Azərbaycan milli komandasının və "Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə Super Liqasında 21-ci turun "Kayserispor"la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.
Sportarena.az xəbər verir ki, buna hücumçunun matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək, qırmızı vərəqə alması səbəb olub. Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş və klubun Konqres üzvü komandasını azlıqda qoyaraq, 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. O, "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bur daha bu formanı geyinmə!" deyib.
Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 28 xalla 8-ci pillədədir.