Cari mövsümdə uğursuzluğa düçar olan "Neftçi" yenə də gündəmin ən aktiv mövzularındandı. Qış transfer pəncərəsi zamanı "ağ-qaralar" heyətində ciddi dəyişikliklər edib. Komandaya çox sayda legionerlər cəlb edilib. Həmçinin yerli futbolçularla da müqavilə imzalanıb. "Boavişta"da çıxış edən Kamran Ağayevin adının "Neftçi" ilə birgə hallanması, "İnter"dən Ruslan Abışovun komandaya qayıdışı futbol ictimaiyyətinin müzakirə mövzsuna çevrilib. Bu məqamı nəzərə alıb, paytaxt klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovla söhbətləşdik.
- Tahir bəy, öncə "Neftçi"nin qış transfer pəncərəsi zamanı fəaliyyəti barədə fikirlərinizi öyrənək.
- Araz və Elşən Abdullayevlərin "Neftçi"dən gedişi mənfidirsə, Ruslan Abışovun dönüşü komandaya faydalı ola bilər. Tək o deyil, Namiq Ələsgərovu da bu siyahıya əlavə edərdim. "Neftçi" rəhbərliyinin ümumi transfer siyasəti isə son iki mövsümdür fiasko ilə nəticələnir. Yayda alınan uğursuz transferlər komandadan göndərildi. Qış fasiləsində də kütləvi şəkildə əcnəbi futbolçular alınıb. Transfer işləri tamalanmadığı üçün indi dolğun analizlər aparmağımız doğru olmaz. Xüsusi vurğulayım ki, hücumçu transferi çox gecikir. "Neftçi"nin 2-3 günə təlim-məşq toplanışını bitirib, Bakıya dönəcəyini nəzərə alsaq, vaxt itgisinə yol verildiyini söyləyə bilərik. Əyani olaraq yeni futbolçuları görmədiyimiz üçün "Qarabağ"la rəsmi oyundan sonra analizlərimizi aparıb, fikirlərimizi bildirərik.
- Bildiyiniz kimi son günlərdə "Boavişta"da çıxış edən Kamran Ağayevin adı "Neftçi" ilə hallanır. Klubun rəhbərliyi ölkə futbounun inkişafından, futbolçuların Avropaya getməsindən danışır. Amma Avropada uğurlu çıxış edən Kamran Ağayevinı geri qaytarmağa çalışırlar. Bu nə dərəcədə doğru addımdır?
- Kamran Ağayev tək "Neftçi"yə deyil, ümumiyyətlə Azərbayana qayıtmamalıdır. Əsas heyətdə olduğu üçün karyerasını Portuqaliyada davam etdirməlidir. Kamran Ağayev son 10-15 ildə Azərbaycanın yetişdirdiyi ən istedadlı qapıçılalından biridir.
- Kamran Ağayev son açıqlamasında "Xəzər Lənkəran"da çıxış edərkən "Neftçi"dən sərfəli təklif aldığını söyləyib. Siz uzun müddət klubun vitse-prezidenti olmusuz. Kamrana təklif yollamısız?
- Bizim "Neftçi"də çalışdığımız dönəmdə Saşa Stamenkoviç uzun müddət "Neftçi"nin şərəfini qoruyub. Özünüz də bilirsiniz ki, çox səviyyəli və transfer qiymətinə görə münasib qapıçı idi. Həmin dönəmdə və elə indi də Saşadan 2-3 dəfə çox ödənişli qapıçılar klublarımızda çıxış edib. Hazırda karyerasını davam etdirənlər də var. Bununla yanaşı bizim qapıçılarla bağlı klub strategiyamız elə idi ki, ucuz qiymətə təcrübəli əvəzləyici qapıçı transfer edirdik. Eyni zamanda, Emil Balayev kimi gəncləri hazırlayırdıq.
- Ruslan Abışovun geri qayıtması azarkeşlərin şiddətli etirazına səbəb oldu. Verdiyi açıqlamalardan belə görünür ki, Lənkəran təmsilçisinə keçidinə peşman olub...
- Ruslan Abışov vaxtilə "Xəzər Lənkəran"a keçməsinin karyerası üçün səhv addım olduğunu bildirib. Əksər futbolçuların karyerasında belə hallar yaşana bilir. Keçmişi yox, gələcəyi düşünmək lazımdır. Komanda bir futbolçudan asılı deyil. Bilirsiniz ki, bizim dönəmdə komandanı kimin tərk etməsindən asılı olmayaraq çempionluqları, kubokları "Neftçi" qazanırdı. Əsas klub idarəçiliyi, məşqçilər korpusunun işi, komandanın sistemli şəkildə adına layiq oynamasıdır. Azarkeşlər də haqlı olaraq "Neftçi"dən layiq olduğu nəticələri istəyir. Komanda düzgün formalaşdırılsa, Ruslan Abışov və digər yerli futbolçular yaxşı çıxış edə bilər.
- Bəs azarkeşlərin Ruslana qarşı mövqeyi barədə nə düşünürsüz?
- Azarkeşlər "Neftçi"dən nəticə gözləyir, tələb edir. Klubda çalışan rəhbər, məşqçi, futbolçular bunun qarşılığını verib, fanatları sevindirməlidirlər. Belə olacağı halda bütün narazılqlar aradan qalxar.