Rəşad Sadıqov: "Rəqibin ustalığı öz sözünü dedi" - MÜSAHİBƏ

00:48 27 Mart 2017

DÇ-2018-in seçmə mərhələsininin V turunda öz meydanında Almaniya yığmasını qəbul edən millimiz məğlubiyyətlə üzləşib – 1:4.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra komandamızın kapitanı Rəşad Sadıqov oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb:

 

- Rəşad, nəyə sevinirsən, nəyə üzülürsən?

- Ona sevinirəm ki, uşaqlar bu gün rəqibdən çəkinmədilər. Düzdü, ilk 10 dəqiqədən həyəcan var idi, amma sonradan çalışırdıq futbol oynayaq, oyunu çirkinləşdirməyək. Ümumilikdə, oyun pis keçmədi.  Bəlkə də hücum baxımından yaxşı oyunlarımızdan birini oynadıq. O ki qaldı buraxdığımız qolllara və nəticəyə: sırf rəqibin ustalığı öz sözünü dedi. Rəqib səhvlərimizdən çox yaxşı istifadə elədi. Bunu bilirdik, amma qarşısını ala bilmədik.   

 

- Buraxdığımız ikinci qoldan hansı hissləri keçirdiyin çox maraqlıdır...

- Çox təəssüf hiss idi. Çünki ilk hissə bərəbərliklə bitsəydi, rəqibin düşərgəsində bir qədər gərginlik hiss olunacaqdı. Bizim qolumuzdan sonra əsəbləşdilər, biri-digərinin üstünə qışqırdı.Bu, bizim üçün sevindirici hal idi. İlk hissədə 1 qol fərqi ilə də geridə olsaydıq, ikinci hissədə nəyəsə ümid edə bilərdik. Amma üçüncü qol bütün şanslarımızın üzərindən xətt çəkdi.

 

- Ənənəvi künc zərbəsindən sonra yenə qapıya zərbə vurdun. Həmin epizodda topun rəqib müdafiəçinin əlinə dəydiyi hiss olunurdu...

- Yox, top rəqibin sinəsinə dəymişdi.

 

- Azarkeş dəstəyi ilə bağlı nə deyə bilərsən?

- Azarkeşlərimiz qələbəyə layiq idilər. Çöx üzücüdür ki, onları sevindirə bilmədik. Düşünürəm ki, azarkeşlər meydanda əlimizdən gələni etdiyimizi görürdülər. Sadəcə, rəqibin ustalığı bundan artığına imkan vermirdi.

 

- Renat Dadaşovun meydanda olacağını gözləsək də, adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Kapitan kimi bu məsələyə münasibətin necədir?

- Renat gənc futbolçudur. Məşqçimiz hansı futbolçunun meydana çıxacağını daha yaxşı bilir. Yəni, bu qərarı məşqçi verib və özü daha yaxşı cavab verə bilər.

 

- Komandamızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?

- Əgər belə davam etsək, bir qədər oyunumuzu yüksəltsək və səhvlərimizi azaltsaq nəyəsə ümid bəsləyə bilərik. Hamıya bəllidi ki, bizim üçün əsas Şimali İrlandiya ilə oyundur. Həmin oyun bizim üçün finala bərabər olacaq. Uşaqlar,məşqçimiz qrupdan çıxacağımıza inanırıq. Daha ürəklə oynamalıyıq ki, nəyəsə ümid bəsləyə bilək.

 

- Oyundan qabaq 4 qol buraxacağınızı gözləyirdin?

- Almaniya ilə oyunda hər şey gözləmək olar. Almaniya Braziliyanın qapısında 7 qol vuran komandadır. Hər şey ola bilər, hesab kiçik də, böyük də ola bilərdi. Almaniya yeganə komandalardan biridir ki, kollektiv futbol oynayır. Bu tip komandalara qarşı oynamaq olduqa çətindir və belə oyunlara proqnoz vermək asan məsələ deyil.

 

- Prosineçki futbolçulara nə dedi?

- Prosineçki dedi ki, yaxşı oynadız. Amma ilk hissədən sonra çox əsəbi idi. Bu da uşaq səhvlərimizi etməyimizlə bağlı idi.

 

- Yəqin ki, ən çox danışılan Əfranın zəif oyunu idi...

- Əfran əla, ideal ötürmə verdi və üstündən iki dəqiqə sonra səhv etdi. Biz də o səhvin qarşısını ala bilərdik, amma sığortalaya bilmədik. Tək Əfranın səhvi oldu, deyə bilmərik.


Digər xəbərlər

Xəbər xətti