DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanı qəbul edəcək millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Prosineçki öncə oyunla bağlı fikirlərini bildirib:
- Güclü komandaya qarşı oynayacağıq. 1 həftədi ki, bir yerdəyik. Hazırlıqdan, məşq prosesindən razı qaldım. Lazım olan məlumatları futbolçularıma çatdırdım. Əlimizdən gələni edəcəyik. Komanda sabahkı matça hazırdı.
- Sabahkı oyunun start heyətini müəyyənləşdirmisizmi?
- Mən bu sualı sonda gözləyirdim. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq.
- Düşünmürsüz ki, sabahkı oyunda əks-hücumlardan istifadə edib, rəqibi cəzalandırmaq olar?
- Sözsüz ki, biz almanların İngiltərə ilə oyununu izləmişik. Bundestimin futbolçularının hansı klublarda çıxış etdiklərini hamınız bilirsiniz. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında çıxış edirlər. Rəşadın dediyi kimi, rəqib hər komponentdə güclüdü, Komandama tapşırıqlarımı vermişəm. Əsas odu ki, onlar çıxıb, öz oyunlarını göstərsinlər. Biz rəqibi təhlil etmişik və çıxış yolunu tapmışıq. Rəqibimiz dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir.
- Komandanın ümumi fiziki durumu necədi? Bir də futbolçularımızın özünü yaxşı tərəfdən göstərməsi üçün nə lazımdı?
- Mən uşaqların fiziki durumundan həmişə razı qalmışam. Onlar bütün bacarıqlarını hər dəfə göstəriblər. Mən də futbolçu olmuşam. Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz. Stadion azarkeşlərlə dolu olacaq.
- Bizim ən böyük problemlərimizdən biri “ikinci mərtəbə”də zəif oynamağımızdı. Sabahkı matçda bununla bağlı nəsə fikirləşmisizmi?
- Almaniya yığması təkcə hava ötürmələri ilə yox, bütün komponentləri ilə güclüdü. Buna baxmayaraq, futbolçularımın sabah əlindən gələni edəcəyinə əminəm.
- Heyətdə görmək istədiyiniz, lakin cəlb edə bilmədiyiniz futbolçu varmı? Ruslan Abışov və Namiq Ələsgərov nümunəsini misal göstərmək olar...
- Sizin suallarınıza həmişə açıq cavab verirəm. Bəli, belə problemlərimiz var. Namiq Ələsgərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi. Maksim Medvedevin fiziki durumu onun oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o da zədəsi ilə əlaqədar olaraq, Almaniya ilə görüşü buraxacaq.
- Bu suala keçmiş futbolçu kimi cavab verməyinizi istərdik. Kamran Ağayevin Portuqaliyada problemi nədən ibarətdi?
- Bizimlə müqayisədə almanlarda belə problem yoxdu. Səlahəti çağırmaq istəyirdim, amma zədə aldı. Anar “Zirə”də çox oynamır. Kamran təcrübəli qapıçısı, uzun illərdi ki, millidə oynayır. Təcrübə baxımından digərlərini üstələyir. O ki qaldı oynamamağına, bunu özündən soruşsanız, yaxşıdı. Futbolçu həmişə məşqçini günahkar bilir. Amma yenə deyirəm ki, Kamran yaxşı qapıçıdı. Bunu seçmə mərhələnin əvvəlki oyunlarında da sübut edib.