“Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnının ölkəsinin mətbuatına müsahibəsi:
- Müəyyən müddətdi Ukraynadan kənardasız. Ev işləriniz çox yığılıb?
- Əlbəttə. Məzuniyyət müddətində nəsə etməyə çalışıram. Yeni il bayramı da yaxınlaşır. Bununla bağlı əlavə işlər çıxsa da, xoşdu. Yenidən ailəmin yanındayam və bunun əvəzini heç nə verə bilməz. Onlardan ötrü çox darıxmışdım.
- İki ildi karyeranızı Azərbaycanda davam etdirirsiz. Sizi hələ də özlərininki hesab etmirlər ki?
- Mən ukraynalıyam. Düzdü, 2 ildi orda çıxış edirəm. Amma mənim Azərbaycanda hər şeyə öyrəşdiyimi demək olmaz.
- Azərbaycan dilində sərbəst danışa bilirsizmi?
- Əlbəttə ki, yox. Amma çox şeyi başa düşürəm. Lakin danışmaq çətindi. Azərbaycan sözlərini tələffüz etmək çətindi. Bundan əlavə, yerli futbolçular da rus dilini bilirlər. Braziliyalılarla ünsiyyət qurmaq üçün isə tərcüməçilər var. Qısası, bu baxımdan problemlə üzləşmirəm.
- Siz “Qəbələ”də olduğunuz müddətdə Azərbaycan çempionatının səviyyəsi yüksəlibmi?
- Mənə bu suala cavab vermək çətindi. Cari mövsümdə biz qızıl medallar uğrunda mübarizədə “Qarabağ”la rəqabət yaratmışıq. Düzdü, başqa komandalar da var ki, liderlərə əngəl törədə bilərlər. Buna görə də, Azərbaycan çempionatı maraqlıdı. Amma yerli mətbuatda yazılanlara əsasən belə başa düşürəm ki, 5 il əvvəl çempionatları daha güclü idi. Lakin həmin vaxt mən “Qəbələ”də deyildim, buna görə də, mübahisə etmək fikrim yoxdu. Azərbaycan klublarının avrokubokdakı çıxışına əsasən də fikir yürütmək olar. Turnir Avropa Liqası adlanandan bəri ilk dəfə 2012-ci ildə “Neftçi” qrup mərhələsinə vəsiqə qazandı. 2014/15 mövsümündən bəri isə “Qarabağ” Avroliqanın qrup mərhələsinin ənənəvi iştirakçısı olub. “Qəbələ” isə ardıcıl 2 il bu göstəriciyə imza atıb.
- Klub rəhbərliyi “Qəbələ”nin cari mövsümdəki çıxışından razıdımı?
- Mövsümün əvvəlində titul qazanmaq tapşırığı qoyulmuşdu. Məlum məsələdi ki, daxili yarışlarla müqayisədə, Avropada bunu etmək çətindi. Rəhbərliyimizi məyus etməməyə çalışırıq, heç olmasa kuboku qazanmaq istəyirik. Təbii ki, “Qəbələ”nin tarixində ilk dəfə ölkə çempionu adına yiyələnməsini də arzulayırıq.
- “Qəbələ” klubunun bu cür yüksəlişinin sirri nədədi?
- Əsas sirr baş məşqçi ilə bağlıdı. Roman Qriqorçuk bir hədəf uğrunda mübarizə aparan kollektiv yaradıb.
- “Qəbələ”də Qriqorçukun nəzəri dərsləri zamanı futbolçular lazımi qeydlər aparırlar?
- Periodik olaraq, biz bunu toplanışda edirik. Mövsümün gedişində isə daha çox rəqibin oyununun təhlili aparılır.
- “Qəbələ”nin “Qarabağ”la cari mövsümdəki oyunlarında hər komanda 1 qələbə qazanıb. Necə oldu ki, XIII turda hesabda öndə olduğunuz halda, məğlubiyyətlə üzləşdiniz?
- Yaralı yerimizə toxunursuz. Bəhanə kimi çıxmasın, amma hakim “Qarabağ”a kömək edib, bizi “sındırdı”. Belə ki, top Vitali Vernidubun üzünə dəydiyi halda, o, qapımıza penalti təyin etdi. Referi oyunun sonuna 4 dəqiqə əlavə etdiyi halda, biz 7 dəqiqə oynadıq. Bu müddətdə “Qarabağ”ın futbolçusu meydandan qovuldu. Amma biz psixoloji cəhətdən “sınmışdıq”. Rəqib isə əlavə dəqiqələrdə qol vuraraq, qələbə qazandı.
- Azərbaycan çempionatının oyunlarına azarkeşlər baxmağa gəlirmi?
- Bəli. Orta hesabla, hər matça təxminən 2 min azarkeş gəlir. Bu, pis göstərici deyil. Elə oyunlar da olur ki, stadion tam dolur.
- “Qəbələ”nin çempionatda işi pis getməsə də, Avropa Liqasında qrupdan çıxmağı bacarmadız. Bu, qanunauyğun oldu?
- Fikrimcə, bizim ustalıq səviyyəmiz çatmadı. Amma necə ölkələrin komandaları ilə qarşılaşdığımızı da unutmaq olmaz. Biz Fransa, Almaniya və Belçika təmsilçilərinə qarşı oynadıq. Bəzi matçlarda qələbəyə çox yaxın idik, amma son anda nəsə çatmadı.
- “Qəbələ”də sizdən savayı daha bir ukraynalı futbolçu – Vitali Vernidub da çıxış edir. Boş vaxtlarınızı bir keçirirsiz?
- Demək olar ki, həmişə bir yerdə oluruq. Oteldə otaqlarımız yan-yanadı, qonşuyuq. Səfər görüşləri zamanı isə çarpayılarımız yanaşı olur.
- 15 min əhaliyə malik şəhərdə nə ilə məşğul olmaq olar?
- Tez-tez ailəmlə danışıram. Arada “Playstation” oynayırıq. Amma bu işdə Vitali peşəkardı, mənlik deyil. İsti olanda tez-tez Bakıya, dəniz sahilinə gedirik. Ora çox gözəldi. Kurort mövsümü olanda Xəzər dənizində çimirik.
- Əvvəllər “Karpatı”da oynamış Sergey Zenyov da sizə qatılırmı?
- Əlbəttə. O ki bizimkidi, Zenyov uzun illər Ukraynada oynayıb. Buna görə, ruhən yaxınıq. Aleksey Antonov və Aleksey Qayın gedişindən sonra sayımız bir qədər azaldı.
Amma biz yenə də Ukraynanı ölkə xaricində layiqincə təmsil edənlərdənik.
- Evə qayıtmağa hazırlaşmırsız?
- Mən hazırda evimdəyəm.
- Yenidən Ukraynada oynamağı nəzərdə tuturuq...
- Hələ ki, yox. “Qəbələ” ilə müqaviləmin müddətini yarım illiyinə uzatdım. Ukraynadan təkliflər də almamışam. Qısası, yenidən Xəzər dənizinə tərəf gedəcəm. (apasport.az)