Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar başlayıb.
Sportarena.az xəbər verir ki, yanvarın 6-da start götürən seminarda 99 ölkədən 370 nümayəndə heyəti iştirak edir. İki gün davam edəcək beynəlxalq seminar Heydər Əliyev adına İdman Sarayında keçirilir.
Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer arasında görüş keçirilib. R.Abdullayev və M.Vizer görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən R.Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin Bakıda keçirilməsindən şərəf duyduqlarını bildirib. O, belə tədbirin keçirilməsini Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib:
“Cüdo dünyada ən inkişaf etmiş idman növlərindən biridir. Son illər bütün dünyada cüdoya olan maraq artıb. Əlbəttə ki, belə bir idman növünün hakimlik və yarış qaydalarında dəyişikliklərin edilməsi, yeni qərarların verilməsi bütün dünya cüdo ictimaiyyətinin diqqət mərkəzindədir. 99 ölkədən 370 nümayəndənin,cüdo mütəxəssislərinin iki gün ərzində keçirəcəyi seminardakı qərarlar cüdonun gələcək inkişafı baxımından vacibdir. Nəzəri və praktik hissələrdə keçiriləcək seminar bizim azərbaycanlı mütəxıssislər, hakimlər və məşqçilərimiz üçün önəmlidir. Azərbaycan Cüdo Federasiyası fəaliyyət proqramında dünya cüdo ailəsində önəmli yer tutmaq niyyətindədir. Bu gün cüdo Azərbaycanda çox sevilir və idmançılarımızın qazandığı uğurlar idmanın bu növünə olan sevgini daha da artırır. Sevindirici haldır ki, bu gün üç çəki dərəcəsində cüdoçumuz dünya reytinq cədvəlinə başçılıq edir.
Belə möhtəşəm və mühüm tədbiri Azərbaycanda keçirdiyiniz üçün Beynəlxalq Cüdo Federasiyasına, şəxsən cənab Vizerə təşəkkür edirəm. Seminar iştirakçılarına iki günlük müzakirələrdə uğurlar arzulayıram”.
Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək seminarın əhəmiyyətindən danışıb. O, qaydalardakı dəyişikliklərə toxunub. Marius Vizer Azərbaycan Cüdo Federasiyasının səmərli fəaliyyətindən danışaraq, 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar iki gün davam edəcək. Seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri iştirak edir. Məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.