AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə KK-nin son iclası barədə danışıb.
- İlin sonuncu iclası idi. Əsas məsələmiz Klublar Komitəsinə sədr seçilməyi ilə bağlı idi. Düzdü, ondan öncə bir neçə məsələ də var idi. 8 klubun hər biri hakimliklə bağlı müzakirə apardı. Hakimlikdən narazılıqlar səsləndi. Sonda səsvermə oldu. AZAL, “Kəpəz”, “Zirə” və “Qəbələ” klublarının nümayəndələri sədrliyə namizədlikdən imtina etdilər.
- Siz niyə namizədliyinizi irəli sürmədiniz?
- Elə istədim. 1 il işlədim. İstədim ki, gələn il yeni sədr olsun. Bəlkə, onun yeni fikirləri, mövqeyi oldu. Biz də kənardan baxacağıq. Biz bir ailə kimiyik. Tövsiyə xarakterli komitəyik. Mən sədr olanda 2 məsələmiz həyata keçdi. Rüsum və cərimələrdə endirim oldu.
- Hakimlərlə bağlı narazılıqlara keçək...
- “Qarabağ” – “Qəbələ” oyunundan başladıq. Bütün klubların rəhbərləri hakimlik problemini ön plana çəkdilər. Sizə bir epizod danışım. Kubokun ¼ final mərhələsinin “Qəbələ” ilə keçirdiyimiz cavab oyununda Fariz Yusifov gözləri önündə olan epizodda qayda pozuntusunu görmədi. Dünyada olmayan bir şeydi ki, 14 gün ərzində AZAL-ın 3 oyununu eyni hakim idarə etsin. Bununla bağlı araşdırma aparmaq lazımdı. Əgər bir ölkədə cəmi 1 hakim varsa, bu, yalnız o halda ola bilər. Əliyar Ağayev və ya başqası 4 yerə bölünə bilməz. Bunlar hamısı qərəzdən irəli gəlir. “Qarabağ”dan başqa 7 klubun hamısı 10-15 dəqiqə hakimlikdən danışdı. Bu, biabırçılıqdı. “Qarabağ” da narazıdı, amma digər klublar qədər yox.
- Digər klublarla müqayisədə “Qarabağ” hakimliklə bağlı narazı qaldığı konkret epizod göstərə bilməz. Razısızmı bu fikirlə?
- Mən “Qarabağ”ın üstündə dayanmaq istəmirəm. O da komandalarımızdan biridi. Bəlkə də, “Qarabağ” da narazıdı. Amma digər klublar bu məsələdə daha fəal idilər. Əvvəlki iclaslarımızın heç birində hakimlikdən bu qədər narazılıq səslənməmişdi. Fariz Yusifovun bizim matçımızdakı idarəçiliyinə bayaq toxundum. Mən “Qəbələ”nin qələbəsinə kölgə salmaq istəmirəm, onlar, həqiqətən, güclüdülər. Amma baş məşqçimiz də idarəçilikdən narazı qalmışdı. “Zirə”nin baş məşqçisi də bu yaxınlarda hakimlikdən şikayət etmişdi. Bizim “Neftçi” ilə birinci oyunumuzda təmiz qolumuzu saymadılar, 3 xalımızı aldılar. Ramil Diniyev əlavə köməkçi hakim idi. Onun başqa işi yox idi ki? O epizodu görmürsə, daha nədən danışaq?
- Hakimliyimizin ümumi səviyyəsinin aşağı olduğunu deyə bilərikmi?
- Niyə ki? Elə oyunlar da idarə edirlər ki, hamı razı qalır. Adətən uduzan tərəf narazılığını bildirir. Maraqlıdı ki, bugünkü iclasda qalib gələn klubların nümayəndələri də hakimlikdən şikayətləndilər. Hakimlər sponsorları futboldan uzaqlaşdırır. Onlar inciyirlər, uzaqlaşırlar, klublara maliyyə buraxmaq istəmirlər. Hamısı hakim biabırçılıqları ilə bağlıdı. Hamımız Azərbaycan komandasıyıq. Fariz Nəcəfov iclasda təklif etdi ki, Hakimlər Komitəsinə əcnəbi sədr gətirilsin.(apasport.az)