Qəhrəman Əliyev: "Bütün işlər görülür ki, sonradan problem olmasın" - MÜSAHİBƏ

18:11 30 Yanvar 2017

Birinci divizionda mübarizə aparan "Şəmkir"in baş məşqçisi Qərhrəman Əliyev Sportarena.az saytına müsahibə verib.

 


- Qəhrəman bəy, qış fasiləsini aktiv keçirdiniz. Həm transfer, həm də hazırlıq baxımından məhsuldar oldunuz...
- Elədi ki var. Qış hazırlığına dekabrın 22-də Şəmkirdə başladıq. Bayrama qədər məşq etdik. Sonra komanda bayram istirahətinə buraxıldı. Yanvarın 5-i toplanıb, 6-ı Türkiyəyə yola düşdük. Hazırlıq zamanı keçirdiyimiz yoxlama görüşlərindən sadəcə birində məğlub olduq. O da sonuncu - "Dnepr"lə matça təsadüf etdi. Qış hazırlığını bizim üçün uğurlu sayıram. Heyətimizi gücləndirə bildik, həm də yaxşı hazılıq keçib, öz üzərimizdə çalışdıq. Futbolçulardan da razı qaldım. Özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Yoxlama oyunlarında da yaxşı oyun sərgilədilər. Rəhbərlik bizə hər cür şərait yaratdı. İndi də hazırlıqlarımız davam edir. Hava əlverişsiz olduğundan topla çalışmalar edə bilmirik. Amma komandanın fiziki və nəzəri hazırlığını daha da yaxşılaşdırmağa çalışırıq. Hava ilə əlaqədar qonşu rayonlarda, kəndlərdə yerləşən stadionlarda məşq etməli oluruq. Artıq hazırlıqlarımızı yekunlaşdırmışıq. Sabah "Şərurspor"la oyun üçün Bakıya yola düşəcəyik.

 

- Transfer dönəmində heyətinizə xeyli sayda futbolçu qatdız. Bu, nə ilə əlaqədar idi?
- "Şəmkir" mövsümün başlamasına 5 gün qalmış mənə həvalə olundu. Transfer etmək və hazırlıq keçmək baxımından heç bir iş görməyə vaxtımız olmadı. Ancaq çempionat oyunlarına hazırlaşa bildik. Komandadakı futbolçuların bir qismini ümumiyyətlə tanımırdım. Bu, bizə xeyli çətinlik yaradırdı. Amma şükürlər olsun ki, komandayla ortaq dil batıb, bir-birimizi başa düşdük. Vaxt keçdikcə futbolçuları tanımağa başladım. Eyni zamanda, komandadakı problemlər və çatışmazlıqlar da müəyyənləşdirə bilirdik. Mövsümün gedişində mümkün olan qədər bu məsələlərin üzərində işlədik. Fiziki və taktiki hazırlığımızı mümkün qədər artırmağa müvəffəq oldum. Qış fasiləsi zamanı isə lazım olan mövqeləri gücləndirdik.

 

 

- Etdiyiniz transferləri mövsümün qalan hissəsi üçün etmisiz, yoxsa Premyer Liqanı da nəzərə almısız?
- Belə desək, hazırkı komandamızın bir hissəsi Premyer Liqada oynamış və oynamaq iqtidarında olan oyunçulardan qurulub. İndiki halda isə əsas məqsədimiz Birinci divizionda uğurlu çıxış edib, Premyer Liqaya vəsiqə qazanmaqdı. Bunu rəhbərlikdə daxil olmaqla bütün kollektiv istəyir. Əsas olan bizim çıxışımızdı. Çünki rəhbərlik elitada oynamaq üçün lazım olan hər şeyi yerinə yetirir. Lisenziyalaşdırmayla bağlı bütün işlər indidən görülür ki, sonradan problem olmasın. Bizimdə borcumuzdu ki, Premyer Liqaya vəsiqə verən yeri tutaq. Əlbəttə, yüksək liqaya vəsiqə qazandıqdan sonra heyətimizi həm yerli, həm də legionerlərlə gücləndirəcəyik. Bu yöndə mütləq fəaliyyətimiz olacaq.

 

- Klub rəhbərliyinin lisenziyalaşdırmayla bağlı gördüyünüz işlərdən danışdız...
- Bəli, rəhbərlik bu məsələyə həssas yanaşır. Hətta icraçı direktorumuz sadəcə bu işlə məşğul olur. Biz Türkiyədə olanda o burda qaldı. AFFA ilə əlaqə saxlayıb, bütün sənədləri düzəltməyə çalışdı. Artıq lisenziyalaşdırmayla bağlı 70-80 faiz işlər tamamlanıb. 

 

 

- Bəs stadionla bağlı məsələniz nə yerdədi? Bildiyimizə görə bu yöndə problemləriniz var.
- Hazırda stadionumuzda qazonun durumuna nəzarət edilir. Rəhbərlik "Bakı" təlim-məşq baza stadionunda bu sahə üzrə çalışan mütəxəssisləri dəvət edib. Onlar bu yöndə işlər gördülər. Ot örtüyünün vəziyyəti əvvəlkinə baxanda yaxşıdı. İlk ev oyunumuza qədər daha da yaxşı olacaq. Əlavə meydançanın tikilməsi planlaşdırır. Oradan məşq etmək üçün yararlanacağıq. Çalışacağıq ki, heç olmasa süni örtüklü olsa belə əlavə meydança olsun. Bu, bizə mütləq lazımdı.
Rəhbərliyimiz nəinki indiki stadionumuzu təmir etmək istəyir, hətta yenisini tikməyi planlaşdırırlar. Artıq bu yöndə işlərə başlanılıb. Şəmkir İcra Hakimiyyətindən stadionun tikilməsi üçün 9 hektarlıq torpaq sahəsi də ayrılıb. Yaxın vaxtlarda bu yöndə əsaslı işlər başlana bilər.

 

- Yəqin ki, həmin ərazidə təkcə stadion olmayacaq...
- Bəli, təkcə stadionla kifayətlənməyəcəyik. Klubun bazası həmin ərazidə tikiləcək. Planımız budu.

 

- "Şəmkir" və qərb zonası yetişdirdiyi futbolçularla ölkə futbolunda yaxşı mənada ad çıxarıb. Uşaq futbolu ilə bağlı işlər görürsünüzmü?
- Bildiyiniz kimi, AFFA-nın lisenziyalaşdırmayla bağlı qaydalarından biri də klubların tərkibində uşaq komandalarının və ya futbol akademiyasının olmasıdı. Artıq bu yöndə işlər görülür. Dörd yaş qrupu üzrə komanda qurulub. Bütün yaş qrupları üzrə komandalarımız mütləq olacaq. Bizdə istəyərik ki, gələcəkdə yetirməmiz olan futbolçuların xidmətindən yararlanaq.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti