“Qalatasaray”ın baş məşqçisi İqor Tüdor qalmaqalla diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, o, futbolçusu Luis Kavandayla qalmaqal yaşayıb. “Gənclərbirliyi” ilə matçdan öncə belçikalı oyunçu məşqlərdə özünü yaxşı tərəfdən göstərmədiyi üçün Tüdor tərəfindən əsas heyətdən kənarlaşdırılıb.
Ancaq Kavanda məşqçinin bu qərarına əhəmiyyət verməyərək komandanı “Türk Telekom Arena”ya aparan avtobusa minib. İqor Tüdor Kavandadan avtobusdan düşməyi tələb etsə də, müdafiəçi məşqçinin sözlərinə əhəmiyyət verməyib. Bu intizamsızlığına görə Tüdor Kavandanı əsas heyətdən birdəfəlik qovub. Sağ cinah müdafiəçisi ilə mövsümün sonundan yollar ayrılacaq.
Qeyd edək ki, mövsümün əvvəlində 1,8 milyon avro qarşılığında “Trabzonspor”dan transfer edilən Kavanda cari mövsümdə cəmi 5 Super Liqa, 6 kubok oyununda şans qazanıb.