"Qarabağ"ın meneceri Asif Əsgərovun Sportarena.az saytına müsahibəsi.
- Asif bəy, bu gün Klublar Komitəsinin iclası keçirildi. Hansısa vacib qərar qəbul olundumu və ya müzakirə edildimi?
- Xeyr, sadəcə gündəlikdəki məsələlər müzakirələr edildi.
- Son zamanların əsas mövzularından olan stadionların ot örtüyü məsələsi bağlı söhbət aparıldımı?
- Bu barədə heç bir söhbət olmadı.
- Futbol ictimaiyyətinin diqqəti həftə sonu baş tutacaq "Qəbələ" - "Qarabağ" matçına yönəlib. Bu oyun ətrafında ciddi müzakirələr gedir. Biraz da ajotaj var.
- Oyuna marağın olması yaxşı haldı. Hər hansı əlavə mübahisələr yoxdur. Bəzi məsələlər həddindən artıq yersiz olaraq şişirdilir. Oyunlara azarkeşlərin cəlb olunması, futbolumuzun səviyyəsini qaldırmaq barədə fikirləşməliyik. Başqa mövzular ətrafında fikirlərimizi yayındırmağı düşünmürük.
- "Qəbələ" rəsmiləri son zamanlar baş verən hadisələrə emosianal şəkildə reaksiya göstərirlər. Sanki "Qarabağ"a qarşı aqressivdilər.
- "Qəbələ"nin nümayəndələrinin açıqlamalarını mətbuatdan izləyirəm. Onların fikirlərində "Qarabağ" əleyhinə heç bir şey görmürəm. Onlarla münasibətlərimiz yaxşıdır. "Qəbələ"nin də bizim kimi rəhbərliyi, nümayəndələri, siyasətləri var. Onlar da müəyyən yöndə işlər görürlər. Hər hansı bir məsələyə münasibət bildirmələri də təbiidir. "Qarabağ"ın da öz duruşu, yolu, siyasəti var. Bizim kənar köməklərə ehtiyacımız yoxdur, olmayıb, olmayacaq da. Hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq.
- Mətbuatı izləyirsizsə, yəqin "Qəbələ" rəsmilərinin "Zirə" ilə bağlı etirazlarından xəbərdarsız. Onların fikrincə rəqib onlara qarşı çıxış etdiyi kimi sizinlə matçda oynamayıb...
- Bu fikirlərlə tanış deyiləm. Kimin bu fikirləri səsləndirdiyini bilmədiyimdən bu barədə açıqlama vermək istəmirəm. Həm "Zirə", həm "Qəbələ" bizə rəqib olan klublardı.
- Son zamanlar mətbuatda Dani Kintanın aldığı ciddi zədədən sonra "Qarabağ"dan ayrılmaq istəməsi barədə xəbərlər yayılıb. Bu həqiqətə uyğundurmu?
- Xəbər doğru deyil. Bu, xəbəri yazan insan təxəllüyünün məhsuludur. Yəqin həmin şəxs Danini insan kimi tanımır. Futbolçu kimi necə biri olduğu hər kəsə məlumdu. Kintana insanlıq baxımından da seçilən biridir, komandaya da sadiqdir. Biz onunla mütəmadi əlaqə saxlayırıq. Tezliklə zədəsini sağaldıb komandamıza kömək etmək barədə düşünür.
- Kintana nə vaxtdan məşqlərə başlaya biləcək?
- Klublarımızın həkimlərinin ilkin müayinəsindən sonra məlum oldu ki, 6 ay oynamayacaq. Əməliyyat olunub, fiziteropiyadan keçdikdən sonra Bakıya qayıdacaq. Məşqlərə komandanın yay hazırlığından etibarən qoşulacaq.
- Qurban Qurbanov bir müddət əvvəl hücumçu mövqeyinə futbolçu axtardığını, ancaq indi bunun çətin olduğunu söyləmişdi. Bu məsələ nə yerdə qalıb?
- Qurban Qurbanovun skaut heyəti var. Onlar ilin 12 ayı futbolçuları izləyirlər və bu barədə Qurban bəyə məlumat verirlər. Baş məşqçimiz ehtiyac duyduğu halda transfer məsələsi ilə bağlı klub rəhbərliyinə məlumat verir. Hər hansı bir yenilik olsa, birinci siz xəbərdar olacaqsız.
Heybət Məmmədov