Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər - YAZI

14:55 18 Fevral 2017

Zədələnmə və ya travma orqanizmə hər hansı xarici faktorun (mexaniki, fiziki, kimyəvi, radioaktiv, rentgen şüaları, elektrik və s.) təsiri və bunun nəticəsində orqanizmin toxumasının tamlığının, quruluşunun və normal fizioloji fəaliyyətinin pozulmasıdır. Zədələnən toxumanın xarakterindən asılı olaraq zədələnmələr 3 hissəyə bölünür - səthi (əzik,yara), dərialtı (bağların qopması, sınıq və s.) və daxili (qansızma,döş qəfəsi və qarın boşluğunun zədələnmələri və s.). Öz növbəsində ağırlığına görə travmaların 3 növü vardır:

 

Ağır zədələnmə zamanı sağlamlığın kəskin pozulması müşahidə olunur ki, bu da idmançının 30 gündən artıq idman qabiliyyətini itirməsi deməkdir. Orta ağır travmalar idmançını 10-30 gün idmandan kənarda qoyur. Yüngül zədələrə sıyrıq, əzik, I dərəcəli dartınmalar və s. aiddir ki, bu zaman idmançının ümümi idman qabiliyyətinin itirilməməsi, həkim müalicəsi ilə yanaşı yüngül intensivliklə məşqlərə davam etməsi və 10 günə kimi idman qabiliyyətinin tam bərpa olunması ilə xarakterizə olunur. Bundan başqa travmalar kəskin və xroniki, mikrotravmalar, çox yüngül və çox ağır (əlillik və ölümlə nəticələnən) dərəcələrə  də bölünür. Travmaların hər 3 forması böyük futbolda olduğu kimi uşaq futbolunda da rast gəlinir. Zədələr kiçik yaşlı idmançılar üçün böyük bir sınaqdır. Hətta yüngül gedişatlı zədələnmə belə uşaqlarda idmanla məşğul olmaq marağını azalda bilər. Onu da nəzərə almalıyıq ki, ağır idman zədələnmələrinin 8-10 faizi ümumi əmək və idman qabiliyyətinin itirilməsinə, hətta əlilliyə gətirib çıxara bilir.

 

Uşaq futbolunda ən çox rast gəlinən zədələnmə növləri dedikdə, əziklər, çıxıqlar, sınıqlar, yaralar, əzələ və bağların dartınmaları, tendinitlər, fassitlər yada düşür. Sadalananlar haqqında qısaca məlumat vermək yerinə düşər.

 

Əziklər yumşaq toxumaların zədələnməsidir. Bu zaman ümumi örtük zədələnmir. Bir çox hallarda qan damarlarının zədələnməsi ilə dərialtı qansızma (hematoma) ilə müşahidə olunur. Əzik nayihəsində ağrı, şişkinlik müşahidə olunur, toxumanın rəngi dəyişir, həmin nahiyədə ətraf və oynağın funksiyası pozulur. İlk yardım olaraq əzilən hissənin fəaliyyəti məhdudlaşdırılır, bir növ istirahət verilir. Əzik nahiyəsində sıyrıq varsa, həmin yer spirt, yod, brilyant abısı məhlulu ilə silinir. Əzilən yerdə hematomanın əmələ gəlməsinin qarşısını almaq üçün xloretil spreyi, yaxud buzdan istifadə olunur. Buz həm də ağrıkəsici təsirə malikdir. Əzik nahiyəsinə sıxıcı sarğı qoyulur və həmin nahiyə hündürdə saxlanılır.

 

Çıxıqlar oynaq kisəsindən sümüklərin oynaq səthinin tam yerdəyişməsidir. Çıxıqlar yıxılma, çiyinin qəfil dönməsi, bağların qopması zamanı rastlanır. Çıxıq zamanı ətraf məcburi vəziyyət alır, oynaq deformasiyaya uğrayır, aktiv və passiv hərəkətlər zamanı məhdudiyyət və ağrı müşahidə olunur. İlk yardım olaraq tam istirahət, fiksasiyaedici sarğı təyin edilir.

 

Yaralar mexaniki təsir nəticəsində orqan və toxumaların tamlığının pozulmasıdır. Yaralar səthi (dəri və selikli qişa zədələnərsə) və dərin olur. Dərin yaralar görünüşünə görə kəsilmiş, deşilmiş, didilmiş və s. ola bilir. Hər bir yara öz növünə görə müəyyən xüsusiyyətlərə malikdir. İlk yardim kimi birinci iş qanaxmani dayandırmaqdır. İkinci vəzifə isə yaraya mikrob düşməsininin qarşısını almaqdır. Bunun üçün yaraya sarğı qoymaq lazımdır. Üçüncü vəzifə isə agrının azalmasıdır. Bundan sonra yara işlənilmə üçün xəstə poliklinika və ya xəstəxanaya göndərilməlidir.

 

Sınıqlar - İdmançılarda əzilmələr, çıxıqlar və yaralanmalara nisbətən sınıqlara az rast gəlinir. Sınıqlar oyun və məşq zamanı kənar təsirlərlər, burxulmalar, yıxılmalar və bir sıra digər hallarda ola bilər. Çox az adam bilir ki, uşaqlarda və böyüklərdə rast gəlinən sınıq növlərindən biri də stress sınıqları və ya yorğunluq sınıqlarıdır. Bu, nə deməkdir? Orqanizm stress və düzgün olmayan yükləmələr zamanı yorulur ki, bu da adi hərəkət zamanı sümüklərin sınmasına gətirib çıxara bilir. Srtess və ya yorğunluq sınıqlarının tam olaraq yaranma səbəbləri aşağıdakılardır:

 

- İdman ayaqqabılarının düzgün seçilməməsi

- İdman meydanlarının örtüyü və yaxud tanış olmayan örtük

- Təkrarlanan yüklənmələr və bərpa prosesinin düzgün aparılmaması

- Zəif əzələ tonusu

- Artıq çəki

- Sümük xəstəlikləri (uşaq oteoporozu)  və ya sümük sərtliyinin azalması

 

Uşaq yaşlarında sümük sınıqlarının 15-30 faizini epifizeoliz (Salter-Harris sınığı) - borulu sümüklərin epifizində qığırdaq böyümə zonasının sınması təşkil edir. Məsələn, biləklərin sınığı.

 

Əzələ-bağ aparatının gərilmələri və problemləri. İdmançılarda, o cümlədən futbolçularda tez-tez rast gəlinən problemlərdən biri də əzələ-bağ aparatının, vətərlərin gərilmələridir. Səbəb nədir? İsinmə hərəkətlərinin düzgün yerinə yetirilməməsi, əzələlərdə olan xroniki yorğunluq, bərpa prosesinin düzgün getməməsi və s. Bundan başqa futbolçuların əzələlərində həmçinin, qıcolmalar, sərtləşmələr, dartınmalar və yırtıqlar da tez-tez müşahidə edilir. Bunların özləri də ağırlıq dərəcəsinə görə bir neçə növə bölünür. Məsələn, dartınmaların 4 dərəcəsi mövcuddur ku, sonuncusu əzələnin qopmasıdır. Əzələ liflərinin dartınması 1-ci, əzələ liflərinin qopması 2-ci, əzələ liflərinin natamam qopması 3-cü, tam qopması ilə 4-cü dərəcə hesab olunur. Sonuncu dərəcədə əzələnin bərpası üçün cərrahi müdaxiləyə ehtiyac yaranır.

 

Əzələlərdə sərtləşmələr xroniki yorğunluğun nəticəsində yaranır. Reabilitasiyası 10 günə kimi çəkə bilər. Düzgün müalicə olunmadıqda əzələlərdə yırtıq yaranmasına səbəb ola bilir. Ümumiyyətlə, futbolçularda aşağı ətrafın əzəzələrinin zədələnmələri daha çox müşahidə olunur. Bura budun ön və arxa qrup əzələləri, dördbaşlı əzələnin, baldır əzələləri daxildir.

 

Bundan başqa futbolçularda vətərlərin dartınmaları da müşahidə olunur ki, tibbdə bu hala tendonitlər deyilir. Vətər nədir? Əzələnin özü birbaşa sümüyə birləşmir. Sümüklə əzələ arasında birləşdirici rolunu məhz vətərlər görür. Futbolda vətər zədələnmələrinə də tez-tez rast gəlirik. Onlardan ən geniş yayılanlarından biri Axil vətərinin zədələnməsidir. Axil vətəri baldır əzələsinin daban sümüyünə birləşən hissəsində yerləşir və zədələnmədən yana qopmalar da tez-tez müşahidə olunur.

 

Futbolda zədələnmə mexanizmləri və statistika. Müxtəlif ampluadan olan futbolçular (qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücümçu) və müxtəlif zədələnmə mexanizmləri (qaçış, yıxılma, qapıya zərbə, top qəbuletmə, blok) üzrə aparılan araşdırmalar zamanı daha çox (38 faiz) futbolçuların bir-biriləri ilə toqquşması zamanı zədələnmələri məlum olub. Qapıçılar kontakt zamanı 50 faiz halda zədələnir. Müdafiəçilərdə faiz göstəricisi 42-dir. Yarımmüdafiəçilər və hücumçular əsasən qaçış, topa zərbə vurma və yıxılma anında zədələnirlər. Rəsmi oyunlarda zədələnmə faizi 64, məşq zamanı isə 51-dir.

 

Bəs, travmasız idman mümkündür? Son illərdə aparılan araşdırmalar göstərir ki, idman zədələnmələri müəyyən dərəcəyə qədər idarə olunandır. Yəni, əgər bəzi profilaktik tədbirlər aparılarsa, zədələnmələri - xüsusilə də ağır və orta ağır zədələnmələri minimuma endirmək mümkündür.

 

Futbolda zədələnmələrin qarşısını almaq üçün bir sıra tədbirlər məcmusu mövcuddur. Bura məşq proseslərinin korreksiya olunması, dartınma və qızınma hərəkətləri, meydan örtüyünün keyfiyyəti, idman ayaqqabısının seçimi, mikrosiklların rasional mərhələli ardıcıllığı, yüklənmələrin mərhələləri və qismi yüklənmə məsələləri, profilaktik sarğılar, optimal geyim, hətta futbol topunun sıxlığının və materialının düzgün seçilməsi prosedurları aiddir. Bundan başqa mövsüm öncəsi tibbi müayinə və mövsümə hazırlıq, təlim-məşq toplanışları və fiziki testlərin gotürülməsi kimi tədbirlər futbolçularda il ərzində travmaların qarşısını almağa yardım edir.

 

 

Natiq SÜLEYMANOV, U-19 yığma komandasının həkimi

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti