AFFA bəyanat yaydı - Bilet qalmaqalına görə

17:37 28 Mart 2017

AFFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya oyunu zamanı yaşanan bilet qalmaqalı ilə bağlı bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, qurumun "Facebook"dakı rəsmi səhifəsində yayımlanan bəyanatda bunlar qeyd olunub:

 

"Milli komandamızı dəstəkləyən bütün azarkeşlərə bir daha dərin təşəkkürümüzü bildirir və məlumat üçün qeyd edirik ki, onlayn bilet satışına 10 yanvar və bilet satış məntəqələrində satışa 1 fevral tarixindən start verilmişdi. Azarkeşlərin rahatlığı üçün şəhərin müxtəlif yerlərində bilet satış məntəqələri fəaliyyət göstərirdi. Azarkeşləri biletləri tez almağa stimullaşdırmaq üçün mütəmadi olaraq rəsmi sayt və facebook səhifəsi vasitəsilə bilet satış məntəqələri və biletlərin satışı haqda məlumat verilirdi. Oyuna bir gün qalmış bütün biletlərin satıldığı elan olunmasına baxmayaraq oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında çoxsaylı biletsiz azarkeşlər var idi. Həmin azarkeşlər isə bileti olanların stadiona sərbəst və rahat girişinə maneçilik törədirdi. Ancaq buna baxmayaraq bileti olan bir qrup azarkeşin stadiona girişində gecikmələr olsa da, kiminsə bayırda qalması faktı qeydə alınmayıb.

 

Azarkeşlərin stadiona tez gəlməsi və stadionda vaxtlarını səmərəli keçirmələri üçün azarkeş zonaları təşkil edilir. Həmçinin azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün oyun biletində stadiona 2 saat öncədən gəlmələri barədə məlumat göstərilib. Gələcəkdə bu cür neqativ hallarla rastlaşmamaq üçün oyun biletinin üzərində də qeyd edildiyi kimi oyuna 2 saat qalmış stadiona gəlməyinizi və yalnız biletinizdə qeyd edilən yerlərdə əyləşməyinizi xahiş edirik".

 

Qeyd edək ki, Azərbaycan - Almaniya matçından (1:4) sonra mətbuatda bileti olan bir sıra azarkeşlərin stadiona daxil ola bilmədiyi barədə xəbərlər yayılıb.


Digər xəbərlər

Xəbər xətti