DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah yığmamızın qonağı olacaq Almaniyanın yarımmüdafiəçisi Yulian Drakslerin zədəsi sağalıb.
Sportarena.az xəbər verir ki, PSJ-nin futbolçusu meydana çıxmağa hazırdı. Almaniya mətbuatının yazdığına görə zədə ucbatından martın 22-də İngiltərə ilə keçirilən yoldaşlıq görüşünü (1:0) buraxan ulduz futbolçu Bundestimin dünənki məşqində iştirak edib. Baş məşqçi Yoahim Lövün Bakıya gətirdiyi 24 yaşlı oyunçu sabah meydana çıxa bilər.
Drakslerdən fərqli, digər yarımmüdafiəçi Məsut Özil və hücumçu Mario Qomesin durumu hələ də qeyri-müəyyəndi. Onlarla bağlı yekun qərar bugünkü məşqdən sonra veriləcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Almaniya matçının start fiti saat 20:00-da səsləndiriləcək.