Dekabrın 25-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula-1 Azərbaycan Qran-prisinə altı ayın qalması münasibətilə maraqlı konsert proqramı təşkil edib. Tədbirdə bu mötəbər yarışın rəsmi elçiləri ictimaiyyətə təqdim edilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın Əməkdar artistləri Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula-1 idmanı üzrə şərhçi Rəhim Əliyev və Formula-3 pilotu, azərbaycanlı Gülhüseyn Abdullayev gələn il Bakıda keçiriləcək sayca ikinci Formula-1 Qran-prisini rəsmi elçi kimi təmsil edəcəklər.
Tünzalə Ağayeva Azərbaycan Qran-prisinin ölkəmizdə tanıdılması işində yaxından iştirak edəcək. Murad Dadaşov BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək, Miri Yusif könüllülərlə birgə çalışaraq, onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına töhfə verəcək. Rəhim Əliyev Formula-1 idmanı sahəsində təcrübəsini və biliyini ölkə ictimaiyyəti ilə bölüşərək, Azərbaycanda yarışa daha böyük maraq oyatmağa çalışacaq. Gülhüseyn Abdullayev isə mübarizə apardığı avtoidman yarışlarında BŞH-ni təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş təbliğində fəal rol oynayacaq.
BŞH-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva bu mötəbər yarışa fəal dəstəyə görə rəsmi elçilərə minnətdarlığını bildirərək deyib: “Bu gün bizim üçün əlamətdar gündür. İyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə altı ay qalır. Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk. Bu elçilərdən dördü ilə ötən ildən etibarən əməkdaşlıq edirik və onlar Bakıda keçirilmiş ilk Formula-1 yarışının təbliğinə böyük töhfə veriblər. Çox məmnunuq ki, onların sıralarına sevilən müğənnilərdən biri olan Miri Yusif də qatılır. İnanırıq ki, bu komandanın dəstəyi ilə Azərbaycanı Formula-1 yarışı vasitəsilə daha geniş təbliğ edəcəyik”.
İdmansevərləri Formula-1 Azərbaycan Qran-prisini izləməyə dəvət edən G.Quliyeva vurğulayıb ki, hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. O, həmvətənlərimizi bu kampaniyadan yararlanmağa və gələn mövsümün ən baxımlı yarışını birgə izləməyə dəvət edib.
Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı olan BŞH-nin və “Amapola Exclusive Events”in təşkilatçılığı ilə Fəvvarələr meydanındakı “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında baş tutan konsert proqramında Əməkdar Artist Tünzalə Ağayeva və müğənni Miri Yusif maraqlı ifaları ilə idmansevərləri və paytaxt sakinlərini sevindiriblər.
Formula-1 Azərbaycan Qran-prisinin rəsmi elçiləri çıxışlarında bu mötəbər yarışın Azərbaycanda təşkilinin ölkəmizin dünyada təbliği işinə mühüm töhfə verəcəyini bildiriblər.(azərtac)