"Azərbaycandakı hamı kimi, bu, mənim üçün də böyük hadisə olar" - Ramil Şeydayev - MÜSAHİBƏ

11:30 15 Fevral 2017

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın mətbuatınıa müsahibə verib.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir.

 

 

 

- “Jilina”ya keçidiniz necə baş verdi?

- Slovakiya klubundan təklif aldım və ora yollanmaq qərarına gəldim. “Jilina” yaxşı komandadı və hazırda ölkə çempionatında liderdi. Çox güman ki, gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. “Trabzonspor”dakı sabiq komanda yoldaşlarım Bero və Duritsa mənə dedilər ki, “Jilina” möhkəm komandadı. Burda baş məşqçi ilə görüşdüm. O, mənim keçidimdən məmnun qaldığını söylədi, “sən bizə, biz də sənə kömək edəcəyik” dedi. Təbii ki, start heyətində oynayacağıma təminat vermədi, çünki burda gərgin rəqabət var. Bilirəm ki, “Jilina” çox qol vuran komandadı. Bu üzdən də bura uyğunlaşmaq asan olacaq.

 

 

- “Jilina”nın hansısa futbolçunu əvvəlcədən tanıyırdınızmı?

- Xeyr, amma tədricən tanımağa başladım. İngilis dilində az da olsa bilirəm. Üstəlik, burdakı futbolçuların da çoxu rus dilini başa düşür. Fiziki cəhətdən hazır olmağa çalışıram. Ümid edirəm ki, həftəsonuna qədər tam hazır olacam.

 

 

- Harda qalırsınız?

- Hələlik oteldə. Yəqin ki, tezliklə kirayə ev tutacam. Hər şey yaxşıdı.

 

 

- Jilinada hava Trabzondakından daha sərt olur?

- Hələlik xeyr. Türkiyədə qış o qədər də isti olmur. Yalnız fevralın ortaları bir az isti keçir.

 

 

- “Trabzonspor”dan necə ayrıldınız?

- Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var və “Jilina”da icarə əsasında çıxış edəcəm. Trabzonda mənə uğurlar arzuladılar.

 

 

- Türkiyə Superliqasında 1 matçda iştirak etdiniz və ölkə kubokunda 1 qol vurdunuz. Yarımillik Türkiyə macəranızı necə dəyərləndirərdiz?

- Mənə orda çətin oldu. Futbolda belə hallar olur, alınmadı və oyun praktikamı artırmaq üçün icarəyə yollandım. Həyatda belə şeylər olur. Təslim olmamalı və özümü təsdiq etməliyəm. Hər şey özümdən asılıdı.

 

 

- Çox gənc yaşda Türkiyənin böyük klublarından birinə keçdiniz. Düşünmürsünüz ki, əsas heyətə düşə bilməməyinizin səbəbi məhz budu?

- Bu sualı “Trabzonspor”un baş məşqçisinə versəniz, daha yaxşı olar. Fikrimcə, oynamağa tam hazır idim amma niyə belə alındığını bilmirəm.

 

 

- Türkiyə çempionatı barədə nə deyə bilərsiniz?

- Güclü, maraqlı çempionatdı. Gözlədiyim kimi oldu: yaxşı azarkeşləri, əla stadionları var. Mənim çox xoşuma gəldi. “Trabzonspor”da əla komanda formalaşdırılır, oyunçular arasında münasibət yüksək səviyyədədi.

 

 

- “Zenit”də çıxış etmiş “Trabzonspor”un əfsanəvi futbolçusu Fatih Təkkə ilə görüşdünüzmü?

- Xeyr, onunla heç bir söhbətim olmayıb.

 

 

- “Trabzonspor” böyük klubdu?

- Bəli. Orda oynamamağımdan başqa hər şey ürəyimcə idi. Yerli azarkeşlər də məni çox isti qarşıladılar. Trabzonda futbolu sevirlər. Azarkeşlər bütün oyunçuları tanıyırlar və onları daim dəstəkləyirlər.

 

 

- Azərbaycan millisində “Trabzonspor”dan çox oyun keçirmisiniz. Yığmaya dəvət sənin üçün ürək rahatlığı rolunu oynayırmı?

- Belə cavab verəcəm: Azərbaycan yığmasını seçməkdən məmnunam. Hiss edirəm ki, mənimlə maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milliyə tez uyğunlaşdım. İlk oyundan komandama mümkün qədər çox xeyir verməyə çalışdım.

 

 

- “Zenit”in oyunlarını izləyirsinizmi?

- Əlbəttə. Oyunlara da baxıram, uşaqlarla əlaqə də saxlayıram.

 

 

- “Zenit” Avropa Liqasının 1/16 final mərhələsində “Anderlext” səddini keçə biləcəkmi?

- Fikrimcə, keçəcək. Çünki “Zenit” rəqibdən daha güclüdü.

 

 

- Sankt-Peterburq klubunu tərk etdiyiniz və vətəndaşlığı dəyişdiyiniz üçün heç təəssüflənmisizmi?

- Xeyr, bu qərarıma görə peşman deyiləm. Getməsəydim peşman olardım.

 

 

- “Zenit”də oynamaq şansınız yox idi?

- Niyə yox idi? Şans hər zaman var. Sadəcə, gücümü başqa ölkədə və çempionatda sınamaq qərarına gəldim.

 

 

- Deyilənə görə, “Zenit” sizə yeni müqavilə təklif etmişdi…

- Bəli, təklif olunmuşdu. Ancaq mən öz seçimimi etdim.

 

 

- Qarşıdakı il yarım müddət üçün hədəfləriniz nələrdi?

- “Jilina”da öz oyunumu göstərmək, əsas heyətin daimi üzvünə çevrilmək və avrokuboklarda iştirak etmək istəyirəm. Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram. DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşırıq. Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə əldə etmək şansımız az deyil. Azərbaycandakı hamı kimi, bu, mənim üçün də böyük hadisə olar.


Digər xəbərlər

Xəbər xətti