“Het-trik news" “Sabahın ulduzları" rubrikasında vaxtaşırı gənc və perspektivli futbolçularla müsahibələr təşkil edir, onları oxucularla tanış edir. Bu uşaqlar arasında Azərbaycanda top qovan gənc futbolçularla yanaşı ölkə xaricində futbol oynayan azərbaycanlılar da var. Rubrikamızın bu dəfəki qonağı Pənah Rüstəmovdur. Pənah 2003-cü il oktyabrın 18-də Bakıda anadan olub. 5 yaşından futbolla məşğul olmağa başlayıb, 2013-cü ilə kimi “İnter"də məşqçi Eldar Ağaxanovun rəhbərliyi altında futbol oynayıb. Həmin il ailəsi ilə birlikdə İsveçə köçüb. Ailə əvvəlcə Boros şəhərində məskunlaşıb. Pənah orada yerli “Reyboholum" komandasında futbol oynayıb. Az sonra atasının işi ilə əlaqədar Göteborq şəhərinə köçüblər və məcburən komandasını dəyşib. Hazırda “Masthugget"in U-14 komandasının futbolçusu, həm də kapitanıdır.
- Pənah, Azərbaycan üçün darıxmırsan?
- Bakı, oradakı dostlarım, qohumlarım üçün darıxıram.
- Komandanız, İsveçin uşaq futbolu ilə bağlı qısa məlumat verərdin. Orada oynamaq çətindi?
- Çətin olduğunu deməzdim. Bura gələndə ilk olaraq “Reynboholum"da oynadım. Daha sonra Göteborqa köçdük və atam məni “Masthugget"in uşaq futbol məktəbinə apardı. İsveçdə hər yaş qrupunda 5 divizion var. Bizim komanda 3-cü divizionda çıxış edir, turnir cədvəlində 3-cü yerdəyik. Əslində, burada oynamaq rahatdır. Hücumçuyam, hər oyunda 2-3 qol vururam.
- 3-cü divizion... çox aşağı deyil?
- “Masthugget"in əsas komandası İsveç çempionatında 3-cü divizionda oynadığı üçün uşaq komandaları da orada çıxış edirlər. Buna baxmayaraq, başqa divizion komandaları ilə də görüşürük. Məsələn, “Göteborq" daha “yuxarı"da çıxış etsə də, onların uşaqları ilə oynamışıq.
- İsveçdə uşaq futbolu bizim futbolla müqayisədə çox fərqlidir?
- Bəzi üstünlükləri var. Burada futbola münasibət daha yaxşıdır. Daha çox futbol meydanları xoşuma gəlir. Hər komandanın həm sintetik, həm də təbii örtüklü meydanları var. Azyaşlılar bütöv meydanda oynamırlar deyə, sintetik örtüklü meydandan istifadə edirlər. 11 nəfərlə oynayan komandalar isə mütləq təbii örtüklü meydanda oynayırlar. Fevraldan etibarən komandamız oynadığı liqada oyunlar “təbii”də keçiriləcək. Bundan başqa burada futbolçular daha sərbəstdirlər. Bir də İsveçdə məşqçilər heç vaxt uşaqlara qışqırmırlar. Ən xoşuma gələn cəhətlərdən biri də budur.
- Məgər “İnter"də səni çox danlayırdılar?
- Yox. Amma hərdən elə olurdu ki, uşaq nəyisə səhv edəndə məşqçi hirslənirdi. İndi anlayıram ki, bunu uşaqların daha yaxşı olmaları üçün edirdilər. 5 ilə yaxın Eldar müəllimin yanında futbol oynamışam. Nəyisə səhv edəndə dəfələrlə izah edirdi. Burada isə məşqçilər əsəbiləşmirlər, nəyisə başa salırlar, vəssalam. Az qala yadımdan çıxmışdı, Azərbaycanda bizə məşq və oyun formalarını klub verirdi. Burada isə aşağı yaşlı uşaqlara ancaq oyun forması verilir. Məşq üçün formanı isə pulla alırıq. Bir qədər böyüklərə isə “ekipirovka” pulsuz verilir.
- “İnter"dəki məşqçin, komanda yoldaşlarınla əlaqə saxlayırsan?
- Təəssüf ki, yox. Əlaqə nömrələrini bilmirəm. Amma atam əvvəlki məşqçim Eldar müəllimlə tez-tez danışır.
- Pənah, komandanın kapitanı olmaq çətin deyil?
- Bizdə kapitanı futbolçular seçirlər. Məşqçilər bu işi öhdəmizə buraxırlar. Kapitan seçəndə uşaqların çoxu mənə səs verdi. Kapitanlıq o deməkdir ki, başqalarına nümunə olmalısan. Mən də həm davranışım, həm də oyunumla buna çalışıram.
- Azərbaycan futbolunu izləyirsən?
- Əlbəttə. 2-3 il əvvəl “İnter"in “Elfsborq"la oyununa stadiondan baxmışdım. Keçən il “Qarabağ" bura gələndə də atamla stadiona getmişdik.
- Hansı komandaya azarkeşlik edirsən?
- “Qarabağ"a. O komandanın oyunu çox xoşuma gəlir. Xaricdə isə “Real"a. Ən böyük arzum “Real"da oynamaqdır.
- Yəqin ki, kumirin Rəşad Sadıqov və Ronaldodur?
- Hə, elədir. Rəşad Sadıqov İsveçə gələndə onunla şəkil çəkdirmişdim. Dünyada isə təbii ki, Ronaldo.
- Gələcəkdə seçim qarşısında qalsan hansı yığmanı seçərdin - Azərbaycan ya İsveç?
- Əlbəttə, Azərbaycan yığmasını. Çünki azərbaycanlıyam.
- Hazırda təhsilini İsveçdə davam etdirirsən. Dillə bağlı problem var?
- Bakıda 7 saylı məktəbdə oxuyurdum. Orada ingilis dilini yaxşı öyrənmişdim. Amma burada ingilis dilinin o qədər də önəmi yoxdur. Gərək mütləq İsveç dilini biləsən. Biz bura gələndə dil kursuna yazıldıq. 3 aya İsveç dilini öyrəndim. Ondan sonra məktəbə qəbul olundum. İndi həm ingilis, həm də İsveç dilində sərbəst danışıram. Onu da deyim ki, İsveç dili o qədər də çətin dil deyil.
- Bəs, öz dilimizi yadırğammırsan ki?
- Ailəmizdə ancaq Azərbaycan dilində danışırıq. Həm də burada başqa azərbaycanlılar da var. Onlarla da həmçinin. Ona görə yaddan çıxmır.
Pənahla söhbətdə atası Rəhim Rüstəmov da iştirak edirdi. Yoxsa, 13 yaşı cəmi 3 ay əvvəl tamam olmuş gəncdən bu qədər məlumat toplamaq çətin olardı. Rəhim müəllimlə söhbət zamanı məlum oldu ki, Pənah bir müddət əvvəl yerli QAİS komandasının Futbol Akademiyasına seçimlərdə uğurla iştirak edib. Mövsüm başa çatandan sonra komandasını dəyişəcək, QAİS-in Futbol Akademiyasında həm futbolla məşğul olacaq, həm də təhsil alacaq. Yeri gəlmişkən, sözügedən akademiya İsveçin ən samballı futbol məktəblərindən biri hesab edilir, ora düşmək heç də hər uşağa qismət olmur. Bu fakt özü Pənahın sıradan uşaq olmadığını sübut edir, onun perspektivindən xəbər verir. Üstəlik, Pənah yaşına görə yüksək fiziki göstəricilərə malikdir. 13 yaşında 175 sm boya malikdir. Bütün bunlar onun gələcəkdə yaxşı futbolçu ola biləcəyindən xəbər verir. Ölkəmiz adına uğurların bol olsun, Pənah!
Söhbətləşdi: Azər TAĞIYEV
«Het-trik news» qəzeti