Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışın üçüncü günündə 90 kq çəki dərəcəsində mübarizə aparan idmançılar mübarizəyə qoşulublar.
Sportarena.az xəbər verir ki, təmsilçimiz Əbülhəqq Rəsullu mübarizə aparmadan 1/4 finala vəsiqə qazanıb. İlk baxışdan burada qeyri-adi nəsə görünməyə bilər. Lakin məsələni aydınlaşdıranda biabırçı vəziyyətə şahidlik edirik. Belə ki, Serbiyanın 90 kq çəki dərəcəsində mübarizə apardığı idmançısı Nemanya Maydov bu mərhələdə Əbdülhəqq Rəsullu iləmübarizə aparmalı idi. Lakin serb cüdoçu yarışa qatıla bilmir. Buna səbəb idmançının viza probleminin olmasıdır. Maydov 48 saatdır ki, Bakıda hava limanındadı. İdmançı bu səbəbdən “Böyük dəbilqə” turnirində bu gün Əbdülhəqq Rəsullu ilə 1/8 final mərhələsində keçirəcəyi görüşdə iştirak edə bilməyib.
Bu barədə şəxsi “twitter” hesabında məlumat verən Maydov Azərbaycan Cüdo Federasiyasını ittiham edib və viza ilə bağlı məslədə səhvə yol verildiyini söyləyib.
“Bakıda hava limanında 48 saat su və yemək verilmədən qaldım. Mən polis olmadan hərəkət edə bilmirəm. Federasiyanın məsuliyyətsizliyi ücbatından turnirdə iştirak edə bilmirəm. Hazırda yarışın nəticələrini izləyirəm. “Böyük dəbilqə” mənsiz keçəcək”.
Serbiya mətbuatı da (sport.blic.rs) biabırçı məsələyə yer ayırıb. İdmançı martın 11-dən hava limanında olduğunu və 48 saat ac-susuz qaldığını qeyd edib. Onun hazırda Bakıda olduğu və ya artıq vətəninə yollandığı isə bilinmir.
Nemanya Maydov 2013-cü ildə Malaqada, 2016-cı ildə Buxarestdə Avropa çempionu olub. 21 yaşlı cüdoçu həmçinin 2016-cı ildə Abu Dabidə keçirilən “Grand Slam” turnirinin bürünc mükafatçısı olub.