BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Sportarena.az Trend-ə istinadən xəbər verir ki, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.
Sazişi Azərbaycan gənclər və idman naziri, İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.
A.Rəhimov bildirib ki, BP ilə əməkdaşlıq sazişinin imzalanması çox sevindirici haldır: “Bu bizim ilk sponsor müqaviləmizdir. Müqavilə BP şirkəti ilə imzalanır. BP Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda bir çox layihələr həyata keçirib”.
A.Rəhimov xatırladıb ki, 2017-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəylik İli” elan edilib: “Bu baxımdan İslam Hərməylik Oyunları bu ilin ən böyük tədbiridir. Biz buna çox ciddi hazırlaşırıq. Biz istəyirik ki, bu, dünyada böyük bir bayrama çevrilsin və bütün dünyaya islam dostluğunu çatdıra bilsın. İnanırıq ki, bu yarışma uğurla və yüksək səviyyədə baş tutacaq. BP şirkətinə də təşşəkürümüzü bildiririk ki, bu oyunlara dəstəyini göstərir”.
Q.Birrell isə bildrib ki, İslam Həmrəylik Oyunları mühüm əhəmiyyət kəsb edir: “2017-ci il bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəylik Oyunlarının rəsmi tərəfdaşı oluruq və eləcə də Milli Olimpiya və Paralimpiya komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilə qədər uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik”.
BP 6 min gəncin cəlb olunacağı Bakı-2017 könüllülük proqramına da dəstək göstərir.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.