Hazırda vətəni Xorvatiyada olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya yanvarın 5-də qayıdacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "sportnet.az" saytına millinin baş inzibatçısı İslam Abbasov məlumat verib.
Onun sözlərinə görə, Prosineçki yanvarda klublarımızın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı izləməyə yollanacaq: "Plana əsasən, baş məşqçi yanvarın əvvəlində Bakıya gəlməlidir. Klublarımız Antalyaya gedəndən sonra onların hazırlıq proseslərini izləməyə yollanacaq. Bəlkə sonra planı dəyişdi. Ancaq indikinı əsasən belədir ki, Prosineçki birbaşa Antalyaya getməyəcək".
Abbasov milli komandamızın yanvar-fevralda təlim-məşq toplanışının gözlənilmədiyini deyib. Bu, yalnız martda Almaniya yığması ilə rəsmi oyun öncəsi olacaq. O da Bakıda: "Çünki almanlarla evdə görüşəcəyik. Azərbaycan çempionatının hazırkı qrafiki belədir ki, artıq yanvarın 28-də növbəti turdur. Prosineçki də klublara imkan yaradır ki, qış təlim-məşq toplanışını rahat keçirsinlər. Onların hazırlıq planlarını pozmaq istəmir. Təbii ki, millinin hazırlığı olacaqsa, baş məşqçi futbolçuları klublardan götürməlidr. Klubların isə təqvimə görə onsuz da vaxtları azdır".
Millimizin rəsmisi qarşıdakı 2 ayda FİFA-nın yoldaşlıq görüşləri üçün "pəncərə"sinin olmadığını diqqətə çatdırıb: "Bu qurum oyun tarixlərini artıq dəyişib. FİFA-da bir cürdür, UEFA-da başqa cür. Milli oyun keçirsəydi, bu, FİFA-nın "pəncərəsi"ndən kənar olacaqdı. Bir sözlə, yığmamızın Almaniya ilə matçadək yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmayıb".
Qeyd edək ki, millimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti matçını martın 26-da Bakıda Almaniya yığması ilə keçirəcək. Oyun saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.