Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün satışa çıxarılacaq biletlərin sayı açıqlanıb.
Sportarena.az xəbər verir ki, mayın 12-22-də təşkil olunacaq İslamiadaya 20 növ üzrə 500 mindən artıq bilet satışı nəzərdə tutulub.
Biletlərin satışına martın 19-dan start veriləcək. Qiymətlər 2 manatdan başlayacaq. Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin ən bahası isə 5 manat olacaq.
16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 manat, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin qiymətlərinə gəlincə, açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat arası olacaq.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.
Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall Ticarət Mərkəzləri daxildi. Bununla yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.
IV İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirməkdi:
“Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda, biletlərin qiyməti baxımından da onların məmnunluğudu”.