heç də yaxşı getmir. Bunun səbəbi nədir?
-    Mən həmişə demişəm ki, eyni futbolçu əgər bir komandada çox oynayırsa, həmin komanda daha yaxşı nəticələr göstərir. Ötən il biz daha yaxşı təsir bağışlayırdıq, amma bir çox futbolçular komandadan ayrıldı. Yeni gələn futbolçularımız da hələ ki, uyğunlaşa bilməyiblər komandaya.  Bizə bir az vaxt lazımdır. Qış fasiləsində əgər yeni futbolçular gəlsə və sistemimiz dəyişilsə, bəlkə də daha uğurlu çıxış edə bilərik. 
-    İlk oyundan sonra baş məşqçiniz Adil Şükürov demişdi ki, cavab görüşündə “Neftçi”yə 4 qol vuracağıq. Səncə, bu, rəqibə qarşı hörmətsizlikdirmi?
-    Hər məşqçini öz fəlsəfəsi var. Adil müəllim bizə güvənərək bu sözləri deyib. Baş məşqçimiz biz qol vurmaq, irəli atılıb hücum futbolu oynamaq üçün hazırlaşdırırdı. Futbolda hər şey mümkündür, amma bu gün bizdə alınmadı. Adil müəllimin fikirlərinə hörmətlə yanaşıram. 
-    Elvin, qeyd etdin ki, yeni gələn futbolçular hələ komandaya uyğunlaşmayıb. Səncə, 6 ay ərzində komandaya uyğunlaşmayan futbolçu qış fasiləsində komandaya uyğunlaşa bilər?
-    Həmin iş sırf baş məşqçi ilə əlaqəlidir. Qış fasiləsində hücumçu cəlb etmək lazımdır komandaya.


Digər xəbərlər

Xəbər xətti