"Bursaspor"un prezidenti Ali Ay və klubun futbol şöbəsinin müdiri Yüksəl Çolak dünən danışıqlar apardıqları millimizin baş məşqçisi Robert Prosineçki barədə açıqlama verib.
Sportarena.az xəbər verir ki, klub prezidenti xorvatiyalı mütəxəssislə ilk danışıqların müsbət keçdiyini bildirib:
"Gündəmə gətirilən 20 məşqçidən Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddir. Azarkeşlərimizin istədiyi oyunu oynadan, istəkli məşqçidi. Klub nümayəndələrindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib”.
Çolak isə dünən gecə saatlarına kimi R.Prosineçki ilə danışıqların davam etdiyini söyləyib:
“Danışıqların davamı sabaha (red-bu günə) qaldı. Danışıqlar müsbət gedir. Prosineçki bizə yaxşı davrandı. O, Bursaspor”a getmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Prosineçki sabah (red - bu gün) federasiya prezidenti ilə görüşəcək, buradakı missiyasının bitdiyini və ayrılmaq istədiyini bildirəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq”.