Zaur Svanadze: "Onun gedişi komandaya təsir göstərməyəcək"

18:41 6 Yanvar 2017

Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze apasport.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:
 

- Komanda artıq hazırlığa başlayıb. Futbolçular istirahətdən necə qayıdıblar?
- Yanvarın 5-dən etibarən məşqlərimizi bərpa etmişik. Hələlik hazırlıq normal gedir. Adrian Skarlatake və Pərdis Fərcad-Azad komandaya sabah qoşulacaq. Yanvarın 10-dək Bakıdayıq. Sonra Antalyaya gedəcəyik, orada isə 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Futbolçuların artıq çəki ilə qayıtmağını nəzərdə tutursunuzsa, hansısa neqativ durum yoxdu.
 

- Qış fasiləsinə qədər hücumda daha çox güvəndiyiniz Ağabala Ramazanovun gedişi planlarınızı nə dərəcədə pozdu?
- Onun gedişi komandanın oyununa təsir göstərməyəcək. Getmək istədi. Fasilədə əlimizdə olan futbolçuların gücündən istifadə edib, onu əvəzləməyə çalışacağıq. Bizdə bunu bacaracaq oyunçular var.

 
- Ramazanovun  indiki məqamda “İnter”i tərk etməsi və “Qarabağ”a keçidinin istər media, istərsə də sosial şəbəkələrdə yanlış addım olduğunu deyirlər. Sizcə, Ramazanov qərar verərkən bir qədər tələsmədi?
- Fikrimcə, Ağabala mövsümün sonuna qədər gözləyə bilərdi. Hazırda yaxşı formada idi. Onun tələsdiyini və səhv qərar qəbul edib-etmədiyini zaman göstərəcək. Artıq bizim futbolçu deyil. Bu haqda geniş danışmağa ehtiyac duymuram.
 

- Ruslan Abışovla Səlahət Ağayevin də başqa komandaya keçəcəyi gündəmdə idi. Onları “İnter”də qalmağa necə razı saldınız?
- Hər ikisi ilə söhbətimiz oldu. Həm Ruslan, həm də Səlahət komandada qalmaq istədiklərini bildirdilər. Təbii ki, bu qərara görə şad olmaya bilmərik.
 

- Transfer qadağası ilə üz-üzə qalan “İnter” avrokuboklara vəsiqə qazanarsa, boşluqları doldurmaq üçün indidən çıxış yolu tapmısınız?
- Əvvəla bu haqda danışmaq tezdi. Digər tərəfdən, avrokuboklara vəsiqə qazansaq, yenə də ixtiyarımızda olan futbolçuların xidmətindən yararlanmağa çalışacağıq. Axı, bizim başqa variantımız, seçim imkanımız yoxdu.
 

- Əvəzedici komandadan necə, əsas heyətə axın varmı?
- Hələlik onlar üçün tezdi. Əvəzedici komandaya fikir veririk, diqqətimizi cəlb edən, əsas komandada oynamağa hazır olan futbolçunu seçirik. Budəfəki toplanışa bir nəfəri dəvət etmişik.   
 

- Çempionatın ilk iki dövrəsinin təhlilini aparmısınız. Hansı problemləri aradan qaldırmaq haqda baş sındırırsınız?
- Açığı, oyun planında elə bir problemimiz yoxdu. Komanda istədiyimiz kimi oynayır. Təbii ki, problemlər yaranarsa, onu həll etməyə çalışacağıq. İndi, baş sındıracaq dərəcədə bizi narahat edən məqam yoxdu.


Digər xəbərlər

Xəbər xətti