21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, 5-ci qrupda yer alan yığmamız Norveç, İrlandiya və Kosova ilə qarşılaşacaq. Bu rəqiblər arasında Kosova xüsusi diqqəti çəkir.
Azərbaycan Kosovanın müstəqilliyini tanımır, əksər ölkələr də Kosova dövlətini rəsmən tanımırlar. Bu səbəbdən, Kosova və onun müstəqilliyini tanımayan ölkələrin yığmaları arasındakı matçlar UEFA və FİFA-nın qərarlarına əsasən başqa dövlətlərdə keçirilir. Bu qayda bizim milli komanda ilə oyunlara da şamil ediləcəkmi?
Sualımızı AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Mikayıl Nərimanoğluna ünvanladıq. Qurum rəsmisi bildirdi ki, bu barədə qərarı UEFA verəcək:
"Püşk bu gün atılıb. UEFA bu məsələ ilə bağlı hələ qərar verməyib. Görüş UEFA-nın qaydalarına əsasən keçiriləcək. Qeyd edim ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı Kosova idmançıları yarışlarda iştirak etmişdilər".
Qeyd edək ki, Kosova Futbol Federasiyası 2008-ci ildə yaradılıb. Qurum 3 may 2016-cı ildə UEFA-ya, 10 gün sonra FIFA-ya üzv olub.