AFFA-nın baş katibi Elxan Məmmədovun Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşdüyünü xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, görüşdə AFFA ilə Xorvatiya Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi seçki platformasını Şukerə təqdim edib. AFFA-nın baş katibi görüşdən sonra Xorvatiya mətbuatına açıqlama verib:
"Xorvatiyaya gəlib, dostum Davorla yenidən görüşmək əla hissdi. Bu, mənim Xorvatiya Futbol Federasiyasının yeni binasına ilk səfərimdi. Deməliyəm ki, federasiyanın qərargahında çox təsirləndim. Bura çox gözəldi. Davorla iki assosiasiya arasındakı gələcək əməkdaşlıq barəsində danışıq apardıq. İndiyə qədər də bizimlə Xorvatiya Futbol Federasiyası arasında yaxşı işbirliyi olub. Bu münasibətdə aparıcı şəxslərdən biri Robert Prosineçkidi. Biz onun işindən və imza atdığı nəticədən çox razıyıq. Davorla söhbətdə mənim UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim də müzakirə olundu. Bundan əlavə, gənc futbolçuların inkişafı ilə bağlı danışığa daha çox vaxt ayırdıq. Bu barədə xorvatlardan, xüsusilə gənclər yığmalarından çox şey öyrənmək olar”.
Şuker isə görüşlə bağlı bunları deyib:
“Elxan Məmmədov futbolu sevən insandı. O, daim işləyir və 24 saat futbolla yaşayır. Azərbaycan futbolunun hörmətli rəhbərlərindən biridi. Düşünürəm ki, UEFA-nın İcraiyyə Komitəsində məhz bu cür peşəkar insanlar yer almalıdı”.