Tahir Süleymanov: "Hakimlikdəki indiki durum AFFA və PFL-ə sərf edir" - MÜSAHİBƏ

13:37 15 Fevral 2017

Sabiq FIFA referisi Tahir Süleymanov "Futbolpress"ə müsahibə verib.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir.

 



- Hakim səhvləri miqyasından asılı olmayaraq, bütün liqalarda olur. Azərbaycan çempionatında, xüsusən, müntəzəm səhvlərin məhz qış fasiləsindən sonra olması ayrıca səbəbdi, yoxsa təsadüf?
- Söhbətimizin sırf hakimlik üzərində olmasını istəməzdim. Çünki futbolumuzun problemi tək bu sahə deyil. Çempionatda 8 komanda qalıb, onların da 1-2-si can verir. Məsələlərə kompleks yanaşılmalıdır.

Hakimliyə gəldikdə isə qış fasiləsindən öncə də səhvlər yetərincə idi. Çempionatın finişinə 10 tur qalıb. İndi hər hakim səhvi, hər itirilən xal sonda kimisə çempionluqdan edəcək. Bu səbəbdən müzakirələr, etirazlar daha qabarıqdı. Bir daha vurğulayıram, Azərbaycan futbolunun problemi tək hakimlik deyil.
 

 

- Ramil Diniyev, Orxan Məmmədov və bir neçə laynsman 3-5 oyunluq cəzalandılar. Oxşar səhvi edən Fariz Yusifov yox. Bunu hakim qıtlığıyla əlaqələndirirmək olar. Sizin fikriniz?
- Hakim səhv edibsə, cəzalanmalıdır. Yaxşı olar ki, cəzalar ictimaiyyətə açıqlansın. Dövlət sirri deyil ki... Şəffaflıq olsa, hakimlərə inam da artar. Fariz Yusifov son oyunları məsuliyyətlə idarə etməyə çalışır. "Qəbələ" - "Neftçi" oyunundakı səhv qərar əsasən köməkçinin üzərinə düşür. Təəssüf ki, son 10-15 ildə FIFA və UEFA-nın hakimlər, qaydalarla bağlı qəbul etdikləri qərarlar baş hakimlərin məsuliyyətini azaldıb. Bu da idarəçiliyə öz mənfi təsirini göstərir. Son qərar referinin olsa da, oyunlarda hakim sayının artırılması psixoloji baxımdan baş hakimə təsir edir. Kəmiyyətin artması keffiyyətin yüksəlməsi anlamına gəlmir. Ona görə də bir çox aparıcı çempionatlarda əlavə hakimlərdən istifadə olunmur.
 

 

- HK sədri Xaqani Məmmədov problemlərdən danışılanda Əliyar Ağayevi yetişdirdiklərini önə çəkir, sanki bəraət kimi. Ancaq Əliyarın idarə elədiyi "Zirə" - "Qəbələ" matçında da bir neçə səhv oldu, onlardan biri hətta nəticəyə birbaşa təsir edən idi...
- Azərbaycan hakimlik məktəbinin tarixi var və bütün dünyada tanınır. Hakimlik futbolumuzun ruhundadır. Hər 10-15 ildən bir 1-2 istedadlı hakim üzə çıxır. Əsas əvvəlki səhvləri etməmək, onları qorumaq, inkişaf etdirmək lazımdır. Qış fasiləsində hakimlərin futbolumuzdan, klublardan öndə olduğunu vurğulandı. Əliyar Ağayevin Avropada önə çıxmasını şərtləndirən əsas məsələlərdən biri klublarımızın davamlı olaraq qruplarda oynamasıdır. "Neftçi" - "İnter", "Qarabağ" - "Totenhem", "Qəbələ" - "Anderlext" oyunlarını görən UEFA-da “Azərbaycan hakimləri də bu səviyyədə oyun idarə edə bilər” təfəkkürü formalaşdı. Eyni zamanda AFFA, PFL tərəfindən Hakimlər Komitəsi üçün istənilən şərait yaradılıb və beynəlxaq qurumlar da dəstək verirlər. Baxın, bəzi klubların Antalyada təlim-məşq toplanışına gedə bilmədiyi halda hakimlərin belə imkanı var. Daha irəli getmək isə Əliyar Ağayev və digər hakimlərin öz üzərilərində daha ciddi çalışmalarından və Hakimlər Komitəsinin nəzarətindən, qayğısından asılıdır.

"Zirə" – “Qəbələ” oyununa gəldikdə qış fasiləsindən sonra davamlı hakim səhvləri bu görüşə də öz damğasını vurdu. Əliyar Ağayevi istedadlı hakim kimi qorumaqla yanaşı, tövsiyəm o olar ki, öz briqadası ilə oyunlara daha məsuliyyətlə yanaşsın və bugünkü statusuna uyğun idarəçilik olsun.
 

 

- Qarşıdan ölkə çempionatının ən dramatik qarşılaşması gəlir: "Qəbələ" - "Qarabağ". Hansı hakim təyin olunacaq - müəmmalı məqamdı, çətin sualdı. Siz necə yanaşardız bu məqama?
- Çempionluğa oynayan iki klubdur. İstəməzdim ki, bu görüş tək hakimlik baxımından diqqətdə olsun. Tənqidlərin özü pozitiv, səmimi olmalıdır. Təəssüf ki, son vaxtlar mütəxəssis, məşqçi, jurnalist, ümumilikdə ictimaiyyətin obyektiv tənqidi fikirləri başqa cür yozulur, təqdim edilir. Klublarda çalışan insanların haqlı iradları özlərini sığortalamaq kimi qələmə verilir. Qurban Qurbanov Ağabala Ramazanovun “sarı”sı, Roman Qriqorçuk idarəçilik, Fariz Nəcəfov ümumi hakimlik barədə fikirlərini mətbuatda bildiriblər. Onlar da, vaxtilə özümüz də klub səviyyəsində uğur qazanan insanlarıq. Uğur qazanan insanlar hansı "uğursuzluğu" sığortaya bilər?! Qruplarda çıxış edən klubların, insanların özlərini qorumasına ehtiyac yoxdur, onların qorunmasına ehtiyac var.

Bir anlıq təsəvvür edin, "Qarabağ" və "Qəbələ" digər klubların vəziyyətinə düşsə, Azərbaycan futbolu nə hala qalacaq... Dağılmış və dağıdılmış klublar nə tez yaddan çıxdı?! Son 10-12 ildə futboldan xəbəri olmayıb futbolda olanlar hardadı? Bu gün AFFA-dan klublara göndərilən "futbol adamları" nə edəcək? Klublarımızı qruplara daşıyacaq? Son iki mövsümdə "Neftçi" nə duruma salındı... "İnter" dağılmaq üzrədir. "Kəpəz"in durumu göz önündədir. Havadarlar bunu istəyirlər. Söz sahibi olan, işini bilən insanlar yox, futboldan anlayışı olmayan kölələr yetişdirilir və təbliğ olunur. Klublar qanun çərçivəsində öz haqqlarını müdafiə etməyi bacarmalıdı - etiraz, narazılıqla deyil, məhz qanun çərçivəsində. Etiraf edək ki, qanunlara riayyət olunmayanda klubların emosional həddə olması da qaçılmaz olur. Qanunsuzluq qanunsuzluğu gətirir, buna şərait yaradır.

"Qəbələ"-"Qarabağ" görüşünün normal keçməsi tək hakimlərdən asılı deyil. Oyunun AFFA nümayəndəsi dəfələrlə UEFA bayrağı altında keçirilən oyunlarında rəsmi nümayəndə olmuş Elxan Məmmədov olsa, daha məqsədəuyğun olar. Bir dəfə xaricə getməsələr, dünya dağılmaz... Futbol sahəsinə cavadeh insanlardı. Olimpiya stadionunda Taleh Heydərov və Ronaldinyonun yanında oturan baş katib niyə Qəbələyə məsul oyuna rəsmi nümayəndə kimi getməsin ki?! Hər oyuna qonorar da verirlər. Çempionatın təşkilatçısı kimi PFL-in prezidenti Ramin Musayev də bu oyunda olmalıdır. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov qış fasiləsindən sonra iki dəfə "Qarabağ"ın oyununda hakim-inspektor olduğu üçün görüşə İnspektorlar Komitəsinin sədri Əli Hüseynov təyin olunsa, daha doğru olar. Hakimlərə gəlincə, indiki durumda Fariz Yusifov ola bilər. Əliyar Ağayev "Qəbələ"nin son oyununu idarə etdiyi və problemlərin olduğu üçün məsləhət olmasa da, statusuna, bacarığına görə onu da namizəd göstərmək olar. Əgər yuxarıda qeyd etdiklərim səviyyəsində oyuna, təşkilatçılığa yanaşılarsa, gənc hakimlərdən biri də oyuna təyinat ala bilər. Psixoloji baxımdan ağır oyun olsa da, hakimlər belə oyunlarda artırır, təcrübə qazanır.

Eyni zamanda görüşdən bir gün öncə Klublar Komitəsinin də toplantısını Qəbələdə keçirilməsini təklif edərdim. Qəbələdəki otellər Bakıdakılardan geri qalmır, istənilən şərait var. Media Komitəsi, PFL xəttilə jurnalistlərin də görüşdə olması mütləqdir. Dəvət olarsa, özümüz, mütəxəssislər də Qəbələyə gedib oyunu stadiondan canlı izləyə bilərik.

Oyunda məşqçilərin taktiki, psixoloji gedişləri mühüm rol oynayacaq. Nəzərə alsaq ki, xal fərqinə görə "Qəbələ"yə mütləq qələbə lazımdır, oyunun gərginliyi yüksək olacaq. "Qarabağ"a görüşdə heç-heçə də yetərlidir.
 

 

- Hakimlər Komitəsinin sədri bugünlərdə hakimlərə mediaya danışmağa icazə verdi. İllərdir davam edən qadağanın birdən aradan qaldırılmasına səbəb nə ola bilərdi?
- Hakimlərin öz oyunlarını şərh etmələri məsləhət deyil. FIFA, UEFA bunu istəmir. Hakimlik çox ağır sahədir. Psixoloji baxımdan onları oyunda və oyundan sonra təzyiq altına salmaq olmaz. Hakimlər media ilə oyunları ilə bağlı deyil, özləri barədə ünsiyyət qura bilərlər. Onlar kifayət qədər qorunur. Təəssüf ki, çox vaxt obyektiv deyil, ifrat dərəcədə müdafilə olunurlar. Belədə səhv ardınca səhv gəlir, hakimlər arxayınlaşır. Hərə özünə cavabdeh olsa, anarxiya baş verər. Hakimlərə cavabdeh qurumlar var. Əsas məsələ düzgün yanaşma ilə hakimlərə olan inamı artırmaqdır.

 


- Hakimlərin idarə elədiyi oyuna görə hansı qiymət aldığı sirr saxlanır. Sizcə, bu belə olmalıdır?
- Məntiqsizlikdi. Hakim oyunun psixoloji yükündən çəkilməmiş ictimaiyyət önünə çıxarılırsa, qiymətlər niyə elan olunmur? Hakimə qiymət verən hakim-inspektordu. Danışmağa qalsa, onlar bu yükü daşımalı, idarəçiliyi əsaslandırmalıdır. Əliyar Ağayev və digər hakimlərin beynəlxalq oyunlarda qiyməti bilinən kimi yaxşı mənada ictimaiyyətə çatdırılır. Doğru da edilir. Burda qəbahətli bir məqam yoxdur. Daxili çempionatda da bunu etmək lazımdır. İctimai nəzarət olanda hakimlərin məsuliyyəti artır, idarəçilik keyfiyyəti yüksəlir, inam çoxalır. Əks halda inamsızlıq yaranır və ictimaiyyətdə mənfi fikirlərə yol açır. Ümumiyyətlə, İnspektorlar Komitəsi çoxdandır ki, kölgədə qalıb. Bütün məsuliyyət tək hakimin üstündə olmamalıdır. Ona nəzarət edən, qiymət verən, hər oyuna qonorar alan inspektorun cavbdehliyi heç də az deyil.

 


- İldə iki dəfə xaricdə təlim-məşq toplanışı keçən hakimlərimizin hazırlıq səviyyəsi buna uyğundurmu?
- Bayaq da qeyd etdiyim kimi hakimlər üçün AFFA, PFL tərəfindən hazırlıq baxımından hər cür şərait yaradılıb. Sloveniya, Polşa, Türkiyədə təlim-məşq toplanışları böyük xərc tələb edir. Yaradılan şəraitə uyğun idarəçilik olmalıdır. Səhvlər ola bilər. Davamlı kobud səhvlər isə yolverilməzdir və haqlı olaraq narazılığa səbəb olur.

 

 

- Hakimlikdə hansı islahatlara ehtiyac var?
- Tək hakimlikdə yox, bütün Azərbaycan futbolunda böyük islahatlara ehtiyac var. Futbol bir hakimlikdən ibarət deyil.
 

 

- HK rəsmən AFFA katibliyinə tabedir, ancaq, adətən, PFL tənqid olunardı. İndi heç PFL tərəfi də hakim səhvlərinə görə nəsə danışmır, katiblik də...
- Yaxşı sualdır. Hakimlər Komitəsinin tərkibini AFFA İcraiyyə Komitəsi təsdiq edir. Katiblik bu qərarların icrasını təmin etməli, əlaqələndirməlidir. Fikirlər populizmə, subyektivliyə deyil qanunlara söykənməlidir. İstər AFFA, istər PFL, istərsə də Hakimlər Komitəsi ayrı-ayrılıqda tənqid olunur. Bu doğru yanaşma deyil. Hamısı bir mexanizm kimi ümumi sistemdə futbol qanunları ilə əlaqəli idarə olunmalıdır. Bu sistemdə biri doğru biri yalan ola bilməz. Hamısı məsuliyyət daşıyır. Elxan Məmmədov de-yure, de-faktodan danışır. Hansı əsasla? Klublar, Məşqçilər Komitəsi yaradanlar üçün - baxmayaraq ki, hər ikisinin rəsmi qurumları var - Hakimlər Komitəsini özlərinə tabe etmək çətin məsələ deyil. Deməli, hakimlikdəki indiki durum AFFA və PFL-ə sərf edir. PFL klubların təmsilçisidir. Nə qədər tənqid etsək də, fakt budur ki, qurum yaranandan sonra klublar tarixi uğurlar qazanaraq avrokuboklarda qruplara vəsiqə qazanıb. Klubların dağılması prosesi isə 25 ildi davam edir, 50-dən çox klub/komanda dağılıb. PFL-ə ən böyük zərbə hakimlərdən gəlir. Ramin Musayev birmənalı şəkildə Hakimlər Komitəsini öz kurasiyasından çıxarmalıdır. Bu günə qədər mətbuatda bir dəfə də olsun bu barədə fikir səslənməyib. Problemli sahə olmaqla yanaşı hər kəs bilsin, futbol təsərrüfatında çox az sayda vəzifələr var ki, mütləq mütəxəssis olmalıdır. Yoxsa Xaqani Məmmədovun yerinə çoxdan qohum, dost-tanış təyin edərdilər. Baş katibi hərtərəfli bu sahə cəlb etmir. Ən yaxşı halda sədr vəzifəsinə əcnəbi müətəxəssis cəlb edə bilərlər. AFFA idarəetməsindəki nöqsanlar Hakimlər Komitəsini havada saxlayıb. Xaqani Məmmədov isə çoxdan öz aqibəti ilə barışıb. Bütün bunlar çempionata, ümumi futbola, hakimliyə çox böyük zərbə vurur. Qanun şah olmayanda şah qanun olur. Belədə vəzirlərin kim olması önəmli deyil.


 

- Hakimlərin səviyyəsi haqda müzakirələr genişdir. Bəs çempionatın səviyyəsini necə dəyərləndirərdiz - hansı təklifləriniz, iradlarınız var?
- Qeyd etdiyim kimi, futbol bir hakimlikdən ibarət deyil. Məlum səbəblərə görə çempionatın səviyyəsi çox aşağı düşüb. Təsəvvür edin "Qarabağ" Gəncəyə "Kəpəz"dən tez gedib çıxır. Futbolda düzgün qurulmayan sistemin nəticəsində klublar dağıldı. Bu işdə klubların özlərinin də günahı çox oldu. Çox vaxt klubları futbolçu yetişdirmədiklərinə görə qınayırlar. "Bakı"nın bazası, uşaq futboluna yüksək qayğısı var idi. Mahir Mədətovdan tutmuş Namiq Ələsgərova qədər onlarla futbolçu yetişdirdilər. Çətin durumda AFFA niyə yaxın durmur onlara? Təyyarələrdən düşmürlər, "Xəzər Lənkəran"-nın durumu ilə bağlı Lənkərana gedib niyə dəstək vermədilər? Kimlərsə deyə bilər ki, bu AFFA-nın işi deyil. UEFA hər dəfə klublarımıza uşaq futbolunun inkişafına görə maddi yardım edir. Çünki, gələcək futbolçu nəslini düşünürlər. UEFA bunu edirsə, AFFA yüz qatını etməlidir.

Tənqidləri, öz təbirləri ilə desək, qərəzli insanlar etmir. AFFA-da oturan yığmaların məşqçiləri bildirirlər ki, yaş qrupları üzrə yığmalara futbolçu tapa bilmirik. Bəs uşaq futboluna xərclənən milyonlar hara uçdu? Aşağı yaş qruplarına əcnəbi futbolçular cəlb etmək cinayət deyilmi? Bölgələrdə yerləşən federasiyaların hamısı kağız üzərindədir. Heç birinin maddi-texniki bazası yoxdur. 10-larla istedadlar baxımsızlıqdan məhv olur. Lippertlər isə AFFA-da xalqın pulu ilə bəslənilir. Bir daha qeyd edirəm, Azərbaycan futbolunun problemi tək hakimlik deyil. Futbolun gələcəyini istəyiriksə, problemlərin həll olunması üçün ciddi addımlar atılmalı və bütün qüvvələr birləşməlidir. Bunu isə AFFA-da oturanlar etməlidir. Futbolda cavabdehlər şəxsi maraqlara deyil, ümumi futbola qulluq etməlidirlər.


Digər xəbərlər

Xəbər xətti