AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Başa çatmaqda olan 2016-cı ili Azərbaycan futbolu üçün necə dəyərləndirmək olar?
- Futbolumuz üçün pis il olmadı. Milli komandamız nəticə və oyun baxımından bizi sevindirdi. Bu gün də millimizin iddiası davam edir. Gələn il də bizi sevindirəcəklərinə inanırıq. Aşağı yaş qrupları üzrə milli komandalarımız da uğursuz çıxış etmədilər.
- Millimizin bəlli bir hədəfi var. Sizcə, göstərilən oyun komandamızın məqsədinə çatması üçün yetərlidir?
- Bu nəticələr və oyun göstərir ki, gələcəyə ümidlə baxa bilərik. Nəzərə alaq ki, millimiz oyunların əksəriyyətini səfərdə keçirib. Turnir cədvəlində bizə yaxın olan rəqibləri öz meydanımızda qəbul edəcəyik. Azarkeşlərin dəstəyi ilə lazım olan nəticəni əldə etmək olar. Bundan da böyük uğura imza ata bilərik.
- "Qarabağ" və "Qəbələ" ötən il olduğunu kimi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komandalarımızın oyununda ötən illə müqayisədə inkişaf var idi?
- Hər iki komandamızdan qrupdan çıxmağı gözləyirdik. Bu, alınmasa da, oyunları göstərdi ki, potensialları çox böyükdür. "Qarabağ" Avroliqanın qrupunda yox, Çempionlar Lİqasının "pley-off"unda oynamalı idi. Hər oyunu ilə komanda bunu sübut edirdi. Düzdür, müəyyən büdrəmələr də olur. Ancaq hər məğlubiyyət də bir təcrübədir. Hər halda Qurban Qurbanovun komandasını bundan da böyük uğurlar gözləyir. "Qarabağ" buna layiqdir, hazırdır. "Qəbələ" isə planlı şəkildə nəticələr qazanmaqla ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etdi. Bu, böyük uğurdur. Düzdür, komanda qrupda xal qazana bilmədi, ancaq oyunlarını ortaya qoydular. Yaddan çıxarmaq lazım deyil ki, qrupda çox güclü rəqibləri var idi. Daha yaxşı nəticələr qazanmaq üçün bundan da böyük işlər görmək lazımdır. Bunu Qriqorçuk da, onun komandası da başa düşür. İndidən demək olar ki, "Qəbələ" gələn il bundan da yaxşı nəticələr qazanmağa hazırdır.
- Çempionatımızın səviyyəsi ürəkaçan deyil. Sizcə, bu, klubların sayının az olması, yoxsa komandaların əksəriyyətinin zəif olması ilə bağlıdır?
- Mən hesab edirəm ki, komandalar arasında istənilən rəqabət var. Düzdür, "Qarabağ" və "Qəbələ" digər rəqiblərindən xeyli seçilir. Amma getdikcə çempionatda fərqli nəticələrlə rastlaşırıq. Görürük ki, Premyer Liqada komandaların sayı az olsa da, rəqabət ölməyib. Bu gün turnir cədvəlindəki vəziyyət onu göstərir ki, mövsümün sonuna qədər intriqa olacaq. Avroliqaya vəsiqə verən yerlər uğrunda gərgin mübarizə gedəcək. Bütün komandaların bunun üçün şansı var.
- Bu il Azərbaycanda parlayan futbolçu müşahidə etdiniz?
- Stabil oyun nümayiş etdirən futbolçular gördük. Kiminsə adını çəkmək istəmirəm. AFFA-nın bir neçə il əvvəl çempionatda gənc futbolçuların oynaması ilə bağlı tətbiq etdiyi limit bu gün öz bəhrəsini verir. Yeni-yeni adların şahidi oluruq. Onlar milli komandalarımızda çıxış edir. Bu gedişlə onların sayı artacaq.
- Çoxları belə hesab edir ki, milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov karyerasını başa vursa, onu əvəzləyə biləcək futbolçu tapılmayacaq. Azərbaycanda uşaq futbolunun səviyyəsi Rəşad kimi futbolçu yetişdirməyə imkan verir?
- Rəşadla bununla bağlı söhbətimiz olub. Məncə, hələlik Rəşad səviyyəsində, onu əvəzləyə biləcək futbolçu yoxdur. O özü də bunu dərk edir. Buna görə də Rəşadın hələlik milli komandanı tərk etməsi yaxşı olmaz. Biz ondan ancaq xeyir görə bilərik. Rəşadı əvəzləyə biləcək futbolçuların olmamasına gəlincə, hazırda uşaq futbolunun inkişafı ilə bağlı işlər gedir. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanın güclü milli komandası olacaq. (Qol.az)