Qətər - Azərbaycan oyunu yayımlanacaq? - AFFA-dan AÇIQLAMA

17:48 6 Mart 2017

Xəbər verdiyimiz kimi futbol üzrə milli komandamız martın 9-da Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu, 2017-ci ildə yığmanın ilk oyunu olacaqq.

 

Qətərlə matç yoxlama xarakteri daşısa da, əhəmiyyəti böyükdür. Belə ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da baş tutacaq Almaniya ilə oyun öncəsi komandanın bir araya gəlməsi və baş məşqçi Robert Prosineçkinin futbolçuların son vəziyyətlərini öyrənməsi baxımından böyük önəm kəsb edir. Eyni zamanda, milli komandaya cəlb edilən "Qarabağ"ın futbolçusu Riçard Almeydanın debüt edib-etməyəcəyi maraq doğurur. Bütün bunları görmək üçün isə sözügedən qarşılaşmanın Azərbaycanda yayımlanması lazımdır. Bu matçı televiziya vasitəsilə izləyə biləcəyikmi?

 

Sualımızı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğluna ünvanladıq. Qurum rəsmisi Sportarena.az saytına açıqlamasında bildirdi ki, Qətər - Azərbaycan matçının televiziya yayımı mümkün olmayacaq. O, bunun səbəblərini belə izah elədi:

 

 

"Oyunun Azərbaycanda yayımlanması mümkün olmayacaq. Çünki Qətərdə heç bir kanal bu matçın çəkilişində və yayımında maraqlı deyil".

 


Mikayıl bəy AFFA-nın internet vasitəsilə oyunun yayımlanma ehtimalın belə aydınlıq gətirdi:

 

"Bu, stadiondakı internetdən və şəraitdən asılı olacaq. Bizə görə heç bir problem yoxdur. İmkan olarsa, oyunu yayımlaya bilərik. Amma bu çətin məsələdi. Çünki qarşı tərəfdən bu barədə məlumat almışıq. Onlar yayımın olmayacağını və internetə görə məsuliyət daşımadıqlarını bildiriblər. Biz özümüz də çaşqınlıq içindəyik".

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti