DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Almaniya oyununu yayımlayacaq Almaniya telekanalında ekspert kimi çıxış edəcək Berti Foqts maraqlı açıqlamalar verib.
Sportarena.az xəbər verir ki, "Bild" nəşrinə danışan millimizin sabiq baş məşqçisi almanların qələbə qazanmaq üçün erkən qol vurmalı olduqlarını deyib:
“Bu, kubok oyununa bərabərdi. Almaniya qalib gəlmək üçün Azərbaycanı səhv etməyə məcbur etməlidi. Erkən qol vacibdi. Oyunda hesab açılmayanda azərbaycanlı futbolçular özlərinə çox güvənirlər. Bir daha deyirəm, erkən qol vacib amildi.
Azərbaycan millisində çıxış edən 5-6 futbolçu Premyer Liqa və Bundesliqa səviyyəsində oynaya bilər. Amma onların ölkələrində məvacibləri çox yaxşıdı. Buna görə də, xaricə üz tutmurlar.
Mən Azərbaycan millisində olanda İtaliyaya qarşı çox yaxşı oynamışdıq. Uduzsaq belə, yaxşı təsir bağışlamışdıq. O məğlubiyyətə görə AFFA futbolçulara mükafat ödəmək istəyirdi. Təsəvvür edirsiz? Məğlubiyyətə görə mükafat! Mən mükafatın dayandırılmasını tələb edirdim. Belə şeylərə əsəbiləşirdim”.