Birinci divizion təmsilçisi “Turan Tovuz”un futbolçuları zəhərlənib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Tovuz təmsilçisi rəsmi feysbuk səhifəsində paylaşıb. Belə ki, dünən gecə əsas komandanın bəzi üzvləri qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olunub. Müalicələri sona çatan futbolçular evə buraxılıb. Hazırda bir neçə oyunçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.
Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan, həm PFL, həm də "Səbail" klubundan matçın vaxtının 2 gün sonraya, yəni martın 11-nə dəyişdirilməsi xahiş edilib. Lakin oyunun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanması nəzərdə tutulduğundan, matçın başqa vaxta keçirilməsinin mümkünsüz olduğu bildirilib.