"Topu düzgün saxlaya bilmirdik" - Millimizin baş məşqçisi - AÇIQLAMA

22:50 29 Mart 2017

Bu gün futzal üzrə milli komandamız Bakıda keçirilən yoldaşlıq oyununda Moldova yığmasını böyük hesabla (6:1) məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçiləri qarşılaşmayla bağlı fikirlərini bildiriblər:

 

Biro Jade (Azərbaycan milli komandasının baş məşqçisi): “İlk 5 dəqiqə ağır keçdi, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsidi. Oyuna qədər gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər. Bu da təbii haldı.

Standart vəziyyətləri realizə edə bilməməyimiz məni narahat etdi. Bəzi epizodlar zamanı gecikirdik, topu düzgün saxlaya bilmirdik. Halbuki bunun üzərində işləmişdik. Amma meydanda dinamik, hərəkətli olmağımız xoşuma gəldi. Bunun sayəsində sürətli hücumlar qurduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik.

Növbəti oyunda müəyyən dəyişikliklər edəcəyik. Artıq hər şeyi özümüz üçün dəqiqləşdirməliyik. Rəsmi oyunlara az vaxt qalıb”.

 

Vladimir Vusati (Moldova milli komandasının baş məşqçisi): “Rəqibin güclü olduğunu bilirdik. Onlara qarşı birəbir mübarizələr hər zaman çətin olur. Oyunun əvvəlində müqavimət göstərməyə çalışsaq da, sonradan fərdi mübarizələri uduzduq və qollar buraxdıq. Bu da rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futzalçıların çoxluq təşkil etməsini göstərir. Komandama gəldikdə, çox pis təsir bağışladığımızı da deyə bilmərəm. Bəli, hesab arasındakı fərq böyük oldu. Amma meydana tam heyətlə çıxmadığımızı da qeyd edim. Dörd əsas oyunçumuzu Bakıya gətirə bilməmişik.

Sonda bizi Bakıya dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirik. Yığmanızla 4 il əvvəl də qarşılaşmışdıq. Onda da oyun 6:1 hesabı ilə başa çatmışdı və milli komandanız qələbə qazanmışdı”.  


Digər xəbərlər

Xəbər xətti