Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb.
Sportarena.az xəbər verir ki, Ağayevin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib. DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən qolkiper 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb. 4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.
Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.