Son zamanlar azərbaycanlı futbolçular Avropanın səviyyəli çempionatlarında oynamağa başlayıb. Onların sayı az olsa da, çıxış etdiyi ölkələrdə futbolun durumu bizim üçün ürəkaçan səviyyədədi. Yəqin ki, misal çəkməyə elə də ehtiyac yoxdur.
Qış transfer pəncərəsi zamanı onların sırasına daha biri əlavə olundu. Amit Quluzadə "Sumqayıt"ı Yunanıstan Superliqasında çıxış edən AEL Larissaya dəyişdi. Bu ölkənin çempionatının səviyyəsi və orda çıxış edən klubların adları, eyni zamanda avrokuboklarda göstərdiyi nəticələr hər kəsə bəllidi. Amitin ehtiyatdan olsa belə meydana çıxdığını, özünü göstərmək üçün şans qazandığını nəzərə alsaq, bu keçidi indiki dövr üçün uğurlu adlandırmaq olar. 24 yaşlı yarımmüdafiəçi 3 oyundan ikisində fasilədən dərhal sonra meydana daxil olubsa, bazar ertəsi baş tutan "Levadyakos"la matçda (2:1) 37 dəqiqə oynamaq imkanı olub.
Quluzadə özünü daha yaxşı tərəfdən göstərmək, daha çox şans qazanıb güclü klublara keçmək niyyətindədir. Bunu onunla söhbətində öyrəndik. Qərara gəldik ki, Sportarena.az saytı olaraq "Ərciyəsspor" (Türkiyə) və "Atletiko"dan (Portuqaliya) sonra üçüncü dəfə legioner həyatı yaşayan Amitlə söhbətləşək.
- Amit, Yunanıstanda işlərin necə gedir? Uyğunlaşmaq sarıdan problem yaşamırsan ki?
- Uyğunlaşmaq baxımından heç bir problem yaşamıram. Müəyyən qədər təcrübəm var. Adaptasiya prosesini rahat keçdim.
- Yəqin əvvəllər ölkə xaricində oynamağının sənə yardımçı oldu..
- Əlbəttə. Əvvəllər 2 dəfə legioner həyatı yaşamışam. Həmin vaxtlarda çox şey öyrənmişəm. Artıq nə zaman nə edəcəyimi, necə davranacağımı yaxşı bilirəm. Bu səbəbdən uyğunlaşmaq sarıdan problemim olmadı.
- Məşqçinlə münasibətin necədi? Əsas heyətdə oynamasan da, sənə şans verir...
- Mən bura gələndə hazır deyildim. Yunanıstanda qış fasiləsi olmur. Yeni ildə 3-4 gün dincəlirlər. Sonra çempionatları davam edir. Bizdə isə qış fasiləsi idi. Bir ay məşq etməmişdim. Mən bura gələndə bu barədə baş məşqçiyə məlumat verdim. 12-14 məşqdən sonra fiziki formamı bərpa edə bildim. Məşqçi də yavaş-yavaş mənə şans verməyə başladı. O, mənə güvənir və dəstək olur. Hətta deyir ki, bir yox, bir neçə mövqedə oynaya bilərəm. Belə fikirləşir.
- Türkiyə və Porluqaliyanın birinci liqalarında oynamısan. Yəqin Yunanıstan çempionatı onlardan üstündür...
- Bəli, elədir. Bura gələn kimi bunu hiss etməyə başladım. Çempionatdakı komandaların, oyunçuların, eləcə də azarkeşlərin səviyyəsi olduqca yüksəkdi. Bilirəm ki, elə-belə yerə gəlməmişəm.
- Yüksək səviyyəli çempionatda oynamaq sənin üçün də yaxşıdır. Yaşın da imkan verir ki, burada oynamaqla gücünü daha da artırasan...
- Bura gələndən boş dayanmıram. Bu mənim üçün yaxşı fürsətdi. Üzərimdə çox çalışıram. Əlavə məşqlərə qalıram. Elə vaxt olur ki, gündə bir məşqimiz olur. Onda ikinci məşq kimi fitnes kluba gedirəm. Daha da inkişaf etmək, yüksəlmək istəyirəm.
- İndi keçək milli komandaya. Ölkə xaricində çıxış edən elə futbolçular var ki, sənin qədər oynamasalar da, milli komandaya cəlb edilirlər. Bəziləri ümumiyyətlə oynamır. Şans qazanmağını, çıxış etdiyi çempionatı nəzərə alsaq, milli komandadan dəvət gözləyirsən?
- Hər bir futbolçunun arzusudu ki, ölkəsinin milli komandasında oynasın. Hamı kimi mənim üçün də bu şərəf olar. Oynamayan yoldaşlarıma tezliklə şans verilməsini arzulayıram. Millinin baş məşqçisi bildirib ki, mətbuat vasitəsilə milliyə futbolçu çağırmır. İstəmirəm ki, mətbuat vasitəsilə yığmaya dəvət alım. Burada oynayıram. Ehtiyatdan da olsa şans qazanıram. Amma bu elə də asan deyil. Mənim mövqeyimdə 7-8 futbolçu var. Güclü rəqabət gedir. Heyətə düşməyən futbolçular da zəif futbolçular deyil. Hamısının kifayət qədər gücü, təcrübəsi var. Burda olduğum müddətdə nəyəsə nail olmuşam ki, mənə şans verilir. Əlbəttə, millidən dəvət gözləyirəm. Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Dəvət olmasa, üzərimdə çox çalışıb, əlimdən gələni edəcəm ki, növbəti toplanışlarda, oyunlarda dəvət alım.
- Səninlə AFFA-dan, millinin məşqçilər korpusundan maraqlanan olub?
- Xeyr, maraqlanan yoxdur.
- Bəs Yunanıstanda Azərbaycan futboluna münasibət necədi?
- Azərbaycan futbolu ilə bağlı azarkeşlərin, futbol ictimaiyyətinin müsbət fikirləri var. "Qarabağ" və "Qəbələ"nin yerli klublara qarşı oyunları və onları məğlub etməsi yaddaşlardan silinməyib. Onlar deyirlər ki, bizim yaxşı klublarımız var. Futbolumuzu bəyənirlər.
- Yəqin bütün bunlar sənə olan inamı artırır...
- Əlbəttə. Mən də fəxr edirəm ki, klublarımız oyunlarıyla burada özlərindən söz etdiriblər. Mənim üçün başucalığıdı.
Heybət Məmmədov