AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, o, komandaya sərgilədiyi futbola görə təşəkkür edib.
- Oyun haqqında fikirlərinizi bölüşün...
- Azərkeşlərə minnətdarıq. Komandaya çox dəstək oldular. Abu-hava da çox gözəl idi. Stadionun tutumu ilə əlaqədar olaraq bir çox tərəfdarlarımız kənarda qalmışdı. Hətta bileti olan və kənarda qalanlar da var idi. Biz bununla bağlı müəyyən tədbirlər görəcəyik. Ancaq dəfələrlə xəbərdarlıq etmişik ki, oyuna vaxtından erkən gəlmək lazımdı. Oyuna gəlincə isə düşünürəm ki, dünya çempionlarına qarşı cəsarətli oynadıq. Hücum futbolu izlədik. Qol sevinci də yaşaya bildik ki, bunlar müsbət amillərdi. Komandaya da təşəkkür etdim.
- Berti Foqtsla görüşdə nə danışdız?
- Komandamızı izlədiyini dedi. Vurğuladı ki, millimizdə inkişaf var, hücum futbolu oynayır. Bəzi tanımadığı futbolçular haqqında söhbət elədik.
- Sizcə, belə oyun qrupda ikinci olmaq üçün bəs edərmi?
- Təbii ki, uduzmaq yaxşı hal deyil, ancaq biz dünya çempionlarına qarşı oynayırdıq. Üstəlik onlara ilk qolu biz vurduq. Düşünürəm ki, 0:3-dənsə, 1:4 daha yaxşı hesabdı. Qol vurmaq futbolçularda əlavə inam yaradır. Hələ hər şey qabaqdadı.
- Necə düşünürsüz, Şimali İrlandiya ilə oyun həlledici olacaq, ya mübarizə sona kimi gedəcək?
- Xeyr, məncə Norveç və Çexiyaya qarşı oyunlar əsas olacaq.
- Almaniya mətbuatında Renat Daşaovla bağlı xəbər çıxmışdı. Buna münasibətiniz necədi?
- Əslində, bu xəbəri mənə ötən ilin dekabrında yollamışdılar. Arxivə baxsanız, görərsiniz. Gülməli xəbərdi. Bugünlərdə bizim hesabatımız oldu, siz orda mənzil xərcləri görmüsüz? Xeyr. Deyəsən alman mətbuatı unudub ki, Renat Dadaşov bizim U-16 millimizdə oynayıb. Məncə, Renat Azərbaycanı 3 amilə görə seçdi. Valideynlərinin milliyətinə, qardaşının bu komandada oynamasına və 18 yaşında birbaşa əsas milliyə dəvət aldığına görə.
- Almaniyaya qol vurduğuna görə komandaya mükafat veriləcəkmi?
- Xeyr.