Türkiyəli məşqçi Guray Bulakın Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Balkan menecerləri mafyası tərəfindən Azərbaycan millisinə cəlb edildiyi barədə verdiyi açıqlamanı təqdim etmişdik.
Kifayət qədər ciddi ittiham ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Qurum rəsmisi Sportarena.az saytına açıqlamasında Bulakın sözlərinə münasibət bildirmək istəməsə də, Prosineçkinin federasiya tərəfindən seçildiyini söylədi:
"Həmin məşqçinin açıqlamasına münasibət bildirmək istəmirik. Robert Prosineçki AFFA tərəfindən bir neçə məşqçi arasından seçilib. Onun proqramı bizim tərəfimizdən bəyənildiyinə görə bu vəzifəyə təyin edilib. Prosineçkinin gördüyü işlər də göz qabağındadı. Söylənilənlər tamamilə əsassızdır".
Heybət Məmmədov