Əməkdar məşqçi: "Həmin turnir Azərbaycanda keçirilməsəydi..." - MÜSAHİBƏ

13:45 9 Yanvar 2017

Əməkdar məşqçi Dilarə Əhmədova AFFA-nın saytına müsahibə verib.

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Neçə ildi futbol sahəsində çalışırsız?
- 2005-ci ildən - futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsindən sonra bu sahədə çalışmağa başlamışam. Regionlarda qadın futbolunda fəaliyyət göstərən ilk məşqçilərdənəm. İlkin dövrdə 13 və 16 yaşlılardan ibarət iki kollektiv formalaşdırmışdıq. Hazırda isə “Qəbələ”nin yüksək liqada çıxış edən qadınlardan ibarət komandasını çalışdırıram. Eyni zamanda, Qaxın UGİM U-13 və U-16 komandalarının baş məşqçisiyəm. Üç komandaya rəhbərlik edirəm. Bazamız Qaxda yerləşir.


- Futbola marağınız necə yaranıb?
- Əvvəllər yüngül atletika ilə məşğul olmuşam. 4 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, yığma komandanın da üzvü idim. Müxtəlif turnirlərdə mükafatalara layiq görülmüşəm. 1986-cı ildə yeniyetmələr arasında fəxri bədən tərbiyəsi döş nişanı almışam. Uzun müddətdi idman sahəsində çalışıram. Tələbəlik illərində idman oyunlarında iştirak edirdim. İlk müəllimim Rüstəm Rəhimov olub. Atlet olmağıma baxmayaraq, futbolu çox sevirdim, böyük marağım vardı. Qadın futbol komandalarının yaradılmasından sonra futbola daha da bağlandım. Əməyim yüksək qiymətləndirildi və 2015-ci ildə Azərbaycanda qadın məşqçilər arasında ilk dəfə əməkdar məşqçi adına layiq görüldüm.

 

- 10 ildən çoxdu məşqçi kimi fəaliyyət göstərirsiz, yarışlarla əlaqədar müxtəlif bölgələrdə olursuz. Maraqlıdı, ölkənin hansı regionunda xanımların futbola marağı daha çoxdu?
- Ölkə çempionatının oyunları ilə əlaqədar müxtəlif regionlara səfərlərimiz olur. Müşahidələrimə əsasən, daha çox Zaqatala, Qax rayonlarında qızların futbola marağının olduğunu deyə bilərəm. Vacib məsələ - onları düzgün istiqamətləndirib futbola cəlb etmək lazımdı.

 

- Əsasən hansı yaş qrupu üzrə qızlar futbola maraq göstərirlər?
- 13 yaşadək olan qızların marağı daha çoxdu. Ancaq yaş ötdükcə baxırsan ki, azalma var. Misal üçün, 13-14 yaşadək 20-25 qız futbol oynayırsa, 16 yaşa çatanadək onların yarısı “itir”. Xüsusən, valideynlər 19 yaşdan sonra qızlarının futbol oynamasında maraqlı deyillər. Onlar daha çox uşaqlarının ailə qurmaq ərəfəsində olduğunu əsas gətirərək futbola qoymurlar. Bunun üçün proqramlar hazırlamalı, tədbirlər keçirməliyik. Ailələri psixoloji cəhətdən buna hazırlamalıyıq ki, gələcəkdə qızlarının futbol oynamasına normal yanaşsınlar.

 

- Bununla bağlı valideynlərlə görüşlər keçirib qızların futbola olan marağını nəzərə almaları istiqamətində söhbətlər edirsizmi?
- Əlbəttə. Mütəmadi olaraq görüşlər keçiririk. Dediyim kimi, Qaxda qadın futboluna böyük maraq var. Həmin qızları futbola yönləndirmək istiqamətində istər məktəblərdə, istərsə də müxtəlif tədbirlərdə valideynlərlə görüşlər keçiririk. Qadın futbolunun inkişafı istiqamətində ən böyük əngəl məhz bu amildi. Misal üçün, qohum-əqrəbalar, qonşular bu yöndə valideynlərə təzyiqlər edirlər, qız uşağının kobud bədən quruluşuna malik olacağını bildirərək onların fikirlərinə təsir göstərirlər.

 

- Yetirmələrinizdən milli komandada çıxış edənlər varmı?
- 2012-ci ildə ölkəmizdə təşkil olunan FİFA U-17 qadınlararası dünya çempionatında çıxış edən milli komandamızın heyətində mənim yetirməm Olya Şioşvili və Gülənbər Qasımova da vardı. Yeri gəlmişkən, Gülənbər Qasımova bu yaxınlarda C kateqoriyalı məşqçi lisenziyası alıb. Müxtəlif illərdə digər yetirmələrim yığma komandaların şərəfini qoruyublar.

 

- Məhz 2012-ci ildə Azərbaycanda təşkil edilmiş FİFA U-17 qadınlararası dünya çempionatından sonra ölkəmizdə qadın futboluna olan maraq bir qədər də artdı. Siz qadın futbolunun inkişafı istiqamətində atılan addımları necə qiymətləndirirsiz?
- Həmin çempionatın ölkəmizdə təşkil olunması özü böyük hadisə idi. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Həmin turnir Azərbaycanda keçirilməsəydi, bəlkə də qadın futbolunda bugünkü səviyyəyə gəlib çata bilməzdik. Məhz çempionatdan sonra bir neçə qadın komandası yarandı, daha çox qız futbol oynamağa başladı.

 

- Sizcə, yeniyetmə qızların futbola marağını artırmaq üçün nə kimi işlər görülməlidi?
- Əvvəlki illərdə olduğu kimi, seleksiyalar keçirməliyik. “Qadın futbolunu necə inkişaf etdirməli” mövzusunda ətraflı müzakirələr aparmalıyıq, yeni proqramlar qəbul etməliyik. Həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışları təşkil edilməlidir. Qadın məşqçiləri təcrübə toplamaq üçün xarici klubların təlim-məşq toplanışlarına göndərmək lazımdı. Eyni zamanda, veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq.


Digər xəbərlər

Xəbər xətti